Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

HAŞIM TƏRLAN ( MİRƏLİ MİRƏLİZADƏ)

HAŞIM TƏRLAN ( MİRƏLİ MİRƏLİZADƏ)

(1923 - 2014)

Haşlm Tərlan 1923 - cü ildə Bakı yaxınlığında yerləşən bir kənddə Cənubdan Arazın o tayından köçmüş bir ailədə anadan olmuş, ilk təhsilini burada almışdır.O, kiçik yaşlarından şeir yazmağa başlamışdır.

Haşım Tərlanın ailəsi Cənubi Azərbaycandan olduğu üçün 1938 - ci ildə onları İrana köçür - müşlər.Ailəsi Sərab şəhərinin yaxınlığında, ata - baba yurdları olan Zəngilabad kəndində məskən salırlar.

İkinci Dünya müharibəsi dövründə Haşım Tərlan kəndi tərk edərək Tehrana köçür.Orada bir müddət nəccar (xarrat) işləyir, sonra köynəktikmə karxanasında ( fabrikində) işə daxil olur.Daha sonralar Piruzi məhəlləsində kiçik bir dükanda çalışır və ədəbi yaradıcılığını davam etdirir.

H.Tərlan hələ məktəbli ikən şeir yazmağa başlamışdır,hətta Bakıda yaşadığı dövrdə

"Pioner"jurnalında şeiri çap edilmişdir.Lakin Cənubi Azərbaycana köçəndən sonra öz istedadını göstərməyə imkanı olmamışdır.

Azərbaycan Milli Hökumətinin fəal iştirakçılarından biri olan Haşım Tərlan Təbrizdə" Vətən yolunda" adı ilə nəşr olunan Qızıl Ordu qəzeti və qəzetin redaksiyası nəzdində təşkil edilmiş "Şairlər məclisi" gənc şairin yaradıcılığına kömək göstərdi.O, həmin redaksiya və ədəbi cəmiyyətlə sıx əlaqəyə girir, özünün vətənpərvərlik ruhunda yazdığı şeirlərini çap etdirir.

1946 - cı ilin dekabrında Cənubi Azərbaycanda Milli Hökumət süqut etdikdən sonra Haşım Tərlan bir müddət həbsə alınır və sürgün olunur.Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir.

Haşım Tərlan 1964 - cü ildən etibarən Doktor Salamullah Cavidin Tehranda təşkil etdiyi "Dostlar görüşü"ədəbi məclisinə cəlb olunmuşdur.Məclisin iclaslarında fəal iştirak edir.

Nəhayət, 1979 - cu ildə İranda baş verən inqilab, şahlıq rejiminin devrilməsi və Amerika imperializminin vətənindən qovulması Haşım Tərlanın yaradıcılığına təkan verir, yeni ilhamla daha da inqilabi şeirlər yazmağa başlayır.

Haşım Tərlanın "Araz gülür"," Yolçu yolda gərək"," Gümüşü pencək və zirvədə Günəş", "Durnalar gələndə" kitabları Tehran və Bakı şəhərlərində işıq üzü görmüşdür.

Haşım Tərlanın ilk yaradıcılıq dövrlərini əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.

Ustad şair Haşım Tərlan 17 noyabr 2014 - cü ildə 91 yaşında Tehranda dünyasını dəyişmiş və "Beheşte -Zəhra" məzarlığında torpağa tapşırılmışdır.

VƏTƏN

Əzəl gündən aşıq kimi yar oldum,

Sənə bu dünyada mehriban vətən.

Sevdim səni min eşqlə vuruldum,

Analıq haqqına hər zaman vətən.

İlham aldım sənin şən qucağından,

Mehriban ana tək süd verdin mənə.

Boy atdım içdikcə hər bulağından,

Odur qəlbimdə var məhəbbət sənə.

Odlar ölkəsidir əzəldən adın,

Gülər torpağında şanlı səadət.

Adınla fəxr edir bütün övladın,

Deyər, yaşa Vətən, yaşa məhəbbət!

Yaşa, gözəl diyar, ey əziz Vətən!

Nə qədər istidir qucağın sənin.

Qoynunda bəslənmiş bir şairəm mən,

Könlümə ruh verir torpağın sənin.

Mən də qoruyuram yağıdan səni,

Əlimdə qələmim mərd - mərdanə,

İnan, torpağına gələn düşməni

Ellər qoymayacaq sənin qoynuna.

HAŞIM TƏRLAN

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment