Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

CƏFƏR MÜCİRİ


CƏFƏR MÜCİRİ

Cəfər Müciri Məmməd Hüseyn oğlu 1914 - cü ildə Təbriz şəhərində xalçaçılıqla məşğul olan sənətkar ailəsində dünyaya göz açmışdır.O, Təbriz şəhərində xalça toxumaq sənətini öyrənmiş, işləyə - işləyə ibtidai və orta məktəbdə oxumuşdur. 1938 - 1939 - cu illərdə Təbrizdə hərbi məktəbə daxil olmuş, məktəbi qurtardıqdan sonra Tehranda topçuluq ixtisası üzr ali zabitlik məktəbində oxumuş, 1941 -ci ildə məktəbi bitirmişdir.1941 - ci ildən 1944 - cü ilə qədər İranın müxtəlif vilayətlərinin şahlıq rejimi qoşun hissələrində topçu zabit kimi xidmıt etmişdir.Bu zaman şahlıq rejiminin geniş xalq kütlələrin mənafelərinə zidd olan siyasətinə, ölkədə ağır iqtisadi vəziyyətə və milli zülmə qarşı güclənən inqilabi mübarizə qoşundan da yan keçməmişdir. Cəfər Müciri də qoşun içərisində gizli surətdə fəaliyyət göstərən "azadixah zabitlər" təşkilatına üzv olmuş, qoşun içərisində geniş xalq kütlələrinin mənafeləri üçün təbliğatçı kimi fəaliyyət göstərmişdir.

Cəfər Müciri 1944 - cü ildə həbs edilmiş və İranın cənubunda pis ab - havası olan Kirman zindanına göndərilmişdir.1945 - ci ilin dekabr ayında Cənubi Azərbaycanda 21 Azər hərəkatının qələbəsi nəticəsində yaranmış Azərbaycan Milli Hökumətinin təsiri altında bütün İranda inqilabi mübarizə güclənmişdir. Kirman zindanında həbsdə olan 20 nəfər inqilabçı zabit zindandan qaçaraq Azərbaycana gəlmişdir.Onların xahişi ilə Azərbaycan Milli Hökuməti onların Qızılbaş Xalq qoşununda xidmət etmələrinə şərait yaratmışdır.Onların hamısı Azərbaycan Demokrat Firqəsinin üzvülüyünü qəbul etmişdir.Cəfər Müciri Azərbaycan Milli Hökumətinin Marağa vilayətində olan xalq qoşunlarında kapitan rütbəsi ilə Baş Hərbi prokuror rütbəsində çalışmışdır.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra bir çoxları kimi 1946 - cı ilin dekabr ayında Sovet Azərbaycanına siyasi mühacir kimi gəlmişdir.

Cəfər Müciri 1947 - 1951 - ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almış, mühacirətdə nəşr olunan "Azərbaycan" qəzetinin əməkdaşı olmuşdur.Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

Cəfər Müciri 1950 - ci ildən başlayaraq Azərbaycan Demokrat Firqəsinin təşkilati işlərində ictimai işlər aparmışdır.O, Azərbaycan Demokrat Firqəsinin MK - nin təbliğat şöbəsinin müdiri, MK - nın təftiş komissiyasının sədri və MK - nın icraiyyə heyətininn üzvü kimi yüksək vəzifələrdə işləməklə qarşısında duran vəzifələri şətəflə yerinə yetirmişdir.

Cəfər Müciri Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" ruznaməsinin uzun müddət redaktoru olmuşdur. O həm ruznamədə, həm də ADF - nin siyasi və nəzəri orqanı olan "Azərbaycan" məcəlləsində nəşr olunmuş yüzlərlə siyasi, elmi məqalələrin, hekayələrin, sənətşünaslıq sahəsi üzrə əsərlərin müəllifi olmuşdur. Eyni zamanda Cəfər Müciri çoxlu siyasi və elmi məruzələr etmişdir.Bir çox kitab və kitabçaların, 1920 -1922 - ci illərdə baş vermiş "Xorasan hərəkatı və Məhəmməd Tağı xan Pesyan - Sutanzadə" adlı böyük monoqrafik əsərin müəllifidir. Eləcə də Azərbaycan fədailərinə həsr edilmiş "Azadlıq yolunun mərd mübarizləri" adlı 3 cildlik kitabın tərtib edilməsində və yazılmasında böyük xidmətləri olmuşdur.

Cəfər Müciri bir xalçaçı sənətkar kimi xalça fabrikinfə işləmiş və " Azərbaycan xalçasının bədii tərtibatı" üzrə dissertasiya yazıb 1965 - ci ildə "XIX - XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı əsərini müdafiə etmiş, sənətşünasllq elmləri namizədi dərəcəsi almışdır.

Cəfər Mücirinin keçirdiyi şərəfli həyat yolu, Azərbaycan xalqının azadlıq mübarizəsi və inkişafı yolunda apardığı təşkilati və ideoloji işləri məsləkdaşkarının qəlbində həmişə yaşayacaqdır.

Azərbaycanın tanınmış fədaisi və Xalq rəsssmı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, pedaqoq

Cəfər Müciri 2001 - ci ildə vəfat etmişdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment