Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

«Onu qeyri -adi gələcək gözləyirdi. . . »

 

  «Onu qeyri -adi gələcək gözləyirdi . . »

Suğra xanım Azəri (Cavadzadə) - 21 Azər Hərəkatının lideri, Azərbaycan Demokrat Firqəsinin qurucusu və rəhbəri Seyid Cəfər Pişəvərinin bacısıdır. Hər iki Azərbaycanda və İraqda yaşayıb, işləmişdir. İctmai-siyasi fəaliyyətə maraq göstərmiş, ADF-nin fəal üzvlərindən olmuş, ictimai işlərdə çalışmışdır. Həyat yoldaşı Mirağa Azəri Azərbaycanın hər iki tayında  Dəmiryolu və körpüsalma üzrə mühəndis işləyibdir. Bu gün Azərbaycanda inşa edilmiş bir neçə körpü onun adı ilə bağlıdır.

İş elə gətirmişdi ki, Suğra xanım qardaşı Seyid Cəfər Pişəvəri ilə təkcə uşaqlıqda deyil, sonralar da uzun müddət ailəlikcə bir yerdə yaşamış, qayğıkeş bir bacı  kimi  Pişəvərinin həmdərdi və sirdaşı olmuşdur.

Seyid Cəfər ailədəki beş uşaqdan ikincisi idi. Səfər ayının 13-də doğulmuşdu. Kəndin başbiləni Mirdamət (onun qabaqcadan hər şeyi görmək qabiliyyəti vardı) atama demişdi ki, bu uşaq çox ağır gündə dünyaya gəlib. Uşağı qada- baladan uzaq eləmək üçün yeddi il onun özü ağırlığında sədəqə paylanmalıydı. Gələcəkdə onun başına nələr gələcəyini təkcə Allah bilirdi. Təzə doğulmuş övlad haqda bu sözləri eşidən atamla anam çox mütəəssir olmuşdular. Yeddi yaşına qədər hər il onu tərəzinin bir gözünə çıxarır, o biri gözünə isə özü ağırlığında düyü, buğda və s. qoyurdular.

       Beş yaşında artıq yazıb oxumağı bacarırdı. Mütaliə etməyi çox sevirdi. Bəzən onu oynamağa çağıranda bacısına deyirdi ki, get özün tək oyna, mənə qarışma.

Ədəbiyyat, tarix, fəlsəfəyə aid əlinə nə kitab düşürdüsə, hamısını oxuyurdu. Çox güclü hafizəsi vardı. Molla  atasına onun Bağdadda təhsil almağını məsləhət görmüşdü.

Suğra xanımın sözlərinə görə atası kənd təsərrüfatı işləri ilə məşğul olurdu. Payızın sonu və qış aylarında işi az olduğundan işləmək üçün Quzey Azərbaycana, Rusiyaya gedərdi:

- Ata tərəfim Xalxalda məşhur olan Təbatəbai seyidlərindən idi. Atam çox zəhmətkeş idi. Kənddə hamı ona hörmətlə yanaşırdı. Zeyvə kəndində kənd əhli qaçaq-quldur əlindən cana gəlmişdi. Hər payız yığılan məhsulu talan edib aparırdılar. Elə olurdu ki, kəndliyə əkmək üçün toxumluq saxlamırdılar.

Seyid Cəfər bunları görüb deyirdi ki, mən belə yaşamaq istəmirəm, mən bu həyatı dəyişmək istəyirəm. On yaşlı uşağın söylədiklərinə böyüklər o qədər də əhəmiyyət vermirdilər.

1905-ci ildə Bakıya köçürlər. Bülbülədə yaşayırdılar. Seyid Cəfər də Bülbülədəki yeni məktəbə gedirdi. Bir neçə aydan sonra müəllimi atasını  çağırıb deyib ki, mən bacardığımı ona öyrətdim, nə kitab verirəmsə, hamısını bilir, hafizəsi güclüdür, çox irəli gedəcək.

 O, əmək fəaliyyətinə də çox erkən başlamışdı. Seyid Cəfər oxuduğu məktəbdə həm də işləyirdi - zəngi çalır, qapı-pəncərəyə diqqət edirdi. 13-14 yaşlı bu oğlana müəllimlər hərdən dərs keçməyi də etibar edirdilər.

Sonralar təhsilini Sabunçuda davam etdirdi. O vaxtlar İrandan çörək pulu qazanmaq üçün Bakıya çoxlu kəndlilər gəlirdi. Səhər erkəndən işə gedən fəhlələr 200 qram ət, l00 qram noxud, bir dənə soğanı içində su olan saxsı bir bardağa atıb, balaca bir həyətdəki sobanın üstünə qoyur, axşam da gəlib onu götürüb yeyirdilər. Qazandıqları bir manatla dolanır, hələ ondan İrandakı ailələrinə də göndərirdilər. Neft quyularında işləyirdilər. Quyunu qazanda əvvəl qaz çıxırdı, çox vaxt biçarələr qazdan boğulub, elə oradaca can verirdilər.

Suğra xanım özü də bütün bu olayların şahidi olmuşdu. Köks ötürüb deyirdi ki, Seyid Cəfər İranda quldur- qaçaqların onların başına açdıqları oyundan bura qaçıb gəlsələr də, burada da bir gün görmürdülər. O belə şeyləri çox görmüş və bu haqda çox fikirləşmişdi. İnqilabi ruh da onda belə halları gördükdən sonra yaranmışdı.Suğra  xanımın söylədiklərindən:

- Bizdən tez ayrı düşmüşdü. Üzünü çox vaxt evdə də görmürdüm. Qazanıb yığdığı pullara da Xırdalanda iki otaq kirayələmişdi. İranlı fəhlələrin yaşadığı yerlərdə  elanlar yapışdırıb onları könüllü açdığı kurslara (onlar pulsuz idi) dəvət edirdi. Gün ərzində elə olurdu ki, tələbələrlə 2-3 növbəli dərs keçirdi. Atam onu danlayıb deyirdi ki, çox çətin işdən yapışırsan, bacarmazsan. O isə atama qulaq asmırdı. Beləcə üç il müəllimlik etdi.                                                                     

Əslində atamın  ona təsiri daha çox olmuşdu. Atam Səttar xanın yaxın mücahidlərindən idi. Hələ o vaxtlar atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbətlər olurdu. 11-12 yaşlı Seyid Cəfər də həmişə onların qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda ona gülüb deyərdilər ki, sən belə şeyləri bilmək üçün hələ çox kiçiksən.

O vaxt təkcə böyük bacım öz ailəsi ilə birlikdə bu taya gələ bilməyib, İranda qalmışdı. Seyid Cəfər arada vaxt tapıb bacımı Bakıya gətirmək üçün İrana getmişdi. Lakin o vaxtlar kəndlərdə yayılan amansız qızdırma xəstəliyi bacımı və onun ailəsini yaxalamışdı, xəstəlikdən heç biri salamat qalmamışdı. Bu faciə ailəmizə, xüsusilə Seyid Cəfərə çox pis təsir etmişdi. O bir müddət xəstə düşmüşdü...

İki bacı, üç qardaş olmuşuq. Qeyd etdiyim kimi böyük bacım qızdırma xəstəliyindən bizi vaxtsız tərk etdi. Xatirəsini yaşatmaq üçün adını böyük qızıma qoydum. Həyat yoldaşım  çox səmimi və ciddi adam idi. Seyid Cəfərlə yaxın dost idilər.    O biri qardaşlarımdan biri həkim,  biri isə mühəndis idi. Mirsəlim əvvəllər «Hürriyyət» qəzetində məqalələr yazırdı. Peterburqda oxuyub. Dəmir  yolu, su, şosse yolu üzrə mühəndis olmuşdur. Bakıda o vaxtlar içməli su məsələsi çətin idi. Tək-tək dövlətlilərin həyətində su olardı. Suyu tək  Zeynalabdin Tağıyev çəkdirmişdi. Sonralar Şamaxı və  Quba tərəflərdən Bakıya su çəkilməsində onun böyük rolu olub.

Kiçik qardaşım Mirxəlil uzun müddət Bakıda Musa Nağıyev adına xəstəxananın IV korpusunun müdiri olub. Həm də Tibb institutunda dərs deyirdi...

Seyid Cəfər elə uşaqlıqdan çox mütaliə edirdi. Dünya malı, var- dövlət onu heç maraqlandırmırdı. Evdə, çöldə işləməklə arası yox idi. Anam da onu həmişə elə bu xasiyyətinə görə danlayardı. Hərdən yanına dost-yoldaşları  gələndə ya qızğın mübahisələr edər, ya da teatr oyunu çıxarardılar. O vaxtlar İranda teatr-filan yox idi. Yeganə tamaşaçıları da mən olardım.

Birinci dünya müharibəsi gedən zaman yaşayış çox ağırlaşmışdı. Bir yandan da erməni- müsəlman davası camaatı yaman günə qoymuşdu. O nankorlar həmişə bayram vaxtı Novruzda quldurluq edir, evləri soyur, araya qan salırdılar. O vaxtlar bu hadisəylə bağlı kədərli bir şeir dillərdə dolaşırdı. Adı gərək ki,  «Yaşardı gözəl əsgərlərimizin gözü» idi.

Qardaşımın gördüyü ictimai-siyasi işlərindən çox yazıblar. Onun üçün də bu barədə çox danışmayacağam.

İlk məqaləsi gərək ki, «Yoldaş» qəzetində çıxmışdı. Sonralar özü elə 17-yə yaxın qəzet çıxarırdı.

Seyid Cəfər şah sarayına yaxın bir qızla evlənmişdi. Atası şahın etibar etdiyi məmurlardan idi. Anası isə Tiflis türklərindəndi. (yəni azərbaycanlı). Çox gec evlənmişdi, peşəkar inqilabçı idi. Evlənəndə sarayla əlaqəsi olan qızla evlənmişdi ki, saraya nüfuz edə bilsin.

Seyid Cəfər işi ilə bağlı bir yerə gedəndə Məsumə mənim yanımda qalardı. Seyid Cəfərə qarşı çox nəzakətli, qayğıkeş idi. Onun işlərinə qarışmaz, onun rahatlığı üçün həmişə şərait yaradardı. Məsumə xanım yaxşı tar çalardı. Bircə oğulları qaldı. Atasının evdən son gedişində oğlu Daryuşun 20 yaşı vardı. Həyat yoldaşının ölümündən sonra Məsumə xanım Bakıda qala bilmədi. Daryuş da sonra bibisi qızı - yəni mənim böyük qızım ilə evləndi. İki övladları oldu. Biri atasının, o biri isə anasının sənətini seçib, mühəndis və həkim oldular. İndi Almaniyada yaşayırlar.

Mənə bəzən qardaşımla bağlı qəribə suallar verirlər. Onlardan biri də S. C. Pişəvərinin vəsiyyətnamə yazıb qoyması ilə bağlıdır.

Onun axı, cəmi 55 yaşı var idi. Bizim Şərq aləmində vəsiyyəti adətən ölümqabağı yazıb qoyurlar. Bunu da adətən ahıl, yaşlı, bir də tezliklə öləcəyini bilən və duyan xəstə adamlar edirlər.

O, ömrü boyu çox əziyyətlərə qatlaşmışdı. On bir il  «Qəsri-Qacar»  həbsxanasında saxlanılaraq işgəncələrə dözmüşdü. Oradan çıxanda onu çətinliklə tanıya bildim. O ağbəniz idi, iri gözləri vardı. Uşaqların içində ən gözəgəlimlisi idi - zahiri anama çəkmişdi. Zindandan azad olanda qarayanız olmuş, gözləri alacalanmışdı.

Azərbaycan Milli Hökumətinin qələbəsindən çox fərəhlənirdi. Yetim uşaqları küçələrdən yığışdırmış, kəndlilərə torpaq paylamış, qadınlara hürriyyət vermiş, türk dilli məktəblər açdırmışdı. Biz o zaman ailəmizlə Əraqda idik. Yoldaşım Sultanabadda dəmiryol çəkilişinə rəhbərlik edirdi. Bizə məktub yazmışdı ki, nəyi gözləyirsiniz, qayıdın Vətənə. Biz də geri döndük.

1946-cı ilin dekabr ayında onu buraya - Bakıya çağırdılar. Mənə onda xəbər eləmişdi ki, əlində vacib işi də olsa qoysun, durmayıb gəlsin. Xasiyyətinə bələd idim. Tez-tələsik biz də yola düşdük. Bizi bir neçə ailə ilə birlikdə Bakıya gətirdilər. Mərdəkanda bir hərbi sanatoriya vardı. Orada iki aya yaxın saxladılar, sonra bizi tələm-tələsik başqa yerə apardılar. Seyid Cəfər bizə heç nə götürməyə icazə vermədi. Dedi ki, 2-3 günə  yenə qayıdacağıq. Amma səfərimiz çox uzun çəkəsi oldu. Əvvəl Culfaya, sonra isə Naxçıvana getdik. O vaxtlar Azərbaycanın birinci katibi olmuş Mircəfər Bağırovla onun arasında məxfi söhbət olmuşdu. Dekabr ayının 13-ündən Sovet İttifaqı ilə İranın bütün sərhədləri 3 gün müddətində açıq oldu. M. Bağırov çalışırdı ki, o, sərhəd rayonlarından imtina etməyə razılıq versin. Bunun üçün ona çox şey boyun olurdu. Ümumiyyətlə hər nə istəsə idi alacaqdı. Lakin S. C. Pişəvəri buna heç cür razı olmurdu. O deyirdi ki, bu işə qol qoysam xalq mənə nə deyər?

M. Bağırovla söhbətdən sonra onun qanı  çox qaralmışdı. Deyirdi ki, bizi bura gətirməklə aldatdılar. Onun dediyi işə razılaşsam, mənə nə deyərlər? Qayıtmalı olacağam, qoşunları yığacağam. Lazım gəlsə, fədailəri başımıza yığıb partizanlıq edəcəyik. Son sözlərindən biri də bu oldu ki, burda daha qalmaq olmaz, səhər də olmasa, o biri gün yola çıxmalıyıq. Bakıda və respublikanın bir çox rayonlarında yerləşdirdiyi fədailərin hər bir ehtiyacı ilə özü məşğul olurdu. Yuxarıdakı sözləri deyəndən sonra   o fədailərinə pul və paltar çatdırmaq üçün maşına minib yola düşdü. Onu da deyim ki, son 3 gün ərzində şəxsi sürücüsünü (sürücümüz tanınmış ziyalı Çeşmazərin qardaşı idi) dəyişdirmişdilər. Yeni peyda olmuş sürücünü isə maşını təmizləmək üçün məndən bəzi şeyləri soruşanda görə bildim, Türkcə (Azərbaycanca) ləhcəynən danışırdı. Sonralar bildim ki, erməniymiş. 

1947-ci il iyulun 11-də o, avtomobil qəzasına düşüb, həlak oldu. Dedilər təsadüfi hadisədi, qəzadı...

 “21 Azər” jurnalı, 1999-cu il, yanvar Bakı.

P.S. Qeyd edim ki, Suğra xanımla görüşüb söhbətləşməyə az qala üç-dörd ay sərf etmişdim. Ümumiyyətlə, Suğra xanım başda olmaqla bu hörmətli şəcərənin davamçıları Seyid Cəfər Pişəvəri konusu ilə bağlı qapıya gələnləri  könülsüz qarşılayır, çox zaman kəlmə kəsmək belə istəmirdilər. Görünür Pişəvərinin ölümü ilə əlaqədar söz söhbətlərdən yorulmuşdular. Amma mən şanslı oldum. Bu üz-gözü nura boyanmış və hafizəsini ahıl yaşına baxmayaraq gözəl hifz eləmiş Suğra xanımla ünsiyyət yarada bildim. Və sonda onun  dilindən belə bir dəyərli xatirəni yazmaq mənə nəsib oldu. Ən başlıcası isə, bu söhbət-müsahibə Suğra xanımın Seyid  Cəfər Pişəvərinin  anadan olduğu günü, eləcə də ilini də dəqiqləşdirməyə imkan verdi. Bu çox önəmli tarixin  üzə çıxarılmasında mənim də rolum olduğundan iki qat sevindim. (S. C. Pişəvərinin təvəllüd tarixi bir sıra kitab və yazılarda fərqli olaraq 1893, 1897 və hətta 1888-ci il verilirdi. Doğma bacısı Suğra xanım isə S. C. Pişəvərinin 1892-ci ildə anadan olduğunu deyir. Bu tarix S.C.Pişəvərinin «Ajir» qəzetində özü haqqında yazdığı tarixlə üst-üstə düşür.) O vaxtdan böyük mütəfəkkirin doğum tarixi ilk dəfə olaraq dəqiqliyi ilə müəyyən edilmiş oldu – 1892-ci il, səfər ayının 13-nü, yəni avqust ayının 26-nı S.C.Pişəvərinin doğum günü  kimi yaddaşımıza həkk elədik!

 Dr. Pərvanə Məmmədli

Go Back

Comment