Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

"ŞAİRLƏR MƏCLİSİ" NİN FƏAL ÜZVÜ MÜZƏFFƏR DERƏFŞİ

"ŞAİRLƏR MƏCLİSİ" NİN FƏAL ÜZVÜ

MÜZƏFFƏR DERƏFŞİ

Azərbaycanın görkəmli şairi Müzəffər Derəfşinin keçdiyi ömür yolları çox məşəqqətli və əzablı olmuşdur..Ancaq bu əzablı, enişli - yoxuşlu həyat yollarına onun özünün gözü ilə dönüb baxanda şərəf və iftixar izlərinin şahidi oluruq.Bu şərəf izləridir ki, şairin yaradıcılıq anlamını və onun keçdiyi 89 illik ömür yollarını mənimsəmək olar.

Vətənin taleyini öz ömür - günündə və dil açan sətirlərində yaşayan Azərbaycan xalqının mübariz, şair oğlu ustad Müzəffər Derəfşinin keçdiyi həyat yolları, gənc və orta nəslimizə bir örnək kimi mənalana bilər.Atalar demişkən: Ot kökü üstündə bitirsə, bəs onda gənc və orta nəslə, keçmişimizi tanıtmaq, milli mənliyimizin söz əsgərlərini mənimsəmək, onların ictimai idealar uğrundakı tarixi mübarizəsini öyrənmək, öndə duran vəzifələrimizdəndir.Bu baxımdan, Müzəffər Derəfşinin keçdiyi həyat yolu ilə əlaqədar bir neçə cəhəti vurğulamalıyıq.

Müzəffər Derəfşi 1303 - cü ildə (1924) Bakı şəhərində anadan olub, körpə ikən ailəsilə birlikdə vətənə dönən Müzəffər Derəfşi, 12 yaşınadək ömrünün bir qismini Rza xan zindanlarında keçirən mübariz və inqilabçı bir atanın təlim - tərbiyəsi ilə boya - başa çatır.

1317 - ci il Müzəffərin atası, dünyasını dəyişir və Müzəffərin kiçik yaşından əmək dünyasına qatılmasına səbəb olur.O ailənin böyük uşağı olduğu üçün anası və bacı - qardaşlarının məsuliyyətini daşımaq məcburiyyətində qalır.

1321 - ci ildən Azərbaycan ədəbiyyatına maraq göstərən və fars və Azərbaycan dilində şeirlər yazan Müzəffər Derəfşi, 1325 - ci ilədək "Fəryad", " Yeni Şərq","Azad millət"," Vətən yolunda" və "Azərbaycan" qəzetlərində əsərlərini yayır.O, bir il ömür sürən Azərbaycan Milli Hökuməti dövründə, " Şairlər məclisi" nin tapşırığı əsasında bir çox mətnləri Azərbaycan dilinə çevirir və dövri mətbuatda çap etdirir.

1323 - cü il Təbriz Daneşsərasında diplom alır və müəllimliyə başlayır.Eyni halda şahlıq rejimi əleyhinə mübarizə edən siyasi bir təşkilatın üzvü kimi fəaliyyət göstərir.

1324 - cü il Azərbaycanda başlanın milli nəhzətin fəal iştirakçısı olur və mübarizlər sırasında silahlı bir fədai kimi döyüşə atılır. Azərbaycan nəhzətinin qələbəsi uğrunda çəkdiyi zəhmıtinə görə, Milli Hökumət tərəfindən Müzəffər Derəfşi "21 Azər" medalına layiq görülür.Həmin ildə "Təbrizim" adlanan şeir dəftəri çap olunur.

1325 - ci ilin Azər ayına qədər Müzəffər Derəfşi Təbriz Daneşsərasının müavinliyi səmtində işləyir.Bu işi ilə bərabər" Şairlər məclisi", adından Azərbaycan şairləri Əli Fitrət, Mir Mehdi Etimad, Hüseyn Səhhaf, Mir Mehdi Çavuşi, Balaş Azəroğlu və Yəhya Şeyda ilə bərabər" Azərbaycan" ünvanlı mənzum məktubu yazır.Bir çox şeir və məqalələri, Təbrizdə nəşr olunan qəzet və dərgilərdə, xüsusilə "Vətən yolunda" və "Azərbaycan" qəzetlərində çap olur.

1325 - ci ilin Azər ayında, Azərbaycan xalqının milli demokratik hərəkatı şah qoşunu və Amerika imperiyasının siyasəti əsasında qana boyanır, Müzəffər Derəfşi də həbsə alınır.O bir ilə yaxın şah zindanlarında məhbus olur.

1326 - cı il zindandan azad olub, Tehrana köçgün düşür.Bu şəhərdə şahlıq əleyhinə siyasi və ictimai fəaliyyətə davam edir, yenidən təqibə məruz qalır.Tehranda etdiyi siyasi fəaliyyətin səməri Müzəffər Derəfşiyə iki il Əhvaz şəhərinə sürgün olmağı ərməğan gətirir.

1329 - cu ilədək Xuzistanda sürgün vəziyyətində yaşayır və öz mübarizəsini gizli davam etdirir.Bu ilin sonunda polis qüvvələri Müzəffərin gizli fəaliyyətindən xəbərdar olur və onu tutmaq qərarına gəlir. Müzəffər qaçqın düşür, Tehran və Zəncan şəhərlərində" Abbas Sirani" qurama adilə gizli mübarizəyə davam edir.

1330 - cu il boyunca Tehranda nəşr olunan " Bəşəriyyət", " Bəşir ayəndə","Çilingər" və "Azərbaycan" qəzetlərində müxtəlif imzalarla, o cümlədən " Mimdal","M.Bəşur" və " Müzəffər" imzaları ilə öz şeir və məqalələrini yayır.Həmin ilin şəhrivər ayında" Əsarət zəncirlərini qıran Azərbaycana eşq olsun!" şüarilə nəşrə başlayan " Bəşir ayəndə" qəzetinin daxili müdiri təyin olunur və yenə də həmin ilin Azər ayında gizlu nəşrə bsşlayan"Azərbaycan" qəzetinin fəal əməkdaşı kimi çıxış edir.Bu Azərbaycan dilində nəşr olunan qəzetlərdə Müzəffər Derəfşi ilə bərabər, tanınmış yazıçı və şairlərimizdən Gəncəli Səbahi, Haşım Tərlan, Həbib Sahir, Səhənd, Əliqulu Katibi, Səid Müniri və başqalatının əsərləri çap olunurdu.Bu üç qəzetin baş katibi Behzad Behzadi cənabları olmişdur.

1332 - ci ilin 28 mordad hadisələrindən sonra Müzəffər Derəfşi yenidən tutulur və " Abbas Sirani" qurama adı ilə iki il "Qəsri Qacar" zindanında qalır.

1335 - cü ildə zindandan azad olur və 1338 - ci ilədək Tehranda taksi sürücüsü işləyir.Bu il ailə qurur və sürücülüklə bərabər Tehran Universitetinin fəlsəfə fakültəsində təhsil almağa başlayır.

1342 - ci il fəlsəfə üzrə lisansı alır, təhsilinə davam edir və 1345 - ci il Tehran daneşgahında "rəvanşenasi və olume tərtiyəyi" sahəsində yüksək lisans almağa müvəffəq olur.

1345 - ci ildən, Müzəffər Derəfşi " Tərbiyəte müəllim" mərkəzinin fəlsəfə və rəvanşenasi ustadı kimi işə başlayır.Bu iş 15 il davam edir və nəhayət, 1360 - cı ildə müəllimlikdən azad edilir.

1350 - ci ildən başlayaraq, Müzəffər Derəfşinin ədəbi fəaliyyəti daha da güclənir.Müxtəlif ədəbi- mədəni tədbirlərdə iştirak edir, ancaq onun ciddi iştirakı, müxtəlif zamanlarda təşkil edilən Doktor Cavid, Gəncəli Səbahi, Haşım Tərlan, Məhəmmədəli Məhzun,, Katibi, Səhənd, Həsən Məcidzadə (Savalan), Mahmud Dəstpiş, Qaflanti və Türkoğlu və bir sıra Tehranda yaşayan digər Azərbaycan ziyalı, şair və yazıçıları ilə birgə " Dostlar görüşü" dərnəyində iştirak edir..

1357 - ci il bəhmən inqilabından sonra, Müzəffər Derəfşinin ədəbi - mədəni fəaliyyətinə geniş zəmin yaranır.O yorulmadan fəaliyyətinə davam edir, əsərlərini çap etdirir.

1358 - ci il Təbrizdə fəaliyyət göstərən "Təbriz şairlər məclisi"ndə iştirak edir, bir müddətdən sonra yenidən Tehrana qayıdır və bu şəhərdə ədəbi - ictimai fəaliyyətini davam etdirir.

1360 - cı ildən Azərbaycanda, Tehranda yaşayan bir sıra Azərbaycan ziyalı və ictimai xadimləri o cümlədən - Gəncəli Səbahi,Əliqulu Katibi, Haşım Tərlan, Əmini, Əhməd Bəradəran, Əziz Möhsini, Rəhim Dəqiq və Müzəffər Derəfşinin iştirakı ilə "Əncümən- e Azərbaycan"

təşkilatı yaranır və Müzəffər Derəfşi bu əncümənin üç aylıq dərgisinin baş katibi vəzifəsində çalışır.Bu ildə onun "Təbrizim" adlı şeirlər kitabı yenidən nəşrə buraxılır.

1366 - cı ildə bir sıra Azərbaycan şair, yazıçı və ictimai - mədəni şəxsiyyətlər, o cümlədən Haşım Tərlan, Həbib Fərşbaf, Həsən İldırım, Mirzə Şəhrək, Eldar Muğanlı,Əhməd Puri və doktor Sirus Lütfi cənablarının iştirakilə yaranan "Həbib Sahir" adına ədəbi əncüməndə bir ağsaqqal kimi fəal iştirak edir.

1371 - ci il, şair dostları Haşım Tərlan, Rəhim Kaviyan,Mirzə Şəhrək, Əli Zirək, Məcid Hüseyni və Kərim Qurbanzadə cənablarının həmkarlığı ilə " Sabir ədəbi əncüməni" ni yaradır və o gündən bu əncümənin sədri kimi fəaliyyət göstərir.Bu ildən bu günə qədər " Sabir ədəbi əncüməni" tərəfindən yayılan, əncümənin daxili dərgisinin yazıçılar həyatının tərkibinə başçılıq edir.

1375 - ci il, ustad Müzəffər Derəfşinin yaradıcılıq fəaliyyətini dəyərləndirərək, Azərbaycan Cumhuriyəsində "Azərbaycan Yazıçılar və şairlər İttifaqı" onu öz sıralarına bir üzv kimi qəbul edir.

1378 - ci il ustad Müzəffər Derəfşinin " Mənzum xatirələr" adlı kitabı nəşrə buraxılır və oxucu rəğbətini qazanır.

1383 - cü il ustadın üçüncü şeir kitabı "Təbriz - e mən" adında fars dilində yayılır.

1384 - cü il ustad Derəfşinin fars dilində yeni bir kitabı " Hicran və Vüsal bər nam- e xəyal" adında nəşrə buraxılır.

1385 - ci il ustad Derəfşi, " Sabir ədəbi əncüməni" nin üzvü Məhəmməd Fatehlə birlikdə, birinci nəşri 1325 - ci ildə olan "Azərbaycan" mənzuməsini yenidən çap etdirir.Həmin ilin dey ayının 28 - də Azərbaycan mədəniyyət həvəskarları, ədəbiyyat xadimləri, şair və yazıçılar, ədəbi - ictimai şəxsiyyətlər tətəfindən Müzəffər Derəfşinin 60 il ədəbi - ictimai fəaliyyətindən təclil etmək üçün Tehran şəhərində təmtəraqlı bir tədbir keçirilir.

1386 - ci ilin baharında ustad Müzəffər Derəfşinin ədəbi - mədəni şəxsiyyətini dəyərləndirmək üçün, ustad Behzad Behzadinin başçılığı ilə nəşr olunan "Azəri - el dili və ədəbiyyatı" fəslnaməsinin özəl bir nümunəsi ustadın həyat və yaradıcılığına həsr edilir.

1387 - ci ildən 1392 - ci ilə qədər ustad Müzəffər Derəfşinin başçılığı ilə bir çox ədəbi mədəni tədbirlər təşkil edilir və böyük uğurla qarşılanır.

Ustad Müzəffər Derəfşinin yaşının çox olmasına baxmayaraq, o hələ də bir gənc əhval - ruhiyyəsilə Tehran şəhərində geniş ədəbi - mədəni fəaliyyət göstərən və bir çox ədəbi - mədəni tədbirlərin təşəbbüskarı kimi çıxış edən " Sabir ədəbi əncüməni" nin sədri vəzifəsində yorulmadan çalışır.O sanki bu əncümənin simasında gənc illərini yaşadığı" Şairlər məclisini" yenidən yaşadır.

Müzəffər Derəfşi Müasir Azərbaycan mətbuatında - " Varlıq", " İnqilab yolunda" məcmuələrində də öz sanballı yazıları ilə çıxış etmişdir.

Azərbaycanın tanınmış mübariz şairi Müzəffər Derəfşi 1393 - cü ilin bəhmən ayının 1 - da (26 yanvar 2014 - cü il)dünyasını dəyişmişdir.

BİRLİK

Birlikdədi güc, ondadı əsrari - səadət,

Birlujdədi zor, ondadı rəmzi - əbədiyyət.

Birliklə çatar hıqqinə hər milləti məzlum,

Birlikdə qılar qədrini hər camiə məlum.

Birlikdə edər düşməni hət tayfə mədim,

Ondan yetər amalına hər şanili ümmət.

Birlikdi qoyan zülmü, sitəm mülgünü viran

Birlikdi verən dəhrdə azadlığa imkan.

Birlikdi bütün ölkələrin dərdinə dərman,

Onlar qoyur hər ölkə başa taci - şərafət.

Birlik elə qüdrət ki, edər düşməni nabud,

Birlik böyük aləmdi, qılar elləri məsud.

Birlik deyilən möcüzəlu qüvvədi, yaxud,

Bir seldi coçar isə verər zülmə nəhayət.

Birlikdo olan ellər sçün mənbəi - qüdrət,

Birlikdədir ancaq hamı millətləfə izzət.

Qanundu pozulmaz bu söz, ey talibi - nüsrət;

Təmin edər azadəliyi millətə vəhdət".

Kazımdır ols cümlə nifaqın evi bərbad,

Zənciri - cəfanı qıra millət, ola azad.

Azad ola fikri, qələmi ömr edə dilşad,

Nurun saça bu ölkəfə xurşidi - həqiqət.

MÜZƏFFƏR DERƏFŞİ                                                                                                                         

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment