Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

SON SÖZ


SON SÖZ

Axırda Tehran hökuməti öz mahiyyətin zahirə çıxartdı.Biz əvvəldən də ona inanmamışdıq.Biz bilirdik ki, illər boyu İran xalqlarının qanını soran mürtəcelər heç bir zaddan azadlıqdan artıq qorxmurlar.Buna görə də azadlığı boğmaqdan çəkinməyib fürsət gözləməkdədirlər.Biz hər cür fədakarlıq və güzəştlərə hazır olduq.Biz istəyirdik ki, daxili müharibə atəşini qızışdıran mürtəcelərin bəhanəsi kəsilsin, biz istəyirdik sülh şəraitində azadlığı bütün İranda ümumiləşdirək.Lakin mürtəcelər şum fikirlərindən sərf - nəzər etmədilər və axırda Zəncanda vicdansız hərəkətləri gətirməklə öz əllərini bütün dünyaya oxutdular.

İndi bununla da kifayətlənməyib üz verdikcə astar istəyirlər. Teleqraf - teleqraf üstündən yağış kimi yağır.İmperializmin duz - çörəyini itirməyən fitnəkar Qəvam xalqımızı təhdid etməklə Azərbaycana " təminiyyə" qüvvələri göndərməyə can atır, bu təminiyyə qüvvələri yalnız onların irticaçı mənfəətləri nöqteyi - nəzərindən " təminiyyə" sayıla bilər.İndilikdə irticanın əlində bir alət kimi isteemal olub, dövlət başçısı və rəhbəri - küll adlanan Ağaye Qəvamüssəltənə birdəfəlik bilməlidir ki, biz heç kəs ilə taaruf etməyəcəyik.Biz sözlərimizi deyib qurtarmışıq, biz hər cürə güzəşt və barışığa hazır olduq.İndi daha bizi aldatmaq fiktində olanlar öz iştibahlarını düşünməlidirlər.Bizi jandarm, top və tüfənglə qorxutmaqla azadlığımızı əldən verməyəcəyik, tiryəki jandarmaları çoxdan tanıyırıq.Biz irticaçı qoşunların mahiyyətinə bələdik.

Azərbaycan xalqı azadlığı aldığı kimi də hifz edəcək.İndi hamı vətən müdafiəsi uğrunda ayağa qalxmış və son qətrə qanı qalana qədər vətənimizi müdafiə etməyə hazır olmuşlar.

İdarəmizə gələn minlərlə teleqraflar xalqımızın Tehran irticaçı dövlətlərinə qarşı olan nifrətlərini aydıncasına bildirir.

Xalqımız arvadlı - kişili cəbhəyə getməkdən ötrü öz amadəliklərini bildirirlər.Onlar öz teleqraflarında firqəmizin rəhbərindən azadlıq düşmənlərini cəzalandırmaq üçün icazə istəyirlər.Onlar firqəmizin əmrini gözləyib və bu müqəddəs fərmanı icra etmək üçün and içirlər.

Ola bilər ki, mürtəcelər yenə də Azərbaycan xalqını qorxudub hiylə işlətməklə öz çirkin ömürlərinə davam etmək arzusundadırlar.Lakin bu dəfə Azərbaycan xalqı azadlıq düşmənlərinə imkan verməyəcək.

Bu dəfə biz hesabımızı birdəgəlik qurtarıb illər boyu İran xalqlarınln azadlığını qəsb edənlərin hesabın tamamilə təsfiyə edəcəyik.

Qoy xalqın qaniçən qəsbkar hakimə heyəti əllərilə öz qəbrlərini qazsınlar.Bu dəfə tək Azərbaycan millətinin azadlıq məsələsi deyil, bütün İran xalqları hər yerdə millət xainlərin cəzalandıracaqlar.

Biz bir daha son sözümüzü deyirik: biz hamımız ölsək də azadlığımızı əldın verməyəcəyik.

Düşmən bizə hücum edərsə, xalqımız, süngü, top, tüfəng, bel, qazma, çəkic, şenə, kürək, daş, ərsin və yumruqla onların cavabını verəcək.

Tehran hökuməti rəcəz oxumasın, Azərbaycanda parlamış azadlıq məşəli şübhəsiz bütün İranı işıqlandıracaq.Qəti zaval uçurumu qarşısında qərar tutmuş mürtəcelər öz çəkdikləri nəqşlərin icra edilməsindən tamamilə məyus olmalıdırlar.

İndi onlar xalqımızın və bütün İran xalqlarının nifrətlərinin coşan bir zamanında elamiyə və teleqraf əfsunu ilə öz niyyətlərini həyata keçirə bilməyəcəklər.Xalqımız difa etməyə hazırdır. Xalqımız ölməkdən - öldürməkdən qorxmur. Qulaqları kar, gözləri kor olan mürtəcelər birdəfəlik bizi tanısınlar.Azərbaycan xalqı bir dəfə demişdir ki:" Ölmək vardır, dönmək yoxdur!"

(" Azərbaycan" ruznaməsi, 3 şənbə 12 Azər 1325 - ci il, nömrə 75 (394) ikinci dövrə)


Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment