Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Əli Tudə - 95

Əli Tudə - 95

(1924-1996)

Böyük yaradıcı  şəxsiyyətlər həmişə böyük tarixi hadisələrdən doğulub. 95 illiyini qeyd etdiyimiz şair Əli Tudə bu mənadaAzərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış “21 Azər” nehzətinə bağlıdır. O, ömrünün sonuna qədər də azadlıq ideyalarına sadiq qalan nadir yazarlardandır.  

Cavadzadə Əli Əliqulu oğlu: şair, 1958-ci ildən SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1924cü il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. Burada 150 nömrəli orta məktəbin yeddinci sinfini bitirdikdən sonra ailəlikcə ata-baba yurdu Ərdəbilə köçürülüblər. Nəticədə  təhsili yarımçıq qalıb. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsi oyatmışdır.  İlk şeirini də bu vaxtlar, 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə çap etdirib. 1944-1946-cı illərdə Ərdəbildə “Ziddi faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxında şeirləri müntəzəm çap olunmuşdur.

O, 1944-cü ildə Hizbi Tudeyi İranın  üzvü olur. Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olur. İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli Hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyinin tədris şöbəsinin müdiri (1945-1946), Təbriz Filormoniyasının direktoru (1946) vəzifəsinbdə çalışır. Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirəti zamanı “Ədəiyyat” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləyib. Ona ana dilində təhsil almaq imkanı yaranır. Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olur. Oranı fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyatında redaktor, Ali Partiya Məktəbində müdavim, “Azərbaycan” ruznaməsində ədəbi şöbə müdiri olur (1952-1962).

 Sonra bütün qüvvəsini yaradıcılığa sərf edir. Ümumittifaq tədbirlərində (Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündə, Tibilisidə yazıçıların plenumunda və sair) iştirakçı olmuşdur. “21 Azər” (1946) medalı, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960). Əmək veteranı (1987) idi.

50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis dillərinə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Nəticədə layiq olduğu bir çox yüksək titul və mükafatlardan kənarda qaldı. Eyni zamanda çox təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü, yaradıcılığını Azərbaycan xalqına, onun azadlığına, tərəqqisinə həsr etmiş bu böyük sənətkara  Xalq şairi adını daşımaq qismət olmadı.

1996-cı il fevralın 26-da Bakıda vəfat etdi. 2-ci Fəxri Xiyabanda dəfn olundu. İnsan var, öləndə deyirlər öldü. İnsan da var deyirlər dünyasını dəyişdi. Əli Tudə dünyasını dəyişdi. Dünyadan getmıədi. Dünyada qalanlar da dünyanı tutub qalmayacaq.

Sizi bir az da olsa Əli Tudə yaradıcılığı ilə tanış etmək istəyirəm. Hələ Təbrizdən Naxçıvana keçəndə 12 dekabr 1946-cı ildə Əli Tudə “Mən nə gətirdim” şeirini yazdı.

Mən öz qardaşıma mehman gələndə,

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların dolusunu toplar gələndə

Bir ləkə düşməyən vicdan gətirdim

 

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı.

Mən öz varlığımı, öz həyatımı,

Doğma qardaşıma qurban gətirdim.

Beləliklə mühacir ədəbiyyatımızın təməlini qoydu. Bu bir manifest, bu böyük bir şeirdir. Sonralar Əli Tudənin bu şeiri “21 Azər” Hərəkatınından gələn dostlarının və onların davamçılarının manifestinə çevrildi. Görkəmli şairlərimiz Balaş Azəroğlu, Söhrab Tahir, Hökumə Billuri, Mədinə Gülgün ona hörmətlə bir ustad kimi baxırdılar. Əli Tudənin çox böyük ürəyi vardı. O, yaradıcı gənclərə çox qayğı ilə yanaşırdı,  uğurlarına sevinirdi.

Mənim də bu böyük şairlə çoxlu unudulmaz xatirələrim var. “Mühacir” qəzetində bir hekayəm, 3 şeirim çıxmışdı. Şəkilim ilə bir yerdə. Özüm də  Biləcəridə beş mərtəbəli evin beşinci mərtəbəsində 2 otaqlı mənzildə yaşayırdım,  ev telefonum var idi. Bir gün gözləmədiyim halda telefon zəngi çalındı. Dəstəyi götürdüm, Əli müəllimin  əzəmətli səsini eşitdim “Tariyel səni təbrik edirəm. “Mühacir”də çıxan şeirlərini oxudum. Çox xoşuma gəldi. Səni bağrıma basıram, öpürəm. Təbrik edirəm!” Əli müəllimə çox-çox təşəkkür elədim. Elə bil dünyanı mənə verdilər.

“Gənc qələmlər” dərnəyi vardı. Dərnəyi mən aparırdım. Dərnəyin üzvlərindən olan Əyyub Sədi mənə dedi: Tariyel, Əli Tudə ilə danışmışam, icazə verib bir gedib Əli müəllimlə şeirlərimizi oxuyarıq. Getdik. Vaqif küçəsində yazıçılar binasında yaşayırdı. Əyyub Sədi qapını tapdı. Qapının üstə Əli Tudə yazmışdı. Zəngi basdı. Əli müəllim özü qapını açdı.

  • Xoş gəlmisiz. Xoş gəlmisiz. Keçin içəri. Xanım evdə yoxdur, təkəm. Rəna da, digər qızım da dərsdədir.

Bizi iş otağına dəvət etdi. Mizin üstündə bir neçə şeirlə dolu qovluqlar var idi. Bir də üstündə ağ sap alan bir iynə.

Dedi: - Nə var, nə yox Tariyel!

Dedim: - Sağ olun Əli müəllim, hər şey yaxşıdır. Utanırdım Sizə gəlməyə Əyyub məni zorla gətirdi. Şeirlərimizi Sizə oxuyaq.

  • Hə, qoy bir çay gətirim...

Əli müəllim çay gətirdi. Xurustal qabda əncil mürəbbəsi qoydu. Əyləşdi.

  • Oxuyun görüm nə yazmısınız.

Əyyub Sədinin bir şeiri var idi. Atasına həsr etmişdi.” Sənin yolun ilə gedəcəyəm mən” şeirini oxudu. Şeiri oxuyandan sonra düşdü mürəbbənin üstünə. Mən şeirlərimi oxuyub qurtarana kimi mürəbbəni yeyib qurtardı.

Əli Tudə gördü çaylar qalıb mürəbbə qurtarıb. Gedib mürəbbə qabını bir də doldurub gətirdi. Başladı özü bizə şeirlərini oxumağa. Əlində iynəni tutmuşdu. Elə bu şeiri də bizə oxudu.

  • İnsan bir iynəsi itsə axtarar,
  • Mənim Təbriz boyda şəhərim hanı?..

Baxdı ki, yenə mürəbbə qabı boşalıb.

Dedi: - Ə, Əyyub Sədi, bura şeir oxumağa gəlmisən, yoxsa mürəbbə yeməyə? Sonra əlavə etdi. – Zarafat eləyirəm. Nə vaxt istəsəniz gələ bilərsiniz.

Dedim Əli müəllim indi mən sizin şeirlərinizdən deyim, siz qulaq asın.

Dedi: De! Başladım, göydən narın yağış yağırmış kimi şeir deməyə:

Durub Xudafərində açacağam yaxamı.

Yosunlu divarlara verəcəyəm arxamı.

Məni də sellər sular, ya Sara tək aparsın,

Ya səsim sahil boyu bir fırtına qoparsın.

Bir başqa şeirindən:

Dilim yorulmadı Vətən deməkdən,

Yox yalnız əridi bədənim mənim

Uçan qaranquşdan, əsən küləkdən,

Soruşdum necədir Vətənim mənim.

Əli Tudə də xoş bir əhval –ruhiyyə yarandı. Bizi qapıdan ötürəndə şairə diqqətlə baxdım. Başını şax tutmuşdu. Saqqalı ağappaq idi. Qaşları da ağarmışdı. Sifəti güləndə, gözləri gülmürdü. İki barmağının arasında siqareti bərk-bərk sıxmışdı.

Zehnimdə bir fikir dumanı yarandı. Bu kişi Təbriz Filormoniyasının direktoru olub. Özü də cavan yaşında. Aşıq Hüseyn Cavan, Rübabə xanım Muradova kimi işçiləri olub. ..

Sovet dönəmində bu böyük ustad şair fəxri Xalq şairi adı almadı. Ancaq Əli Tudə dünyasını dəyişsə də o taylı, bu taylı xalqımızın qəlbində yaşayır. Yenə də Əli Tudənin bu misralarını xatırladım:

“Mən yanar ürəyimə bəzən ürək desəm də,

 Bir mürəkkəb qabı tək gəzdirmişəm sinəmdə”.

Əli Tudə ilə bağlı xatirələrimdən:

Cənubi Azəırbaycan Yazıçıları Cəmiyyəti ayda bir dəfə iclas keçirirdilər. İclası Balaş Azəroğlu idarə edirdi. Sabir Nəbioğlu da katib idi. Belə vaxtlarda Əli Tudə maraqlı söhbətlər edirdi.

Onda  Əli müəllimin cavan vaxtları idi. Azərbaycan Yazıçılar İttifaqında söhbət zamanı deyir ki, Səməd Vurğun yaxşı şairdi. Birini isə tərifləmir. Süleyman Rüstəm onu görəndə deyir: Əli demisən ki, Səməd Vurğun yaxşı şairdi. Bəs mən?.. Yaxşı şair deyiləm?..  Əli müəllim cavab verir ki, Siz yaxşı şairsiz ey!.. Amma Səməd Vurğun əla şairdi.

Bir gün Səməd Vurğun Novxanıda dəniz qırağında çimirmiş. Sahildə də yekə bir xar tut ağacı varmış, onun kölgəsində dayanarmış. Birdən başını qaldırıb yuxarı baxır. Görür ağacın başında qara xar tut elə yetişib ki. Qara tumanda çılpaq, dırmaşır ağacın başına. Doyunca tutdan yeyir. Ağzı, burnu qara tuta bulaşır. Məktəbli uşaqlar ağacı dövrəyə alırlar. Səməd Vurğun soruşur uşaqlardan:

- Hansı şairləri tanıyırsınız?

Uşaqlar cavab verirlər: Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Rüstəm. Deyir: Bəs Səməd Vurğun.

Deyirlər o ki, sevimlidir.

Deyir: O mənəm.

Deyirlər: Səməd Vurğun böyük şəxsdir. O, ağaca dırmaşmaz, düzü. Sən kimsənsə yol azmısan, üz-gözü yorğun. Düş aşağı kişi dolama bizi .

Səməd Vurğun deyir düşdüm ağacdan, elə bildim gəncliyim  o yaşıl budaqlar arasında qaldı.

Əli Tudə bu hadisənin rəssam kimi şəkilini çəkib. Gözəl bir şeir yazıb.

Bir gün Səməd Vurğun Kəlbəcərdə olarkən konsert verməyə getmiş müğənnilərdən biri Sara Qədimova ona deyir: Səməd sənin təıriflədiyin gözəllər, kənd qızları bunlardı?

Bir dəstə qız tarladan gəlirmiş. Səməd deyir:

Nə ola Allahın altda,

Bir yağış tutaydı burdaca bizi.

Sənin pudran, boyan yağan gedeydi,

Onların üstünün, başının tozu,

Yağış ara verib günəş doğanda.

Əsil gözəl kimdi görərdik onda

Əli Tudə bu hadisəni şair diliylə necə vəsf edibsə adam heyran qalır.

Cənub yazıçılarının iclasında yağın bahalaşmasından, tapılmamasından söhbət gedirdi. Söhrab Tahir dedi: Mən hökumətə dağ çəkmişəm. Soruşurlar necə bəyəm?.. Dedi 3 aydır yağ yemirəm. Hamı gülüşdü.

Əli Tudə dedi: Kef çəkməkdən qırıldıq.

Bu gün biz Əli Tudə poeziyasının işığına yığışmışıq. Böyük şair, azadlıq ideyalarının tərənnümçüsü, gözəl ailə başçısı, səmimi dost olan ustad şairimiz həmişə bizimlədir. Bizim qəlbimizdədir.

Onun ruhu demokratik Azərbaycan Ədəbiyyatının səmasında bir qartal kimi qanad çalır.

Tariyel Ümid,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

İranlı Mühacirlər Ədəbi Birliyinin sədri

Dədə Qorqud Beynəlxalq mükafatı laureatı

Bakı 2019

Go Back

Comment