Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Mən Firidun İbrahimi adını, soyadını daşıyıram Şərəfli irs

Mən Firidun İbrahimi adını, soyadını daşıyıram Şərəfli irs

Mən, əmim Firidun İbrahiminin adını, soyadını daşıyıram. Bu ismi mənə atam - haqq, ədalət uğrunda mübariz, Ənuşirəvan Qəni oğlu verib. Gözümü dünyaya açandan evimizdə zəngin kitabxana, qalaq-qalaq qəzetlər, jurnallar görmüşəm. Atam ağlım kəsəndən babamdan - Qəni kişidən də danışıb, amma əmim barədə söhbətləri bitib - tükənməyib. Onda bilmişəm ki, xalqımızın şərəf salnaməsini yaradanlar sırasında olan bir nəslə mənsubam.

Hüquqşünas peşəsini seçməyimin səbəbi də ilk növbədə valideynlərim olub. Onlar mənə Firidun İbrahiminin nəzərləri ilə baxıblar. Sonralar ədəbiyyatdan, filmlərdən bu sahənin peşəkar, mərd, yenilməz obrazları ilə tanış olanda gələcəyimi hüquqşünaslıqla bağlamağı qətiləşdirmişəm. Bakı Dövlət Universitetini bitirib Azərbaycanın prokurorluq orqanlarında çalışdığım 37 ilin hər günündə elə sanmışam ki, Firidun və Ənuşirəvan İbrahimilər başımın üzərində dayanıb nəzarət edirlər. Onlara hər gün vicdani hesabatımı vermişəm. Ötən müddətdə nə vaxtsa rəhbərlik tərəfindən tənbeh olunma, cəzalandırma halları ilə üzləşməmişəm. Dəfələrlə Baş Prokurorluğun tərifnamələri, qiymətli hədiyyələri ilə mükafatlandırılmışam. Bu sistemdə ən nüfuzlu hesab edilən Azərbaycan Respublikası prokurorluğu orqanlarının fəxri əməkdaşı adına və döş nişanına layiq görülmüşəm. Hazırda təqaüdə çıxdığım bir vaxtda daxilən təsəlli tapıram ki, mən onların ruhu qarşısında borclu qalmamışam.

Bunlar öz yerində. Yazıdan məqsədim heç də kiməsə hesabat vermək deyil. Sadəcə Firidun İbrahimi barədə məxəzlərə, fikirlərə, sitatlara istinadən hər bir azərbaycanlının, hüquqşünasın ondan niyə nümunə götürəcəyinə qısaca aydınlıq gətirmək istəyirəm.

 Azərbaycan Milli Höküməti cəmi bir il ömür sürüb. Amma onun bütün şərq xalqlarına hər sahədə nümunə ola biləcək qanunlar toplusu məzmununa, dolğunluğuna görə, ən əsası cəmiyyətdə yaşından, vəzifəsindən, milliyətindən asılı olmayaraq hər bir şəxsin hüquq və demokratik azadlıqlarını əsas götürməsi ilə yaddaşlarda qalıb. Həmin qanunlar insan mənafeyinə, şərəf və layaqətinin qorunmasına, rifah halının yaxşılaşdırılmasına, iş və ictimai faydalı zəhmətin təminatına, Vətənin iqtisadi tərəqqisinə yönələn hər cür xüsusi mülkiyyət hüququnun müdafiəsinə istiqamətlənmişdi.

Milli Hökümətin cild-cild hüquqi bazası həm də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında çalışanların, xüsusilə hüquqşünasların bunları hasilə gətirmək üçün necə həvəslə, gərgin işlədiklərini, bütün bilik və bacarıqlarını yeni cəmiyyətin inkişafına, möhkəmləndirilməsinə sərf etdiklərini göstərməkdədir. F. İbrahimi “Azərbaycan” qəzetində yazırdı ki, biz hamımız Azərbaycan Milli Hökumətinin yeni dövrdə bizim üçün yaratmış olduğu yeni ictimai, iqtisadi, siyasi şəraitdən ləyaqətlə istifadə edib, öz bacarığımızı nişan verməliyik. Bundan sonra qanunu pozan və xalqın hüququna təcavüz edən hər bir şəxs ən ağır və rəhimsiz surətdə cəzalanacaqdır...

F. İbrahimi özü zindanda olarkən yüzlərlə günahsız insanın amansızcasına cəzalandırıldığını görmüşdü. Özünü müdafiə edən məhbusların 100 nəfərindən çoxunun dörd il ərzində məhkəmə qərarı olmadan həbsdə qaldığını müşahidə etmişdi. Milli Hökumətin Baş Prokuroru təyin edilən kimi onların hamısı azadlığa çıxdı. Beləliklə də bütün yağlı vədləri rədd edərək qanunun və şəxsiyyətinin aliliyini əyani surətdə göstərmişdi.

O vaxt əksəriyyətin gümanına belə gəlməzdi ki, dördüncü ostanın başçısı, Urmiyədəki qoşun hissəsinin komandiri, kəsdiyi başlara görə heç vaxt sorğu-suala tutulmayan polkovnik Əhməd Zəngənə barədə kimsə ölüm hökmü çıxarmağa cəsarət edə bilər. Baş prokuror isə caninin xahişinə gələnlərə sərt şəkildə bildirmişdi ki, ağır silahlar, tanklar vasitəsilə qocaları, uşaqları, əliyalın insanları amansızcasına öldürən birisinin həyatda yaşamağa haqqı yoxdur. “Çünki biz xalqın taleyi ilə möhtəkirlik edən alış-verişçilər deyilik, onun azadlığı yolunda mübarizəyə qalxmış sərbazlarıq. Ölüm bizi qorxutmur”.

Bəli, o, Azərbaycan Milli Məclisinin və Milli Hökümətinin xalqın malını, canını, əmniyyətini, azadlığını xalq düşmənlərindən qoruyub saxlamaq haqqındakı ədalətli qanunların həqiqi müdafiəçisi idi.

Firidun İbrahimi,

Go Back

Comment