Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin Baş naziri S.C.Pişəvərinin

"12 Şəhrivər"in 74-cü ildönümü münasibətilə

Azərbaycan Milli Hökumətinin Baş naziri S.C.Pişəvərinin

“Firdovsi” məktəbi salonunda söylədiyi mühüm nitqi.

Cümə günü (18.01.1946),  səhər saat 10-da Azərbaycan Demokrat Firqəsinin şəhər komitəsi tərəfindən qabaqcadan dəvət edildiyi kimi Firdovsi məktəbinin salonunda hökumətimizin Baş naziri cənab Pişəvəri hökumətin gördüyü və görəcəyi işlər haqqında şəhərin müxtəlif təbəqələrinin nümayəndələri qarşısında mühüm bir nitq söyləmişdir.

Biz bu mühüm nitqi öz oxucularımıza təqdim edirik.

 Saat 10.15-də Maarif nazirimiz cənab Biriya Konfransı bu cümlə ilə açdılar:

“Hörmətli xanımlar və cənablar, icazə verin konfransımızı açıq elan eləyək. Azərbaycan məmləkətinin ümumi siyasəti və iqtisadiyyatı barəsində Milli Hökumətimizin Baş naziri Azəraycan xalqının şərəfli və fədakar oğlu cənab Pişəvəriyə söz verilsin”.

Bu zaman cənab Pişəvəri iştirakçıların şiddətli və uzun alqışları arasında tribun dalında qərar tutub və çox sadə və səmimi bir ləhcə ilə nitqə başladılar:

“Cari məsələlər icazə verməyib ki, Milli Hökumət təşkil olandan sonra vəziyyət haqqında xalqa məlumat verilsin və xalq bilsin ki, bizim qabağımızda duran işlər nədir və nə işlər görülmüşdür. Ümidvaram ki, tezliklə Milli Məclisimizin ikinci iclası başlanacaq. Nümayəndələr ətrafdan yığılıb gələcəklər və xalq görülmüş işləri biləcəkdir.

Bizim başladığımız milli mübarizədə təqribən 5 ayın içində böyük işlər görülübdür. O fikirlər və arzular ki, danışan vaxta çox uzaq nəzərə gəlirdi, 5 ayın içərisində ideya şəklindən çıxıb və əməl olubdur. İndi Azərbaycan xalqı özü üçün bir Milli Hökumət və Milli Məclis yaratmışdır.

Biz çox tarixi günlər keçirmişik və yenə də tarixi günlər keçirməkdəyik. Bir xalq ki, öz ana dilində danışmaq ixtiyarı yox idi və gözləyirdi ki, Tehrandan layiq, ya nalayiq bir adam gəlsin, onu idarə eləsin, ixtiyarını öz əlinə almışdır. Gələcək nəsil xoşbəxt və məsud yaşayacaq, tarixi günləri yazacaqdır.

Bir ay qabaq qabağımızda bir vəzifə dururdu. O da qan tökmədən hökuməti xalqın əlinə verib istibdadı aradan qaldırmaqdan ibarət idi. İndi biz müvəffəq olmuşuq. Ayrı yerlərdə belə zamanlarda hökumət maşını sınar, biz bu hökuməti təşkil edəndə qabaqkı maşını tamamilə sındırıb kənara atmadıq. Bu maşın xalqın göz yaşları üstündə qurulub tüfeyli kimi yaşayardı.  Zorakılıq və qanunsuzluq onun içində idi. Yüzlərlə bacılarımızı və qohumlarımızı insanlara yaraşmayan işlərə sövq edən, oğurluq yalançılıq və yatalaq yaradan o maşın idi. Biz o maşını aldıq, o maşın bizim istədiyimizi yerinə gətirə bilməz.

 

Biz nə istəyirik?

Biz istəyirik ki, xalq savadlı olsun, vicdanla yaşasın, xalqın səhiyyəsi və səhhəti təmin olunsun, şəhərlər yaşamaq üçün yararlı bir hala gəlsin, xalqın gələcək təminatı hazır edilsin. Bu o şeydir ki, həmişə bizi düşündürür və narahat edir. Bu maşın belə işlərə qadir deyil, amma neyləmək? Biz bunu birdən ata bilmərik. Səbəbi budur ki, xalqımız bu kimi vəziyyətə hazır deyildir. İndi əgər biz firqəmiz təşkil ediləndə verdiyi vədlərə yaxşı əməl edə bilmiriksə, qarşıda bu çətinliklər vardır. Mən bir qəzetçi olduğum üçün bütün idarələrin nöqsanlarına aşina olmuşam. Keçən idarələr xalqı incitmək məqsədi üstündə qurulubdur. Biz bu idarələri islah edib dəyişdirməsək, müvəffəq ola bilmərik.

Biz ilk qədəmdə təşkilat yolu ilə daxil oluruq, adamların təqsiri yoxdur. Onlar bir vint və qayka kimidirlər. Biz istəyirik ki, xalqa hökumət işlərinə dəxalət etmə imkanı verək. Ona görə də birinci növbədə əncümənlərin (bələdiyyələrin – red.) təşkili yolu ilə başlamışıq və onu çox aşağıdan böyükdən başlamışıq. Biz demişik, qoy xalq əncüməndən başlasın və o əncümən o böyük ehtiyacları təmin eləsin, verilən vergiləri təyin etsin və onun məsrəfinə nəzarət etsin. Bu nəzarət aşağıdan başlanır və yuxarıda fərmandarlığa (qubernatorluğa – red.), bəxşdarlığa (mahal hakimliyi – red.) və Milli Məclisə yetirilir.

Bu bir günlük iş deyil, amma tezliklə əmələ gələcək və bu yolla xalqı incitmək üçün yaradılan idarələr islah edilə bilər və adamları dəyişdirməyə ehtiyac qalmaz.

Buna görə dövlət bu işə çox əhəmiyyət verir. Gərək gələn yanvar ayının 25-nə qədər əncümənlər təşkil oluna və hökumətin təməli düzələ. Çünki əncümənlər dövlətin təməlidir. Bu qabağımızda duran birinci məsələdir. Mən xüsusilə diqqətinizi buna cəlb edirəm. Belə fikir edilməsin ki, bunlar keçən məmurların yayıdırlar. O birisilərin yerinə keçmək istədilərsə, keçdilər qurtuldu.

Biz xalqı aldatmırıq. Biz əvvəl əncümənləri istəyirdik Tehran hökuməti bizim tələblərimizlə müxalifət elədi. Əlimizə keçən sənədlər göstərir ki, Tehran hökuməti axırıncı dəqiqəyə qədər azadlıqsevərləri topa və gülləyə bağlamaq əmrini verirdi. Bunlar hamısı göstərir ki, Tehran hökuməti öz razılığı və rəğbəti ilə azadlığa tərəf bir qədəm götürməyə hazır deyildi.

Biz bir hakimiyyət yaratdıq və azadlığı aldıq. Amma azadlığı almaq kafi deyil, onu qorumağa bir qüvvə lazımdır. Biz o qüvvəni yaratmağa başlamışıq. Elə qüdrət ki, dünyada heç qüvvə onu aradan aparmağa qadir olmasın. Bu qüvvə xalqa etibar etmək qüvvəsidir. Millətə etibar edən dövlət həmişə yaşayır. İsveçrə dövləti və İrlandiya dövləti bu qüdrətin bir nümunəsidir.

Biz bu qüvvəni yaratmışıq, Tehran hökuməti bizi aradan aparmağa çalışır. Əgər dövlət millətə etibar etməsə, öz tədbirini yerinə yetirə bilməz. Biz özümüzə arxayın olmuşuq. Heç bir kimsənin əmri altında yaşamağa hazır deyilik. Biz hökumətimizi qorumağa və özümümzü idarə etməyə ləyaqətimiz var və özümüzü də idarə edəcəyik (şiddətli alqışlar). Özümüzə məxsus qanunlar yaradacağıq. Biz bölüklərdə əncümənlərin seçkisinə başlamşıq və bu seçkilər yanvar ayının 25-ə qədər icra olunacaqdır və o əncümənlər bütün işlərə nəzarət edəcəklər.

Şəhərlər məsələsi.

Bundan sonra şəhərlər məsələsidir. Şəhərlərin abad olmaması bizə baş aşağılıq gətirə bilər. 800 min əhalisi olan Təbriz indi xaraba və çirkli bir haldadır. Əhalisi 200 min nəfərə qədər azalıb, gərək şəhərimiz abad ola. Qabaqkı hökumətlərdə yemək siyasəti var idi. Bu qədər hay-küydən sonra əgər Təbrizin iki xiyabanı asfalt edilsə, azadlıqsevərlər aradan gedərlər. Təbrizin asfaltı üçün Tehran cənab Təbatəbayiyə 400 min tümən həvalə verirdi, o da həvalə, pul yox.

Təxmin olunduğuna görə Təbrizin böyük xiyabanlarının vağzala qədər və bir neçə küçəsinin asfalt edilməsi, su yollarının sement ilə üstünün örtülməsi üçün 1200000 tümən xərc lazımdır. 1200000 tümən Təbrizdə heç kəs hiss etmədən yığılır. Nümunə üçün qarajlarda işsiz qalmış avtobuslar şəhərdə işə başlamışlar. Xalqın rahatlığından əlavə gündə yalnız bu yol ilə bələdiyyə 600 tüməndən 1000 tümənə qədər gəlir əldə edir.

Şəhərin vergi rüsumları da gəlir yeridir. Keçən hökumətlərin zülmləri aradan götürüləcəkdir. Vergiləri yığmaqda heç kəs zorakılığa məruz qalmayacaq. Yalnız bir az fədakarlıq istəyir. Çünki güzəştlə fədakarlıq eləməyən bir millət heç yerə yetişməz.

Dava vaxtında gördük ki, ingilis milləti və Sovet İttifaqı çox zəhmətlərə tablaşdılar və müvəffəq də oldular. Mümkündür, bu vergilər nəzərə çətin gəlsin, bəlkə birinə də zülm olmuş ola. Amma bu gün yaşayış səviyyəsini yuxarı gətirmək üçün kömək eləmək gərək.

Şəhərlərimizin abadlığı üstündə dövlət böyük tədbirlər görməkdədir. Şəhərlərin abadlığı xalqı naxoşluqdan, dərman pulu verməkdən və yoluxucu xəstəlikdən xilas edər.

Buna görə də şəhər əncümənlərinə əhəmiyyət veririk. Keçən dövlətlərdə bu əncümənlər dövlətin bir şöbəsi halına gəlmişdi. Xalq tərəfindən seçilmiş 40 nəfərin içindən Daxili İşlər Nazirliyi öz istədiklərini seçirdi. Biz çalışdıq ki, əncümənlər qanunu tamamilə islah olunsun və demokratik bir hala düşsün, dövlətin dəxaləti olmadan şəhərin işinə yetişsin. Çünki bu dövlət işi deyil. Bu xalqın özünə aid olan bir işdir. Şəhərin əhalisi gərək bir ailə kimi öz evini abad eləsin və seçdiyi nümayəndələr vasitəsi ilə işə nəzarət eləsin. Şəhər bələdiyyəmiz adi vəziyyəti idarə eləmək üçün 10 tümən pul tapmırdı, üzvləri maaşsız qalırdılar, ya da müftə maaş alırdılar. İndi böyük bir işə, asfalt məsələsinə başlanmışdır. Hava soyuq olduğu üçün asfaltın başlanması bahara qədər təxirə salınmışdır. Amma indidən daş tökmək və ayrı müqəddəmati işlər başlanıbdır.

 

Üçüncü təməl sənaye məsələsidir.

Ona gərək əhəmiyyət verilə. Tək vergi ilə məmləkəti idarə eləmək olmaz, bu gəlir deyil. Gərək ayrı yollarla, məhsul istehsalı qüvvəsini artırmaq ilə ölkəmizi sərvətləndirək. Ona görə də dövlət fabrik-zavodlara kömək edir. Çünki bu yol ilə ümumi sərvət qalxacaq. Gəlirin ola bilsin ki, bir hissəsi xalqın cibinə gedə. Amma bu lap yaxşıdır. Onda vergi yığmaq işi də asan olar.

Misal üçün, mən sizə deyə bilərəm ki, müharibə zamanı gəlirdən vergi ilə bağlı 2 milyon 500 min tümən fövqəladə və göydən gələn gəlir üçün vergi təyin edilmişdir. Bu vergi xalqın ümümi istifadəsi üçün aradan getmiş adi iqtisadi əlaqələrin bərpası üçün qoyulmuşdur. Bu heç bir şey deyil. Bununla xalqın səsi göyə çıxır. Biz qənd zavodumuzdan 15 milyon istifadə edə bilirik. Bizim şəhərimizdə bir “Pəşminə” fabriki vardır. Dünən o fabrikə getmişdim. Mən deyirdim ki, bir şəhərdə sadə bir fabrik 10-15-20 min adama çörək verə bilər. Bu sadə bir surətdədir. Bunun nəticəsində yalnız qeyri-müstəqim yol ilə dövlətə 200 min tümən vergi çıxır.

Bu sahəyə biz artıq dərəcədə əhəmiyyət verməliyik. Fəhlələr də gərək ciddiyyət ilə çalışsınlar, fabrikdə işləsinlər, dövlətə kömək etsinlər ki, ayrı fabriklər də işə salınsın. Pulları Tehrana qaçırdanlar qayıtsınlar. Onlar da zavod-fabrik düzəltsinlər.

Qabağımızda duran vəzifələr.

Bizim qabağımızda iki vəzifə durur. Birisi xalqın etmadını qazanmaq və fabrik-zavod düzəltmək üçün istifadə etmək. İkincisi isə fəhlələrin etimadını cəlb etmək üçün ciddiyyətlə işləmək. Beləliklə, xalqı sərvətləndirək.

Varlı bir millətdən vergi almaq asandır. Idarələrin 50 milyon tümən xərcidir. Bundan əgər 10 milyon tümən qənaət edib silsək, qalar 40 milyon tüməni. Əgər ölkəmizin əhalisini 5 milyon nəfər hesab etsək, hər bir milyon nəfərə 8 tümən düşür. Gərək bu vergi verilsin və ədalətli bir surətdə də yığılsın.

Nəinki keçən dövrdəki kimi əkinçiyə 10 faiz vergi qoyulsun, kəndin hampası olan, iki öküzü, qoyunu olan isə çox az vergi versin.

Onun üçün də dövlət zavod-fabrikin işə salınmasına çox artıq dərəcədə əhəmiyyət verir. Dövlət sənaye zavodlarından savayı əl sənayesinə da kömək edib onlara bazar tapmalıdır. Bu məsələdən indi danışacağam. Gərək məhsullarımıza bazar  tapaq. Tehran bazar məsələsində iki tərəfdən bizi sıxıntıya salıb. Azərbaycandan pulu tədricən yığıb aparmaqla bizi çətinliyə salmaq, bir də xalqın arasında təbliğat vasitəsilə qorxu yaratmaq. Onlar sahibkarları və tacirləri qorxudub onların əmlaklarınıi çəkib aparmaq istəyirlər.

Bizim əlimizə məktublar gəlir ki, “xalçaları çaya salmalı olsanız da, gətirin”, yaxud “özünüz durub gəlsəniz, vergi verən qalmaz”.

Biz Tehrana deyirik, əgər sən qocalmısan, çürümüsən, idarə etməyi bacarmırsan, biz cavanıq, bacara bilərik. Suyun yolunu kəsə bilərik, çayın axınını döndərərik (sürəkli alqışlar), qoymarıq gəlsin. Bu bizim üçün çətinlik yaradıb, amma onlardan ötrü çətinlik daha da çoxdur. Biz dözə bilərik. Tacirlər üçün mümkündür, çətin ola, amma qoy xalq ucuz çörək, yağ, yumurta yesin.

Yol məsələsi barəsində iki cür fikir edirik.

Biri budur ki, icazə verək bəzi mallar Tehrana getsin, amma bu cür yox ki, suya sal, götür gəl. Olsun! Bu şərtlə ki, aparsalar, Azərbaycanın ehtiyacı olan siqaret, elektrik alətləri, avtomobil şinləri və sairə gətirələr. Azərbaycanın ehtiyacı nisbətən azdır. Görünür ki, Tehranın ehtiyacı daha artıqdır. Orada xərclər çox yuxarı gedib, amma burada ucuzluq əmələ gəlibdir.

Bir də budur ki, burada, fabrik-zavodlarımızda istehsal olunan şeylərdən verməliyik. Xərcinin yuxarı getməsinə mane olmasa, ixracına icazə verək. Biz əməldə gördük ki, verdiyimiz icazələrdən çox sui-istifadə edilir. Bunun kontrolu da çətindir. Onun üçün bir şirkət təşkil olunub və dövlətin onun üstündə nəzarəti var. Bu şirkət yolu ilə eləmək olar ki, mallar göndərilsin, satılsın və əvəzi gəlsin. Şirkətin təşkilindən sonra güclü miqdarda mal çıxardacağıq.

Bir də xarici ticatər məsələsidir. Həmişə xarci ticarət Azərbaycanda birinci yer tutur. Xüsusilə də keçən davadan qabaq Azərbaycan şəhərləri ticarət mərkəzi idi. Xarici ticarət bazarı tapmaq üçün də Ticarət Nazirliyində bir ticarət komissiyası yaradılıb və mütaliə aparır.

Daxili sənayeni qorumaq üçün tədbirlər görmək lazımdır. Xaricdən idxal eləməli şeylərdən istifadə etmək üçün də daxili məhsulları xaricə göndərmək lazımdır. 

Mən fikir edirəm ki, bizim iki mövzuya çox ehtiyacımız var. Biz kənd təsərrüftı maşınları, bir də suvarma avadanlığı və maşınları almalıyıq.

Verdiyimiz quru meyvə müqabilində kənd təsərrüfatı maşını alaq. Gərək xarici ticarətimizin əsasını təşkil etmək üçün də maşın gətirək.

Bir də bizim əkdiyimiz məhsulların qiyməti yoxdur. Məsələn, buğda əkirik, çox hallarda qalır çürüyür. Buna gərək o məhsulları əkək ki, qiyməti var. Məsələn, pambıq və ya tütün əkək. İndi bizdə bir növ tütün vardır ki, ona “dugeli” (ekiz doğan – red.) tütünü deyirlər. Onun Azərbaycan və İrandan savayı ayrı yerdə məsrəfi yoxdur. Biz papiros tütünü, qənd çuğunduru əmələ gətirməliyik. Miyanada və havası əlverişli olan yerlərdə tut əkməklə ipək istehsal eləyək. Kənd təsərrüfatını elmi və maşınlı bir hala salaq ki, xalq az zəhmətlə çox məhsul əldə edə bilsin. Gərək fabrik-zavodlarımıza lazım olan şeyləri gətirək və onları gücləndirək. Mən ümidvaram ki, özümüz ticarət bazarı yaradaq, Tehranı gözləməyək. Bizim böyük qızıla bərabər olan xalça məhsulumuz var. Bunları gərək xaricə göndərək, nəinki Tehrana gedib pulu bata və gəlib çıxmaya. Xalça çox qiymətli bir şeydir. Xalça barmaq qanı ilə, göz yaşı ilə, uşaq qanı ilə əmələ gəlmişdir. Gərək xalçanı satmaqla pul ələ gətirək və xalça toxumaqda böyük əməllərdən istifadə edək. Uşaqlara dərs oxumaq və tərbiyə almaq imkanı verək.

   Mən əgər qabağımızda duran vəzifələr haqqında sizə danışmaq istəsəm, sizi yormuş olaram. Amma bu çox maraqlı bir mövzudur. Mən istəmirəm deyəm, “dövlətin qabağında duran”, əksinə deyirəm, “bizim qabağımızda duran”. Çünki daha dövlət ilə millət arasında fərq yoxdur. Bu hamımızın vəzifəsidir (sürəkli və hərarətli alqışlar).

Bir böyük məsələ də maarif məsələsidir.

Bizim iqtisaddan keçəndən sonra böyük məsələmiz maarif məsələsidir. Bu kimi məsələləri həll etmək üçün məktəb lazımdır, mütəxəssis lazımdır. Fabriklərimiz İsfahan və xaric istehsalı olan parçalarla rəqabət etmək üçün gərək mütəxəssis yarada.

İki gün qabaqca idarələrimizdə Azərbaycan dilində yazan yox idi. İndi hamı sadəliklə yazmağı öyrənir. Bu cəhətdən mədəniyyət sahəsi öz dilimizə girdikdə çox tez tərəqqi eləyəcək və tez yazıb oxumaq öyrənəcəklər. İndi universitet yaratmaq dövlətin qərarı sayəsində bir ideya halından çıxıb əməl mərhələsinə giribdir. İndi kəndlərimizdə nəinki yalnız həkim, heç həkim köməkçisi belə yoxdur. Biz gərək elmi üsulda yetişdirək. Çünki biz əgər mütəxəssis yetişdirməyi elm üstə qoysaq, xırda bir mayasi olsa, çox tez nəticə almaq olar. Ona görə də universitetdə müəllimləri yetişdirmək üçün bir şöbə yaratmaq lazımdır ki, bu müəllimlər xalqı tərbiyə etsin. Tehranın zahiri görünüş üçün təsdiq etdiyi icbarı təlim qanununu bu yolla icra mərhələsinə gətirə bilərik.

   Universitet ona görə dəyərlidir ki, deyilsin, Azərbaycanın universiteti vardır. Bəlkə bu ehtiyacın və zərurətin nəticəsidir, hər vasitə ilə olursa olsun, universiteti quracağıq. Müəllim və mütəxəssislərin azalmasına baxmayacağıq. Xaricdə olan azərbaycanlılardan istifadə edəcəyik. Bu dövlət firqənin rəhbərliyi sayəsində əmələ gəlib və bir hədəfi var: xalqın ehtiyaclarınə nəzərdə tutur, verilən fikirləri və məsləhətləri nəzərə alır. Ümidvarıq ki, bu yol ilə tərəqqiyə yetişər və ləyaqətimizi göstərərik (alqışlar).

İndi bu bir aylıq təcrübə və xalq ilə münasibət göstərdi ki, Azərbaycan xalqı həqiqətən inamlı bir xalqdır, Tehran mətbuatında görükən bəzi təbliğatdan, həsəddən, nifaqdan əsər-əlamət yoxdur. İndi birlik əmələ gəlmişdir. İndi daha bədbinlik, ittihamlar və bir-birinin ziddinə danışmaq ortalıqdan gedibdir. Bu bizim müvəffəqiyyətimizin təməlidir. Bu birliyi saxlayaq. Əgər əməldə bir yanlışlıq görülürsə, pis demək əvəzinə, dövlətimizə məsləhət verilsin. Mən xalqımıza inanmışam və həqiqətən iman tapmışam. Bilirəm ki, xalq hamılıqla işləyəcək və hamılıqla qardaşlaşacaqdır (alqışlar).

 Gərək dostluğu xalq arasında möhkəmləndirək. Hamı qanun qarşısında bərabərdir. Heç bir kəsi ittiham etmək olmaz, hökumətimiz dəyişildiyi, qorxu və terror ilə təhdid edildiyimiz zamanlarda təhlükəsizliyi və asayişi bərpa etmək üçün edam cəzasına da ehtiyac var idi. Amma indi ki, dövlət qüvvətlənib və vəziyyətə nəzarət edə bilir yalnız gərək qanun hökm eləsin, gərək qanun xalqa və millətə hakimiyyət eləsin, şəxslər yox, Pişəvəri yox (sürəkli alqışlar).

İcazə verin, söhbətimizi bununla qurtaraq. Ümidvarıq ki, müvəffəqiyyət bizimlədir və əncümənlər seçkisində iştirak etməyə səy eləyək və müvəffəqiyyət qazanaq. Mən ümidvaram ki, tezliklə tərəqqi eləyəcəyik (alqışlar).

Cənab Pişəvərinin nitqi saat 10:20 də bitdi.

Go Back

Comment