Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin 2017-2018-ci illərdə gördüyü işlərə dair Hesabatı

 

 

 

 

 

 

 

 

 

“ İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin

2017-2018-ci illərdə gördüyü işlərə dair

Hesabatı

 

Hörmətli cəmiyyət üzvləri!

Hörmətli qonaqlar!

 

Bu gün biz sizlərlə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin son iki ildə keçdiyi yola nəzər salmaq, bu müddətdə gördüyü işləri müzakirə etmək, dəyərləndirmək, 2019-2020 –ci illər üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, qurumun həmin vəzifələrin icrasına bilavasitə cavabdehlik daşıyan şəxslərdən ibarət rəhbər strukturlarının təmsilçilərini seçmək üçün bir yerə toplaşmışıq. Ümumi Yığıncağımızın təşkilatımızın təmir işləri yekun ərəfəsində olan akt zalında daha geniş tərkibdə düzənlənməsini hesab edirik ki, ötən belə toplantının müəyyənləşdirdiyi daha bir önəmli vəzifənin-İMC-də iş şəraitinin yaxşılaşdırılması üçün irəli sürülən təklifin tam reallaşdırma ərəfəsində olduğunun əyani nümunəsi saymaq olar. İndi burada əlavə 30-35 nəfəri tədbirlərə cəlb etmək mümkündür. Təmirli birinci mərtəbədəki otaqlar isə iki ilə yaxındır istifadədir. Orada istilik sistemi də uzun illərdən sonra qaydaya salınıb. Bu işlər İMC-nin vaxtı ilə oxutduğu, evlə, işlə təminatına kömək etdiyi, indi isə Azərbaycan cəmiyyətində hörmət, nüfuz sahibi olan insanların sınaqlı günlərimizdə də təşkilatımızın yanında olduğunu sübuta yetirməkdədir. Adlarını çəkmirəm, hamısına sizlərin təşəkkürlərini yetiririk.

Hörmətli cəmiyyət üzvləri!

Əziz qonaqlar!

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi son iki ildə hansı işləri görüb, hansı uğurlara imza atıb sualını ətraflı cavablandırma xeyli vaxt aparacağından, yəni bir hesabat məruzəsinin imkanları xaricində olduğundan daha geniş məlumat almaq istəyənlərə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinə nəzər salmalarını, qəzet və jurnalları vərəqləmələrini, elektron medianı izləmələrini, ilk növbədə “adfmk.com” saytında, “Mühacir” qəzetində gedən materialları oxumalarını tövsiyə edərdik. İki Ümumi Yığıncaq arasında Azərbaycan mediasında 60-a yaxın qəzet, jurnal, informasiya agentliyi və saytda İMC, onun tanınmış şəxsləri, ayrı-ayrı üzvləri, tədbirləri, yenilikləri barədə materiallar işıqlandırılıb.

Ötən hesabat-seçki yığıncağımızda yeni heyətə İMC-nin ictimai əlaqələrini genişləndirmək, 700-ə yaxın QHT-ni birləşdirən QHT Forumuna üzv olmaq tapşırılmışdı. Forum rəhbərliyi 2017-ci il üçün hesabat məruzəsində ən aktiv təşkilatları sırasında “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin adını çəkərkən heç şübəsiz ilk növbədə dövri mətbuatda yer alan həmin məlumatlara istinad edirdi. Belə bir fikrin təşkilatımızın yaranmasının 70-ci ilində mötəbər tribunadan səslənməsi İMC-nin ən yaxşı ənənələrinin yenidən dirçəldiyini, layiqincə davam etdirildiyini göstərirdi.

Bildiyiniz kimi 1947-ci ilin oktyabrında Arazın bu tayına, o cümlədən keçmiş SSRİ-nin müxtəlif respublikalarına pənah gətirən iranlı mühacirlərlə işin bir mərkəzdən mütəşəkkil idarə olunması üçün Bakıda Mühacirlər Komitəsi yaradılmışdı. Sonra onun sıralarında xarici ölkələrdə də məskunlaşan iranlı mühacirlər birləşdirildi, İranlı Siyasi Mühacirlər Cəmiyyəti təsis olundu. SSRİ-nin süqutundan sonra təşkilat 1992-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində İranlı Mühacirlər Cəmiyyəti kimi rəsmi dövlət qeydiyyatına alındı. Cəmiyyətin 23 noyabr 2014-cü il tarixli Ümumi Yığıncağının qərarı əsasıında “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi kimi rəsmi surətdə fəaliyyətini davam etdirməkdədir.

Həyat özü bu addımın məntiqi olduğunu, praktikada özünü doğrultduğunu sübuta yetirməkdədir. Biz hamımız ötən əsrin 90-cı illərinin əvvəllərinədək İMC-də aktiv, şaxəli fəaliyyətin canlı şahidləriyik. Çox təəssüf ki, həmin prosesi sonralar ətalət əvəzlədi. Yaşlı nəsil getdikcə sıradan çıxsa da onları əvəzləyə biləcək gənc kadrların işə cəlb edilməsi diqqətdən kənarda qaldı. Söz yox ki, keçmiş rəhbərlərimizin yaddaşlarda qalacaq tarixi xidmətlərini biz heç vaxt unutmayacağıq. Onlar haqq dünyasındadırlar. Lakin fakt budur ki, 4 ilə yaxındır durğunluğun doğurduğu bir sıra kəskin problemləri tədricən aradan qaldırmaqdayıq. İnsanlar 20 ildən yuxarı demək olar uzaq düşdükləri İMC-nin binasına yenidən üz tuturlar, təşkilatın tədbirlərində iştirak edir, maddi-texniki qayğılarının həllinə köməklərini əsirgəmirlər. Əgər 2015-2016-cı illərdə yenidən təşkilatlanma devizi aparıcı xətti təşkil edirdisə, bu sahədəki uğurlar 2017-2018-ci illərdə təşkilatlanmadan keyfiyyət dəyişikliyinə qədəm qoyulduğu qənaətinə gəlindiyinə əsaslar verdi. Ötən seçkidə aparılan struktur dəyişiklikləri, İdarə Heyəti və Şura üzvlərinin sayının artırılması bu vəzifənin yerinə yetirilməsinə daha geniş heyətin cəlb olunmasını zərurətə çevirdi. Son 2 ildə görülən işlər qurumun təşkilatlanmadan keyfiyyət dəyişikliyinə doğru istiqaməti üçün birinci mərhələdə vəzifələrin reallaşdırıldığını göstərməkdədir. Zənnimizdə qarşıdakı 2 ildəki fəaliyyət nəhayət bu prosesin yekunlaşdırılmasına istiqamətləndirilməlidir. Çünki ildən-ilə möhkəmlənən potensialımız bunun üçün baza rolunu oynaya bilər.

Tam səmimiyyətlə və faktlara söykənərək deyə bilərik ki, son 4 ildə görülən işlər həcminə görə əvvəlki 20 ildə həyata keçirilənləri xeyli üstələyir. İcazə verin buna görə rəhbər strukturlarda, Şurada təmsil olunan hər bir şəxsə və sizlərə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin təşəkkürlərini bildirərək.

Bəs 2017-2018-ci illəri İMC üçün təşkilatlanmadan keyfiyyət dəyişikliklərinə qədəm mərhələsi adlandırmağa, bunun özünü hansı dərəcədə doğrultduğunu deməyə nələr əsas verir? Elə isə gəlin hesabat dövrünün fəaliyyət istiqamətlərinə nəzər salaq.

  1. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin ictimai əlaqələrinin genişlənməsi

Təşkilatın 2015 – 2016-cı illərdə də müxtəlif qurumlarla əlaqələri var idi. Amma bu epizodik hallarda tədbirlərə dəvətdən uzağa getmirdi. İMC Milli QHT Forumuna üzv olandan sonra bu təşkilatın bütün önəmli tədbirlərindən kənarda qalmayıb. Cəmiyyət rəhbərliyi toplantıların əksəriyyətində aktual məsələlərə dair İMC-nin mövqeyini bildirib. Təşkilatımızın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2017-ci ildə reallaşdırdığı “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” layihəsinin yekun “dəyirmi masa”sı da 60 nəfərin iştirakı ilə forumun iqamətgahında keçirilib.

Layihə barədə ayrıca danışmaq istəyirəm. Çünki fəaliyyətimizin xüsusilə regionlarda canlanmasında onun xüsusi rolu var. Bu, son 37 ildə dövlət vəsaiti hesabına maliyyələşən ilk layihəmiz idi. Gəncə, Zaqatala, Şamaxıda və Bakıda 300-ə yaxın mühacirin, onların övladlarının, yerli təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlər üçün Heydər Əliyev Mərkəzlərinin ayrılması respublika da bizlərə olan sayğının təsdiqi idi. Bizlər isə iranlı mühacirlərə misli-bərabəri olmayan diqqət və qayğısı ilə yaddaşlarda qalan Ulu Öndərin, rəhbərimiz, məşəlimiz Seyid Cəfər Pişəvərinin, məsləkdaşlarının abidələrini hər yerdə ziyarət etdik. Mühacirlərə qayğı ənənələrinin davamçıları olan icra hakimiyyəti başçılarına İMC-nin plaketləri təqdim olundu. Gəncədə, Zaqatalada, Şamaxıda isə 61 nəfər İMC-nin diplomlarına layiq görüldü.

Zaqatala səfərindən sonra regional təşkilatımız şəhərin görkəmli yerində ofislə təmin olunub. Biz buna görə RİH başçısı Mübariz Əhmədzadəyə təşəkkürümüzü də bildirmişik. Şamaxıda yerlə təminat həllini tapmaqdadır. Xatirladaq ki, 1992-1993-cü illərdə bir çox yerli təşkilatlarımız ofislərini ya itirmiş, ya da fəaliyyətsizliyə görə onlardan məhrum edilmişdilər. İMC rəhbərliyi məsələnin tam qaydaya qoyulması istiqamətində işləri davam etdirməlidir.

İctimai əlaqələrdən danışarkən təşkilatımız “20 Yanvar” İctimai Birliyi, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında anlaşmaları da xüsusi qeyd etməliyik. Biz 20 Yanvar faciəsi bağlı adı çəkilən cəmiyyətlə üç birgə tədbir keçirmişik. 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində, 2018-ci ildə İranlı Mühacirlər Cəmiyyətində, 2019-cu ilin isə yanvarında həmin cəmiyyətin ofisində. Digər tədbirlərdə də tərəflərin nümayəndələri iştirak ediblər.

Eyni sıx əlaqə İMC-nin Qadınlar Təşkilatı ilə “Dünya-ana və uşaqlar” İctimai Birliyi arasında mövcuddur.

C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən görkəmli inqilabçı şair Əli Tudənin 95 illik yubileyi, sənətkarın 20 cildlik külliyatının artıq 13 cildini ərsəyə gətirən oğlu telejurnalist Natiq Cavadzadənin İMC-nin fəxri diplomu ilə təltif olunması, vaxtilə cəmiyyətin cavanlar təşkilatının fəallarından olan şair Nazim Rizvanın anılması, yazıçı Mir Cəlalın 110 illik yubileyində iştirak da bu əməkdaşlığın genişləndiyini göstərməkdədir.

Hesabat dövründə xaricdəki ictimai təşkilatlarla əlaqələrin canlandırılması sahəsində əməli işlərə başlanılıb. Burada ABŞ-ın Şimali Koliforniya Ştatında Azərbaycan Mədəniyyət Mərkəzi ilə təşkilatımız arasında yaranmış qarşılıqlı əməkdaşlıq xüsusi önəmə malikdir. Mədəniyyət Mərkəzi 4 cidlik “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər) Təbriz” kitabını maliyyələşdirməkdədir. Birinci cildin Amerikada təqdimatında bu kitabın ərsəyə gəlməsində misilsiz xidmətləri olan AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, doktor Səməd Bayramzadə və İMC sədrinin birinci müavini Firidun İbrahimi iştirak edib və yüksək təəssüratla geri qayıdıblar. AMEA-nın qərarı ilə nəşr olunan kitabın artıq 3-cü cildi çap ərəfəsindədir və belə xeyirxah xidmətlərinə görə həmin cəmiyyətin sədri Həmid Azəri və Səməd Bayramzadə İMC-nin xüsusi diplomları ilə təltif olunublar.

Hesabat dövründə Qazaxstan, Almaniya, İsveç, Hollandiya və ABŞ-dan Azərbaycana qonaq gələn mühacirlərin təşkilatımıza baş çəkmələri, fikir mübadilələri aparmaları, xaricdə yenidən təşkilatlanmaya köməklərini təklif etmələri də keçmiş ənənələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

  1. Təşkilati sahədə görülmüş işlər

Hesabat dövründə hər ay İdarə Heyətinin iclasları keçirilib. İclaslrda iş planından irəli gələn, eləcə də cari məsələlər müzakirə olunub. Şirvan şəhər, Şamaxı, Zaqatala, Tərtər, Salyan rayon təşkilatlarına baş çəkilib. Doğrudur biz hesabat dövründə Əli Dəsti kimi zəngin təcrübəyə malik yoldaşımızı itirdik. Lakin onu Gəncə şəhər təşkilatında sədr kimi əvəzləyən Behnam Həbibzadə də vəzifəsinin öhdəsindən ləyaqətlə gəlməkdədir. Nadir Hünərvərinin  (Zaqatala) və Mehman Baqirinin (Şamaxı) isə fəaliyyətləri başqalarına örnəkdir. Müşahidələr göstərir ki, Şirvan regionuna daxil olan İsmayıllı, Göyçay, Ağdam və Kürdəmirdə kifayət qədər iranlı mühacir yaşasa da İMC-də onlarla iş bir növ unudulub. Bu baxımdan Şirvan regional təşkilatının yaradılması,  onların orada birləşməsi məntiqidir. Ərazisinə görə bura daxil olan Şamaxı müstəqil təşkilatdır, fəqət onun regional təşkilat rəhbərliyi qarşısında hesabatlığı və fəaliyyətin əlaqələndirilməsi vəzifəsi dayanır. Əminik ki, təşəbbüs praktikada özünü doğruldacaq.

Təşkilat şöbəsinin üzvlük biletlərinin yenilənməsi, İMC-yə yeni üzvlərin qəbulu, siyahıların dəqiqləşdirilməsi sahəsindəki işləri qənaətbəxşdir. Şöbə müdiri Murtuza Müqəddəm müavini Məmməd Haqverdiyev ilə üzvlük haqqlarının toplanması sahəsində Bakıda işləri demək olar qaydaya salıb. Regionlarda da belə canlanmanı görmək istərdik.

Bununla belə onun cavabdehlik daşıdığı protokollaşdırma yarıtmaz vəsiyyətdədir. Bu iş məsuliyyətlə üzümüzə tapşırılçalıdır.

  1. Təbliğati sahədə

Təbliğat işlərinə bilavasitə şöbə müdiri Həsən Babai cavabdehlik daşıyır. Lakin İdarə Heyətinin elə bir üzvü yoxdur ki, ona köməyini əsirgəməsin. Misallar çoxdur, sadəcə daha önəmlilərinin adlarını çəkəcəyik.

Təqribən 20 ildən sonra, yəni 15 iyun 2017-ci ildə Bakıdan geniş heyətlə Yevlaxın Aran qəsəbəsinə baş çəkildi. S.C.Pişəvərinin qəzaya uğradığı yerdə salınan bağda büstü önündə vəfatının 70 illiyi qeyd olundu. Tədbirdə Gəncə şəhər təşkilatının üzvləri, yerli ictimaiyyətin təmsilçiləri də iştirak etdilər.

Görkəmli inqilabçı, yazıçı, diplomat, Milli Hökumətin Baş Prokuroru Firidun İbarihiminin şəhadətinin 70 illiyi BMM-də “Qartal ömrü” adlı “dəyirmi masa” ilə yad edildi. Təşkilatın hazırladığı eyni adda sənədli filmin nümayişindən sonra alim və təhqiqatçılar mövzu ətrafında fikilərini səsləndirdilər.

F. İbrahiminin anadan olmasının 100 illik yubileyinə həsr edilən konfrans isə son 70 ilin ən möhtəşəm tədbiri oldu. Orada xatirələr səsləndi, Azərbaycanın tanınmış ziyalıları yubiliyarı səciyyələndirdilər. Təşkilatın ilk dəfə keçirdiyi beynəlxalq müsabiqəyə Azərbaycan, fars və ingilis dillərində İrandan, İsveçdən, Almaniyadan, Danimarkadan, Belarusdan, Bakı, Gəncə, Qazaxdan 44 yazı göndərildi.  Qaliblərə və fərqlənənlərə mükafatlar təqdim edildi.

F. İbrahiminin “Sülh uğrunda” kitabı, “Mühacir” qəzetinin xüsusi sayı, döş nişanı, təqvim, qələm və sairin  təqdimi hər bir iştirakçıya tədbirdən yadigar qaldı.

AXC-nin 100 illik İMC-də “Azərbaycan Xalq Cümhuriyyəti və İran” adlı “dəyirmi masa” ilə qeyd olundu.

Keçirilən tədbirlər sırasında “12 Şəhrivər” Bəyənnaməsinin ildönümlərini, İstiqlal Muzeyində düzənlənən “21 Azər” Hərəkatının 73-cü ildönümü münasibəti ilə yığıcağı, inqilabçı, təhqiqatçı və jurnalist Lütvəli Ərdəbilinin anım gününü, yazıçı Səyyad Dasinin 85 illik yubileyini, Novruz bayramını və sairi də qeyd etmək olar. Tədbirlər respublika mətbuatında və “adfmk.com” sayında operativ işıqlandırılıb.

Ötən ilin martında bu saytda, “Mühacir” qəzetində və ölkə mediasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığımız “Səsvermə hüquqlu iranlı mühacirlər aprelin 11-də yalnız Sizə səs verəcəklər” sərlövhəli yazı  isə ümumiləşdirilmiş qərarımızı özündə ifadə edirdi.

Əlavə edək ki, hesabat dövründə yaradılan, rəhbərliyi Mominat Puhənə həvalə edilən Qadınlar Təşkilatının keçirdiyi tədbirlər də istiqamətinə görə təbliğati işlər sərasına daxildir. Təşkilat sənətkarlarla yanaşı digər peşə sahiblərinin ad günlərini, yubileylərini, müxtəlif hadisələri qeyd edib. Bu sıraya həkimlər Validə Zöhrabova, Valiyə Rəhmani, müəllim Azadə Əhədi, rabitəçi Sevil Puhənlə bağlı tədbirləri, tanınmış jurnalist Saminə Sadıqova ilə görüşü, Qadınlar Gününə, Novruz bayramına, Yeni ilə aid tədbirləri misal çəkə bilərik.

İMC-də keçirilən tədbirlərdən geniş ictimaiyyətin xəbərdar olmasında ötən hesabat-seçki yığıncağından sonra yaradılan informasiya texnologiyaları üzrə şöbənin müstəsna xidməti var. Şöbəyə BDU-nun dosenti Pərviz Kazımi rəhbərlik edir. Ondan növbəti mərhələdə həmin istiqamətdə işləri daha da genişləndirəcəyini gözləyirik.

İranlı Mühacirlər Ədəbi Birliyi də hesabat dövründə istedadları ətrafında sıx birləşdirərək şair və yazıçılarımızın dövrü mətbuatda çıxışlarına istiqamət verib, kömək göstərib. Buna görə Birliyin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı şair Tariyel Ümidə təşəkkürlərimizi yetiririk.

Hesabat dövründə təşkilatımıza sosial məsələlərlə bağlı 30-yaxın müraciət olub. Əziz Zarinin rəhbərlik etdiyi şöbədə müraciətlərin hər birinə həssaslıqla yanaşılıb.

 

Hörmətli cəmiyyət üzvləri!

Əziz qonaqlar!

Hesabatda səslənən çoxsaylı misallar ilk baxışda elə təsəvvür yarada bilər ki, bunlar böyük maddi imkanlara malik bir təşkilat tərəfindən həyata keçirilib. Əfsuslar olsun ki, İMC-nin aylıq gəliri icarədən əldə etdiyi cəmi 500 manatdır. Həmin məbləğ ştatdakı 4 nəfərin heç aylıq əmək haqqını ödəmir. Əminəm ki, sizlər iqtisadi məsələlər üzrə müavin İsmayıl Abdullahinin real vəziyyətin təhlilinə həsr olunan çıxışında səslənəcək təkliflərə bundan sonra da dəstəyinizi əsirgəməyəcəksiniz.

Nəhayət onu da vurğulamaq istərdik ki, İMC-nin fəaliyyət dairəsinin genişlənməsi Şuranın və İdarə Heyətinin sayca tərkibinə münasibət bildirilməsini də şərtləndirir.

Bu baxımdan hər birinizi hesabat ətrafında fəal müzakirələrə dəvət edirik.

 

 

 

Go Back

Comment