Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

“Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi”

 “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda müzakirələr

Tədbirdə İranlı Mühacirlər Cəmiyyətinin təmsilçiləri də çıxış etdilər

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2018-ci il tarixdə  Əməkdar elm xadimi,  professor, “Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə"  medalları,  "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə", Qırmızı Əmək Bayrağı, "Oktyabr inqilabı",  "Şərəf nişanı"  ordenləri ilə təltif olunan xalq yazıçısı, ədəbiyyatşünas    Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə əlaqədar  “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açdı. Azərbaycanın  görkəmli yazıçısı, ədəbiyyatşünas  Mir Cəlalın həyatı, ədəbi fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, görkəmli ədib İranda anadan olmuş, kiçik  yaşlarından Gəncə şəhərinə köçmüşdür. Gəncə Darülmüəllimində, Kazan Şərq Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1928-ci ildən isə ədəbi fəaliyyətə başlamışdır. "Kommunist", "Gənc  işçi" qəzetlərində, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərmişdir.  Yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən Mir Cəlalın ədəbi irsi bütün dövrlər üçün aktualdır.

Filologiya elmləri doktoru, yazıçı Esmira Fuad Mir Cəlalın bədii yaradıcılığı, hekayələrində ibrətamiz kəlamlar, nəsihətamiz ibarələrə geniş yer verməsindən, oxucu marağını özünə cəlb etməsindən  danışandan sonra bildirdi ki, onun  1939-cu ildə yazdığı "Bir gəncin manifesti” romanı məzmunu, ideyası və bədii mükəmməlliyinə görə  bir qədər fərqlidir.  XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında olan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin əsl nümunəsidir.

Sonra İranlı Mühacirlər Cəmiyyətinin təmsilçiləri çıxış etdilər. Öncə Mir Cəlal barədə 8 elmi kitabın müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynovaya (Umani) söz verildi. O, Mir Cəlal Paşayevi üç zirvənin vəhdətində dayanan  insan adlandırdı. Çıxışında əsl pedaqoq, yaradıcılığı Azərbaycan ədəbiyyatında silinməz izlər qoyan görkəmli yazıçının əsərlərinin dili, aforizmlərdən yerli-yerində istifadə etməsi, romanlarının ideya-bədii xüsusiyyətləri haqqında danışdı. Müəllifi olduğu iki cildlik “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri kitabını bilik ocağına bağışladı.

İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini Firidun İbrahimi Mir Cəlalın əsərlərində Arazın o tayında gedən azadlıq uğrunda mücadilələrə geniş yer verilməsini vətənpərvərlik tərbiyəsində oynadığı roldan söhbət açdı. Sonra 1945-1946-cı illərdə Təbrizdə qurulmuş Milli Hökumətin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyi ilə əlaqədar yeni nəşr olunan “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)” kitabını bilik ocağına hədiyyə etdi.

Tədbirin sonunda  jurnalist  Dəyanət Səlimxanlı “İlahi nur”  kitablarından bir neçə nüsxə kitabxanaya hədiyyə verdi, “Yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayev” adlı kitab sərgisinə baxış keçirildi.

 

Go Back

Comment