Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci ildönümü münasibətilə

 

Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci ildönümü münasibətilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin elanı

 

Əziz vətəndaşlar, əziz yoldaşlar!

21 Azər, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə Azərbaycan xalqının azadlığa nail olması, ölkədə irtica və istibdad rejiminə qarşı qalib gəlməsi üçün böyük bir hərəkat və qiyamı xatırladır.

Bu gün Azərbaycan xalqının iradəsi yurdumuzda milli zülm, istibdad, irtica və imperializm üzərində qələbə çaldı. Geniş xalq bazasına malik olan Azərbaycan Xalqının Milli qurultayının nəticəsində Azərbaycan Milli Hökuməti yarandı. Xalqın dəstəyi ilə milli hökumət qısa bir müddətdə iqtisadi, inşaat, mədəni, incəsənət, əmək və sosial təminat sahələrində elə bir böyük müvəffəqiyyətə nail oldu ki, hətta onu  düşmənlər belə tərifləyərək, inkar edə bilmədilər.

21 Azər hərəkatı və Azərbaycan Demokrat Firqəsinin yaranması Azərbaycanın görkəmli  və əbədi yaşar şəxsiyyəti- Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 12 Şəhrivər bəyaniyyəsinin nəşri ilə  həqiqətə çevrildi. Bu hərəkat qısa müddətdə xalq kütlələri, xüsusilə də kəndli, zəhmətkeş və Azərbaycan ziyalıları tərəfindən rəğbətlə qarşılandı. Demokrat firqəsinin yaranması tarixi zərurət, ictimai ehtiyac və xalqın azad iradəsinin təzahürü idi. Azərbaycan xalqı bu hərəkatda milli kimlik, öz müqəddəratını təyin etmək habelə o vətənin siyasi, iqtisadi həyatında iştiraki ilə yanaşı, ictimaiyyətdə sosial ədalətin bərpasını istəyirdi. Ona görə də ilk günlərdən irticanın ürəyinə qorxu və vahimə salaraq, onu həddən artıq qəzəbləndirmişdi. Onun ardınca firqə rəhbərlərinin üzərinə söyüşlə birlikdə töhmət və iftira yağışı yağmağa başladı. İranda liberalizmin yayılmasından narahat olan Tehranı idarə edən mürtəcelər və onların xarici havadarları o hərəkatı əvvəlcə Azərbaycan hüdudları daxilində məhdudlaşdırmaq, sonra isə kökünü qurutmaq üçün hər cür hiyləyə əl atdılar. Bu istiqamətdə ölüm tacirləri, onların daxili və xarici hamiləri demokrat firqəsinin və Azərbaycan Milli Hökumətinin məqsədlərinin qarşısını almaq üçün hər cür hiylə işlətdilər. Nəhayət, namərdcəsinə hərbi yolla qanlı qırğın törətməklə Azərbaycanın xalq hakimiyyətini devirdilər. Lakin onlar Azərbaycan xalqının Azərbaycan Demokrat Firqəsinə və onun qurduğu milli hökumətə sevgisinin sonsuz və əbədi olmasından xəbərsiz idilər.

Bu tarixdən bir neçə onilliklər keçməsinə baxmayaraq insanlar hələ də Azərbaycan Demokrat Firqəsini sevərək, onun nailiyyətlərindən danışırlar.

Biz bu il əzəmətli 21 Azər hərəkatını elə bir şəraitdə qeyd edirik ki, ölkəmiz, ağır iqtisadi, siyasi böhran və fəlakətlə qarşı-qarşıyadır. Yoxsulluq, işsizlik, evsizlik, vətəndaşların geniş şəkildə həbsi və xarici ölkələrə mühacirəti, habelə  oğurluq və sistematik korrupsiya günü-gündən  genişlənməkdədir. Gənc vətəndaşlar təzyiq, təqib  və həbsə məruz qalmaqla yanaşı, rejim qüvvələri tərəfindən onlar öldürülmək və kor edilməklə təhdid olunurlar. Gənc mübarizlər rejiminin caynağından xilas olmaq üçün müxtəlif taktikalara əl atırlar.  Siyasət yürütməkdən aciz olan Vilayəti-fəqih  rejimi cəmiyyəti uçuruma yaxınlaşdırmış, milli zülm, ayrıseçkilik, sinfi və sosial problemlərin artması gələcəkdə böyük və ümumi bir xalq hərəkatına  zəmin yaratmaqdadır...

Hazırkı həssas şəraiti nəzərə alan Azərbaycan Demokrat Firqəsi ölkəni idarə edən mürtəce rejimə qələbə çalmaq üçün ilk növbədə öz sıralarını birləşdirib möhkəmləndirməyi, həmçinin digər milli, vətənpərvər və demokratik qüvvələrlə əməkdaşlığı genişləndirməyi özünün tarixi məsuliyyəti hesab edir. İnanırıq ki, 12 Şəhrivər müraciətnaməsi hələ də fəaliyyət platformunun əsasını təşkil edərək İranda yaşayan millətlər, etnik qruplar arasında azadlıq, həmrəylik və əməkdaşlıq istəyini genişləndirmək qabiliyyətinə malikdir.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi bütün üzv və tərəfdarlarına, həmçinin vətənimizin əziz əhalisinə ayıq-sayıq olmağı, düşmənlərin hər tərəfdən bizə hücum edəcəyini, bəzi dostlarımızı aldadaraq bizi məhv etməyə çalışa biləcəyini düşünməyi tövsiyə edir. Çünki düşmənlərin bu səyi bizi xalqın apardığı mübarizə yolundan uzaqlaşdıra bilər. Baxmayaraq ki, Azərbaycan Demokrat Firqəsi onilliklər təcrübəsinə söykənərək  doğru yolu seçib, xalqın mənafeyini müəyyənləşdirməyə və həmin məqsədi davam etdirməyə qadirdir. Azərbaycan Demokrat Firqəsinin son məqsədi ayrıseçkiliyin və milli zülmün aradan qaldırılması, azadlığın bərpası, həmçinin öz müqəddəratını təyinetmə hüququ və məhrum ərazilərdə, xüsusən də Azərbaycanda bütün sahələrdə olan geriliyə son qoymaq, o cümlədən dil və mədəniyyət azadlıqlarının təmin edilməsidir...

Yaşasın ölkədə yaşayan bütün etnik qruplarının, xalqlarının azadlığa, öz müqəddəratını təyinetmə hüququna və siyasi iştiraka nail olmaq üçün əməkdaşlığı, həmrəyliyi və birgə mübarizəsi!

Azərbaycan Demokrat Firqəsi şəhidlərinin və vətəndə şəhid olan digər azadlıq mübarizlərinin xatirəsi ehtiramla yad olsun!

Yaşasın bütün partiya, təşkilatların və ölkədə olan millətlərin bərabər hüquqluğuna inanan azadlıq sevərlərin  həmrəyliyi!

Azərbaycan Milli Hökumətinin xatirəsi ehtiramla yad olsun.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

21 Azər 1402

12 dekabr 2023

 

Go Back

Comment