Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Vətənə, xalqa xidmət missiyası

 

İKİ SAHİL.AZ

Vətənə, xalqa xidmət missiyası

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur

Əbu Turxan,
Şərq filosofu

Hər bir insan bu dünyaya bir missiya ilə gəlir.  Bəziləri  80-90, hətta 100 il və daha çox ömür sürsələr də Uca Yaradanın onların  qarşısında qoyduğu tarixi missiyanı yerinə yetirmədən  əbədiyyətə köç edirlər. Bəziləri isə əksinə, çox qısa ömür yollarında o qədər uzun, o qədər çeşidli məsafə qət edirlər, o qədər böyük missiyanın öhdəsindən gəlirlər  ki, belələrinin həyat kitabını vərəqlədikcə sadəcə, heyrətlənməyə  bilmirsən. Xalq yazıçısı Mirzə İbrahimovun məşhur “Gələcək gün” romanının baş qəhrəmanı, “21 Azər” Hərəkatının fəal iştirakçısı, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru, 1947-ci ildə Milli Hökümətin süqutundan sonra şah rejimi tərəfindən  28 yaşında dar ağacından asılmış Firidun İbrahiminin  ömür yolu kimi...

Dövlət xadimi, diplomat, hüquqşünas, jurnalist, publisist, şair, tədqiqatçı, heç vaxt tutduğu haqq yolundan, məsləkindən, amalından dönməyən bütöv əqidə adamı... Bütün bu sadaladığım və sadalaya bilmədiyim digər bəşəri keyfiyyətləri özündə birləşdirən  Azərbaycan sevdalı Firidun İbrahiminin 28 illik qısa  ömür yolunun bələdçiləri olan, bu müxtəlif peşə və tutulların hər bir  sahəsində nəhəng fəaliyyətini əks etdirən faktlara nəzər salarkən heyrətdən, necə deyərlər, gözlərim böyüyür və  istər-istəməz ürəyimin dərin qatlarından bu sözlər qopur: “İlahi, bu qədər istedadı,  savadı, qabiliyyəti, dünyagörüşünü, siyasi, diplomatik, mədəni keyfiyyətləri, nəhayət, gücü, enerjini, əqidə, məslək,  bütövlüyünü, dönməzliyi, xalq, vətənsevərliyi... 28 illik qısa ömür yoluna necə sığışdırmaq olar?”

Böyük mübarizə yolunda ilk addımlar

Firidun Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də  İran Astarasında  doğulmuşdur. O, hələ çox gənc yaşlarından, 1941-ci ildə Tehran Universitetinin hüquq fakültəsində oxuyarkən tələbə hərəkatında fəal iştirak etməyə başlayır və İran Xalq Partiyasının sıralarına daxil olur, ölkənin bir sıra nüfuzlu qəzetləri ilə əməkdaşlıq edir, həmin nəşrlər üçün günün aktual mövzularından bəhs edən elmi, siyasi və publisistik məqalələr yazır.

1945-ci ilin mayında Tehran Universitetini müvəffəq qiymətlərlə bitirdikdən sonra gənc Firidunun həyatında mübarizələrlə dolu yeni bir mərhələ başlayır. İran Xarici İşlər Nazirliyindən və digər mötəbər dövlət qurumlarından iş təklifi  alsa da xalqına xidməti bütün vəzifə karyeralarından üstün tutan gənc hüquqşünas tərəddüd  etmədən doğma Azərbaycana qayıdaraq dərhal siyasi mübarizəyə qoşulur. Həmin ilin sentyabrın 5-də Azərbaycan Demokrat Firqəsinin (ADF) mətbu orqanı kimi Təbrizdə ilk sayı işıq üzü görən “Azərbaycan” qəzetində yaradıcılıq fəaliyyətinə başlayır və  elə həmin ayda ADF-nin sıralarına qəbul edilir. Oktyabrın 1-də Təbrizdə öz işinə başlayan ADF-nin I qurultayına seçilmiş 237 nəfər xalq nümayədəsindən biri kimi bu ali tədbirdə fəal iştirak edən F.İbrahimi cəmi iki ay sonra-1945-ci il dekabrın 12-də Güney Azərbaycanda  Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan 39 nəfərdən ibarət  Milli Hökumətin tərkibində Baş prokuror vəzifəsinə təyinat alır.

Şübhəsiz, 28 illik qısa ömür yolunun son 10 ilinin hər anı doğma xalqına, Vətəninə təmənnasız xidmət nümunəsi olan F.İbrahiminin tələbəlik illərindəki fəaliyyəti, Cənubi  Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan “21 Azər” Hərəkatında iştirakı, xüsusilə cəmi bir il ömür sürən Milli Hökumətin Baş prokuroru kimi gənc və demokratik ölkənin hüquq sisteminin yaranması, formalaşması və inkişafı istiqamətində  gördüyü misilsiz işlərı nəinki bir qəzet məqaləsinə, mübaliğəsiz demək olar ki, hətta cild-cild kitablara belə sığışdırmaq mümkün deyil.

Zənnimizcə, Firidun İbrahiminin bu günlərdə  Azərbaycan Milli Elmlər Akademiyasının  Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə latın qrafikası ilə yenidən nəşr olunmuş “Sülh uğrunda” kitabındakı  biri-birindən maraqlı, biri-birindən məzmunlu epizodlar bu böyük şəxsiyyətin bitib-tükənməz mübarizələrlə dolu mənalı ömür yoluna işıq salan ən qiymətli mənbələrən biridir.    XX əsr İran  tarixinin, o cümlədən “21 Azər” Hərəkatının yorulmaz tədqiqatçısı, fədai övladı, tarix elmləri doktoru Səməd Bayramzadənin tərtib etdiyi,əski əlifbadan latın qrafikalı Azərbaycan əlifbasına çevirdiyi  və “Ön söz” yazdığı  bi qiymətli nəşrdə Firidun İbrahiminin iştirakçısı olduğu Paris Sülh Konfransı haqqında qələmə aldığı və ADF-nin orqanı olan  “Azərbaycan” qəzetinin 9 noyabr-10 dekabr 1946-cı il tarixləri arasında çıxan 23 sayında “Sülh uğrunda” başlığı altında dərc edilmiş silsilə məqalələri tam əksini tapmışdır.

Baş prokuror “dil tələsi”ndən necə qalib çıxdı?

Qısa və mənalı həyatının hər anı mürtəce şah rejimi ilə amansız mübarizədə, əgər belə demək mümkündürsə, ölüm-dirim savaşında keçən F. İbrahiminin Paris Sülh Konfrasında iştirakı bu polad iradəli insana  o qədər də asan başa gəlməmişdir. İran rejimi onun artıq mövcudluğu ilə barışmağa məcbur olduğu Azərbaycan Milli Hökumətinin mətbuat təmsilçisi kimi İkinci Dünya müharibəsindən sonrakı dünyanın gələcək taleyini həll etməli olan  bu mötəbər  konfransda iştirakına hər vasitə ilə əngəl törətməyə çalışır, bu yolda ən çirkin, ağlagəlməz  üsullara əl atırdı.

F. İbrahimi  Azərbaycan düşmənlərinin bu təxribat əməllərini “Sülh uğrunda”  kitabında belə təsvir edir: “Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və nəticədə Azərbaycan dilində yazılmışdır. Ona görə mən bu pasportu həmişə bir əziz yadigar kimi saxlayacam.

Tehrandan Parisə getməkdən ötrü Fransa vizasından əlavə İraq, Suriya, İordaniya, Livan, Fələstin və Misir tranzit vizalarına da ehtiyac var idi.  Ona görə mən Xarici İşlər Nazirliyinin  pasport və viza şöbəsinə müraciət etdim.Bu nazirlikdə uzun  illərdən bəri mühüm və həssas postları tutub, bürokratizmin daşlaşmış fiqurlarına çevrilmiş idarə işçiləri mənim pasportumun Azərbaycan dilində yazıldığını gördükdə ildırım vurmuş kimi mat qaldılar: “Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik, çünki Azərbaycan dili rəsmi dil deyil”,-deyə  pasportu əldən-ələ verib çoxlu sayda şöbələrdə  gəzdirdilər. Nəhayət, pasport idarəsinin rəisi cənab Ərdəşir mənim dəlillərimi eşitdikdən sonra  göstərilən dövlətlərin səfirliklərinə notalar hazırlayıb göndərdi.”

Paris Sülh Konfransında

Şah rejimi hər cür maneə üsullarını  işə salmasına baxmayaraq,  1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirakı ilə öz işinə başlayan və oktyabrın 15-dək davam edən konfransa avqustun 10-dan etibarən Azərbaycan Milli Hökuməti adından  mətbuat nümayəndəsi kimi  qatılan Firidun İbrahimi bu mötəbər beynəlxalq tədbirin bütün iclaslarında iştirak edir və burada gedən qızğın müzakirələri sonadək diqqətlə izləyir. F.İbrahimi dərin müşahidələrinin  nəticələri olaraq  antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqaviləsi bağlamağı nəzərdə tutan Paris Sülh Konfransı haqqında “Azərbaycan” qəzetinin səhifələrində ardıcıl  olaraq silsilə məqalələr dərc etdirir. Bu məqalələrdə o, əslində əsas vəzifəsi İkinci Dünya müharibəsindən sonra  yaranmış tarixi şəraitdən yararlanmaqla  öz azadlıqlarına qovuşmaq uğrunda mübarizəyə qalxan müstəmləkə və yarımmüstəmləkə ölkələri xalqlarının  problemlərini çözmək, bununla bağlı bütün sualları cavablandırmaq olan  konfransda əsas söz sahibləri rolunda çıxış edən  ABŞ və İngiltərənin ikiüzlü siyasətəni, bu antiinsani siyasəti dəstəklətən Fransanı, necə deyərlər, daşdan keçən faklarla ifşa edir, onların  yeni müstəmləkələr əldə etmək niyyətlərini ortaya qoyur.  

Azərbaycanlı diplomat Ərəb Dövlətləri

Liqasının iç üzünü 72 il əvvəl necə açdı?

Bu gün artıq əsas məramı Ərəb dünyasını birləşdirmək, bu ölkələrin suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq olan Ərəb Dövlətləri Liqasının əslində bu toplumu və bütövlükdə müsəlman aləmini  parçalamaqla məşğul olduğu heç kim üçün sirr deyil. Amma açıq etiraf etmək lazımdır ki, 72 il bundan əvvəl yenicə yaranmış bu Liqanın əslində hansı çirkin məqsədlərə xidmət etdiyini, kimlərin əlində alətə çevrildiyini duyub hiss etmək və bunu açıq şəkildə bəyan etmək böyük siyasi uzaqgörənlik, yüksək diplomatik bacarıq, jurnalistlik məharəti  və nəhayət böyük cəsarət tələb edirdi.

 F. İbrahimi  məqalələrinin birində  Parisdə olduğu müddətdə  Fransanın müstəmləkəsi olan ölkələrin azadlıq hərəkatının rəhbərləri ilə görüşləri çərçivəsində Mərakeş İstiqlal Partiyasının sülh konfransında iştirak edən nümayəndə heyətinin üzvləri ilə apardığı danışıqlar barədə belə  yazırdı: “Sentyabrın 19-da “Lutsiya” otelində  mən bir demokrat qəzet yazarının vasitəsi ilə  Mərakeş İstiqlal Partiyasının  nümayəndə heyəti ilə tanış oldum. Otelin salonunda biz bir saatdan artıq söhbət etdik. Azərbaycan hərəkatı haqqında geniş məlumatları var idi. Amma təəccüb edirdilər ki, bir müsəlman milləti  Ərəb Dövlətləri Liqasının köməyi olmadan necə öz azadlığını əldə etməyə müvəffəq olmuşdur.  Danışıqdan başa düşdüm ki, Mərakeş İstiqlal Partiyasının nümayəndələri  Ərəb  Dövlətləri Liqasının başında duranları  və imperialist dövlələrin  planlarını icra edənləri tamamilə tanımamışlar. Ərəb Dövlətləri Liqası onların nəzərində böyük bir milli qüvvə kimi görünürdü və ona görə də belə düşünürdülər ki, bütün müsəlman xalqlarının nicatı bu qüvvədən asılıdır. Mən Ərəb Dövlətlərini Liqasının nə olduğunu və həqiqi mahiyyətini onlara üzah etdim ki, həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir.”

Zənnimizcə əlavə şərhə ehtiyac qalmır.  Təsadüfi deyildir ki, Paris Sülh Konfransı barədə F.İbrahimidən ardıcıl, izahlı, doğru məlumat alan S.C. Pişəvəri 1946-cı il sentyabrın 3-də  ADF-nin təsis olunmasının 1 illiyi münasibətilə Təbriz teatr salonunda keçirilən bayram mərasimində böyük fəxrlə demişdir: “ İndi Sülh Konfransında təkcə Yaxın Şərqdən yox, Əlacəzair və Tunisdən gələn mətbuat nümayəndələri də demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.” 

Əsarət zəncirləri əbədi deyil

Məlum olduğu kimi, “21 Azər” Hərəkatının  qələbəsinin düz 1 ilinin tamamında-1946-cı il dekabrın 12-də şah rejimi 13 iyun 1946-cı il tarixli Təbriz-Tehran müqaviləsinin şərtlərini namərdcəsinə pozaraq Azərbaycana hücum etdi. Həmin gün F.İbrahimi öz məsləkdaşları ilə birlikdə ADF MK-nın binasında barrikada quraraq 34 saatlıq müqavimətdən sonra həbs olundu.  6 aylıq məşəqqətlərlə dolu zindan həyatı zamanı İran mətbuatında onunla sual-cavab əsasında dərc olunmuş yazıların birindəki bu epizod  polad iradəli qəhrəman soydaşımızın vüqarını, qürurunu, məğrurluğunu, necə böyük əqidəyə, iradəyə sahib olduğunu bir daha nümayiş etdirir:

“-Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz? 

-Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunmuş günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.

-Bəs o xalq haradadır, niyə sizin ölmünüzü istədilər?

-Mənim kimilərinin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır.”  

Edam öncəsi son arzu: “Mənim

 kostyumumu gətirin”

Firidun İbrahimiyə mayın 23-də sübh tezdən asılacaqlarını demişdilər. Ona görə də haqqında çıxarılmış edam hökmünün icrasından 2 gün əvvəl o, Paris Sülh Konfransına gedərkən aldığı kostyumunun zindana gətirilməsini  xahiş edir.  O məşum gecəni- 1947-ci il mayın 22-dən 23-nə  keçən gecəni ölüm hökmü altında yaşayan Firidun İbrahimi səhər açılanadək zindan yoldaşlarına hər bir insanın xalq və Vətən qarşısında borcundan, mübarizə dolu həyatın şirinliyindən danışır.  Səhər tezdən üzünü qırxdıqdan sonra ağ köynəklə həmin kostyumunu geyinir və ən çox xoşladığı qırmızı qalstukunu boynuna taxaraq edama  hazır olduğunu nümayiş etdirir.

Milli Hökumətin Baş prokuroru bu  prosesi bir qədər heyrət, bir o qədər də təəccüblə  izləyən kamera yoldaşlarının sual dolu baxışlarını belə bir sualla  cavablandırır:

-Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içində keçirdik, niyə dar  ağacı altına əzgin, pərişan halda və çirkli vəziyyətdə getməliyik?”

Salam, dar ağacı!..

Kim bilir, bəlkə də şair Rüstəm Behrudi dərc edildiyi gündən dillər əzbəri olan məşhur “Salam, Dar ağacı!” şeirini bütünlüklə “şərəf  və paklıq içərisində yaşadığı həyatı”nın son anında belə ölümün gözünün içinə dik baxan, dar ağacının altına pərişan, kədərli halda, nimdaş məhbus paltarında  deyil, səliqəli geyimdə, gülümsəyərək, qürurla gedən  Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru Firidun İbrahimi haqqında yazıb. Şeirdəki bu misraları bir daha dönə-dönə oxuduqdan, F. İbrahiminin əsrə bərabər 28 illik nakam həyatının hər anını  bir daha gözlərim  önündə canlandırdıqdan sonra  əmin oluram ki, yox, burada “bəlkə” tərəddüdünə  yer yoxdur:

 Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

O hansı millətdir, taleyi sirrdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, Dar ağacı!

Əleyküm-salam…

Şahidlər söyləyirlər ki, dan yeri hələ tam ağarmamış, səhər saat 4 radələrində F.İbrahimini Təbrizin  Səttatxan meydanında yerləşən “Gülüstan” bağının qarşısındakı “Saat qabağı” deyilən yerdə  qurulmuş  dar ağacının altına gətirdilər. Cəllad kəndiri onun boynuna keçirməmişdən öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağına tərəf turaraq ulu Savalana başı ilə təzim etdi. Sonra cəlladların çəkic zərbəsi sandıqları uca və ötkəm səslə: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”-dedi və bu vüqarını, bu qürurunu, bu məğrurluğunu   kəndir boğazına keçirilən anda da qoruyub saxladı…

Şahidlər nə deyirlər?

Milli Hökumətin üzvlərindən biri, zindanda Firidun İbrahimi ilə eyni kamerada saxlanılan Müseyid Muradxaninin  hazırda Bakıda yaşayan qızı, həkim-stomatoloq Mahirə Muradxani  hər saniyəsi dəhşət saçan o müdhiş günü  göz yaşları içərisində belə xatırlayır:

-O zaman mənim 10 yaşım var idi. Atam Firidun İbrahimi ilə bir kamerada yatırdı. Anamın hər gün dustaqlar üçün hazırladığı yeməyi zindana mən aparırdım. Edamdan 2 gün əvvəl səhər tezdən məktəbə gedərkən gördüm ki, hərbçilər “Saat qabağı”nın qarşısında quyu qazıb dirəklər basdırırlar. Məktəbdən qayıtdıqdan sonra gördüklərimi anama danışdım. O, qeyri-ixtiyari axan göz yaşlarını boğa-boğa pəncərəmizdən aydın görünən həmin dirəklərə baxdı və dərindən köks ötürərək:  “Allah evlərini  yıxsın, dar ağaclarıdır.   Yəqin kimlərisə asacaqlar”-dedi.

Bugünkü kimi yadımdadır. Mayın 22-dən 23-nə keçən gecə  səhərə yaxın anamla mən  Təbrizin gecə sükutunu pozan gur musiqi səsinə yuxudan hövlnak oyanıb pəncərədən ətrafa baxdıq. Dar ağacları  basdırılmış meydan adamlarla dolu idi. Dərhal anamla meydana tərəf qaçdıq. Sən demə, namərdlər həmin musiqi ilə Təbriz əhlini “edam səhnəsinə” tamaşa etməyə çağırırmışlar.  “Edam səhnəsi” həqiqətən ürək parçalayan idi.  Yan-yan basdırılmış 10 ədəd dar ağacının altında başlarını dik tutaraq məğrur dayanmış fədailərin boğazlarına kəndiri keçirdikdən sonra Təbriz əhlinin ah-nalə dolu hıçqırtılarının səsi aradan 70 ildən artıq müddət keçməsin baxmayaraq bu gün də  qulaqlarımdan getmir…”

Milli Hökumət dövründə Azərbaycan Demokrat Cavanlar Təşkilatının (ADCT) üzvü olmuş Azərbaycan Tibb  Universitetinin müəllimi, tibb elmləri namizədi, “İranlı  Mühacirlər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvü Adilə Çernikbulənd Firidun İbrahiminin “edam səhnəsi”nin şahidi olmasa da, polad iradəli bu yenilməz insanın son nəfəsində belə özünü necə məğrur,qürurlu apardığını təsəvvüründə aydın canlandıra bilir:

-Bu son dərəcə yüksək mədəniyyətli, boylu, buxunlu, qədli, qamətli, yaraşıqlı, nəzakətli davranışı ilə hamıya nümunə olan böyük şəxsiyyəti  həyatımda bircə dəfə-1946-cı il iyulun 6-da Təbrizdə ADCT-nin birinci qurultayında görmüşəm. O zaman mənim 15 yaşım var idi. Əslində həmin günədək  digər Ərdəbil gəncləri kimi, mən də F. İbrahimini qiyabi tanısam da, 26 yaşında Milli Hökumətin Baş prokuroru təyin olunmuş bu işıqlı insanın vətənpərvərliyinə, bütün fəaliyyətində qanunu, ədaləti, obyektivliyi üstün tutmasına, daim haqqı pozulanların yanında olmasına bələd idim. Qurultayda Ərdəbil gənclərini üç nəfər- Rəhim Mübahi, Muxtar  Didəkunan və mən təmsil edirdik. O zaman M. Didəkunan  məni Firidun İbrahimi ilə tanış edərkən qısa söhbətimizdən və onun qurultaydakı dəfələrlə alqışlarla müşayiət olunan qısa, lakonik çıxışını dinlədikdən sonra bir daha əmin oldum ki, bu gün artıq o taylı, bu taylı Azərbaycanımızda milyonların qəlbində özünə əbədi abidə quran, 28 illik qısa həyatında əsrə bərabər işlər görən F. İbrahimi həqiqətən qibtə ediləcək şəxsiyyətlərdəndir.

“Gün gələcəkdir ki…”

Bu qənaətində tamamilə haqlıdır Adilə xanım. Çünki bu dünyaya müxtəlif missiyalarla gələn, heç də hər kəsə qarşısına qoyulan missiyanı yerinə yetirmək nəsib olmayan adına həyat dediyimiz ömür yolunda, özü də qısa ömür yolunun sonunda qibtə ediləcək şəxsiyyət mərtəbəsinə yüksəlib özündən sonra gələn nəsillərin   qəlbində əbədi heykələ çevrilmək, edam kürsüsündə belə təmsil etdiyi xalqın işıqlı gələcəyinə sonsuz  inam ifadə etmək  həqiqətən də  böyük xoşbəxtlikdir. “Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır. Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını  açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir. Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar.” Hər kəlməsi atom silahından da təsirli bu ittiham dolu sözlər əslində Firidun İbrahiminin ona qarşı qurulmuş qondarma məhkəmədə çıxarılan edam hökmündən əvvəl başda Pəhləvi sülaləsi olmaqla şah rejiminə oxuduğu ölüm hökmü idi və bu hökm ötən əsrin 70-ci illərinin sonunda İran xalqlarının “qabarlı əlləri” ilə icra edildi.

Fəqət, bu gün nə  ömrünün yenicə çiçəklənməyə başladığı bir vaxtda qəddar şah rejimi tərəfindən amansızlıqla qətlə yetirilən Firidun İbrahimi və onun mübarizə yoldaşları, nə də bu vəhşi qətlin təşkilatçıları və icraçıları həyatda yoxdurlar. Amma müxtəlif düşərgələrə məxsus bu insanların adları cəmiyyət arasında fərqli  assosiasiya doğurur. Həyatını xalqının azadlığı və xoşbəxt gələcəyi naminə qurban vermiş Firidun İbrahimi kimilər RƏHMƏTLƏ, bu azadlıq və xoşbəxtlik yolunda buxov olan zalımlar isə LƏNƏTLƏ xatırlanırlar…  

Əhməd Qurbanoğlu,“Iki sahil”

Yazı  “Firidun İbrahimi-100” beynəlxalq yazı müsabiqəsinə təqdim edilir

 

 

 

 

Go Back

Comment