Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib

Sərgi, məruzə, sujetlər, xatirələr...

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının qarşılıqlı əməkdaşlıq çərçivəsində imzaladıqları anlaşmaya əsasən ilk tədbir fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin anadan olmasının 95 illiyinə həsr edilib. Bilik ocağında düzənlənən yubiley gecəsinə qurumun rəhbərliyi, üzvləri, alim və təhqiqatçılar, sənətkarın övladları, media mənsubları qatılıblar. Yubiliyara aid sərgidə toplanan  nümunələrlə tanış olan işıtirakçılar öncə şairin, dünyasını dəyişmiş sənət və mübarizə yoldaşlarının, məsləkdaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Əli Tudənin öz səsi ilə səslənən “Mən nə gətirdim” şeiri ilə başlanan sənədli filmə baxış keçirilib. İMC sədri, Azərbaycanın əməkdar jurnalisti Rəhim Hüseynzadə giriş sözündə 12 dekabr 1946-cı ildə Naxçıvanda mühacirətin ilk günündə qələmə alınan bu poetik nümunə ilə mühacirət ədəbiyyatımızın yaradıldığını vurğulayıb. Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev anlaşma əsasında ilk birinci birgə tədbirin Əli Tudə kimi mütəfəkkirə həsr edilməsini təqdirə layiq hadisə adlandırıb. 120 illik yubileyini qeyd edəcəyimiz Cəfər Cabbarlının adını daşıyan bilik ocağında əslən Arazın o tayından olan bir sıra görkəmli sənətkar barəsində də belə toplantıların reallaşdırılacağının gündəmdə dayandığını deyib.

İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümidin məruzəsində şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb. Əli Tudənin mühacirət illərində amalına, məsləkinə, sənət prinsiplərinə daim sadiq qaldığını, gənc yazarların xatirələrində ustad, məsləkdaşlarının və silahdaşlarının nəzərlərində mübariz, dönməz bir insan kimi qaldığını dilə gətirib.

 Sonra unudulmaz şəxsiyyət barədə xatirələr səslənilib. İMC İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Adilə Çernikbulənd bildirib ki, o da Əli Tudə kimi taleyində üç mühacirət həyatı yaşayıb. İkincisi təlatümlü hadisələrin yaşandığı, “21 Azər” Hərəkatının qələbəli günlərini gördüyü, Əli Tudənin Milli Filarmoniyaya  rəhbərlik etdiyi dövrdəki səmərəli fəaliyyətinin şahidi olduğu yadda qalan səhifələr kifayət qədərdir. A. Çernikbulənd yüksək intellekti ilə üçüncü mühacirətdə də şəxsi davranışı və istedadı ilə hamıya nümunə olduğunu deyib.

Taixçi alim Əkrəm Rəhimli (Bijə) Əli Tudə ilə “Azərbaycan” ruznaməsində işlədiyi illərdə onun hər bir yazıya yüksək məsuliyyətlə yanaşdığını vurğulayıb. “Əli Tudə” sənədli filminin yaradıcısı, Azərbaycanın görkəmli kinorejissoru Ənvər Əbluc çıxışında qeyd edib ki, onunla şəxsən tanışlığı olmasa da qardaşları, sənət aləmində izi qalan Həsən, eləcə də fədai Əli Əbluclar şairin xətrini doğmları kimi əziz tuturdular.

Alimlərdən Səməd Bayramzadə (AMEA-nın Şərşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri), Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova (Umani), həmçinin filologiya elmləri namizədi Pərvanə Məmmədli çıxışlarında Əli Tudə yaradıcılığının müxtəlif sahələrinin təhlilini veriblər. Həsən Cəbrayılovun (Ahəngi) çıxışını Əli Tudənin Təbriz Filarmoniyasındakı fəaliyyətini işıqlandıran sənədli nümunələrdən kadrlar müşaiyyət edib.

İMC sədri Rəhim Hüseynzadə Tudənin bütün yaradıcılıq nümunələrini külliyyat halında 20 cilddə nəşr olunma təşəbbüsünü yüksək vətənpərvərlik nümunəsi adlandırıb. Bildirib ki, şairin övladı, AZ.TV-nin  məsul əməkdaşı Natiq Əli Tudə oğlu Cavadzadənin artıq 13 cildi hasilə gətirməsi əslində bütün ölkə ictimaiyyətinə nümunə ola biləcək bir xeyirxah əməldir. İMC bunu nəzərə alaraq N.Cavadzadəni fəxri diploma layiq qörüb. Mükafat jurnalistə təqdim olunub. O, özünün və bacıları Rəna və Pərvanənin adından belə tədbir reallaşdırdığına görə təşkilatçılara təşəkkürünü bildirib. Eyni zamanda atası barədə qələmə alınan yazılarda bir sıra məqamların kifayət qədər dolğun işıqlandırılmamasına diqqəti çəkib.

Yubiley gecəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi tələbələrinin ifasında səslənən Əli Tudənin şeirləri tədbiri daha da rövnəqləndirib.

 

 

Go Back

Comment