Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

Xalqımızın azadlıq və istiqlalı uğrunda illər boyu davam edən hərəkatı bir çox fədakar mübarizlərin də yetişib bərkiməsinə şərait yaratmışdır.Bu hərəkat genişlənib dərinləşdikcə mübariz istedadlsrın daha çox üzə çıxmasına səbəb olmuşdur.Belə istedadlardan biri də Əli Mütidir.O, vaxtilə Hizbe Tudə İranın və Azərbaycan Demokrat Firqəsinin sıralarında diqqətəlayiq mübarizə məktəbi keçmiş və nəhayət, xalq amalı uğrunda öz canını da qurban vermişdir.

Əli Müti Miyandab mahalının Şili kəndində yoxsul kəndli ailəsində anadan olmuş, Miyandab şəhərində orta təhsil aldıqdan sonra 1320- ci şəmsi ilindən (1941) etibarən Miyandab teleqrafxanasında işə qəbul edilmişdir.O, az keçmədən özünün istedad və ləyaqəti sayəsində teleqrafxana işinin texnoloji və idari işlərinə yiyələnmişdir.Əli həmin mövqelərdə Rza xan diktatorluğunun süqutu ilə Azərbaycanda və Kürdüstanda genişlənən milli azadlıq hətəkatına dərin rəğbət bəsləmiş və tez bir zamanda bu hərəkata qoşulmaq qərarına gələrək Hizbe Tudə İrana üzv olmuşdur.O, hizbin Miyandab təşkilatının təbliğatı işlərində diqqətəlayiq fəaliyyət gösrərdiyi üçün az keçmədən Miyandab mahalı komitəsinə üzv seçilmişdir.Əli, dövlət qulluğunda olmasına baxmayaraq bütün boş vaxtını Miyandabın ətraf kəndlərinə gedir, təsirli təbliğat nəticəsində yüzlərlə kəndlini ayıldır və onları partiya sıralarına cəlb edirdi.

Azərbaycan Demokrat Firqəsinin təşkili ilə əlaqədar olaraq o da öz gücünü firqə sıralar ilə birləşdirdi.Lakin istər əvvəllər, istərsə də indi onun əsas xidməti Tehran hökumətinin polis və jandarmalarının azadlıq hərəkatına qarşı tədbirlərinin təsirini azaltmaq sahəsində gördüyü işlərdir.O, teleqrafxanada işlədiyi üçün xalqa və hərəkata qarşı Tehrandan Miyandaba göndərilən teleqrafların məzmunundan firqə təşkilatını xəbərdar edir bə beləliklə həmin zorakılıq tədbirlərinin təsirini azaltmaq və hətta heçə endirmək üçün şərait yaradırdı.

1324 - cü il (1945) şəhrivər ayının ortalarında  (sentyabr) Miyandabda olan İran qoşun hissələrinə hətəkata divan tutmaq barədə teleqraf göndərilmişdi.Tehrandan gəlmiş bu gizli teleqrafın mətninin dövlət orqanlarına vaxtında müəyyən olduğu üçün 3 - cü ordunun qərargah rəisi və jandarm gərargahının rəisi sarvan Fərid Azər tərəfindən Əli Mütinin tutulub cəzalandırılması üçün əmr verildikdə o, qaçmağa məcbur olur. Lakin jandarmlar və Cəmşid İsfəndiyarinin quldur dəstələri onu Şulləvənd kəndində tutur və oradaca öldütmək istəyirlər.O, müqavimət göstərir, firqə yoldaşları köməyə gəlir, buna baxmayaraq jandarmlar və İsfəndiyarinin adamları ağır cismani əzab və işgəncə verdikdən sonra onu ölmüş hesab edərək bağların arasında qoyub uzaqlaşırlar. Məhəlli komitə bu hadisədən dərhal xəbər tutub gecə ilə Əli Mütini tapıb həkim məntəqəsinə gətirtdirir.Təcili yardım göstərilir, yaralarına dərman qoyub evlərinə göndərirlər.Sabahı gün məhəlli komitənin çağırışı ilə 40 parça kəndin firqəçi və bitərəfləri böyük bir mitinq üçün Miyandab şəhərinə toplaşırlar.Həmin mitinqdə birinci olaraq Əli Müti özü yaralı vəziyyətdə alovlu çıxış edir və bu çıxışda o, irtica qüvvələrin, jandarm, qoşun və onların himayət etdiyi Cəmşid İsfəndiyarinin quldur dəstəsinin zorakılıq və təcavüzkarlığını kəskin dəlillərlə ifşa edir.Bu barədə başqa natiqlər də çıxış edərək düşmənlərin hiylələrini açır və kütlələri qəti mübarizəyə çağırırlar.Mitinqin yekdilliklə qəbul olunmuş qərarı nəticəsində Miyandab bəxşdati Haşimi və poçt teleqraf rəisinin şəhərdən qovulması tələb olunur.Eyni zamanda Əli Müti xalqın tələbi əsasında poçt və teleqraf idarəsinin müdir müavini təyin edilir.İrticaya zərbə endirən bu tədbir o mahalda inqilabi coşqunluğun daha da yüksəlməsi ilə nəticələnir.

Əli Müti Azərbaycan Demokrat Firqəsinin çağırışına müsbət cavab verərək şanlı 21 Azər nəhzətinin fədakar iştirakçılarından biri olur.Onun xidmətləri nəzərə alınaraq Milli Məclis tərəfindən "21 Azər" medalı ilə təltif edilir.Hətəkatdan sonra o, siyasi rəhbər kimi fədai sıralarında iştirak edir.Görkəmli fədai hərəkatı başçıları Qulu Sübhi və başqa yoldaşlarla birlikdə bir sıra əməliyyatlarda da fəaliyyət göstərir. Nəhayət, 1326 - cı ildə  (1947) irtica qoşunları və quldur jandarm qüvvələri Azərbaycana basqın edən zaman Əli Müti Cəmşid İsfəndiyarinin silahlı dəstələri və polis nəfərləri tərəfindən ələ keçirilir və Miyandab şəhərində dara çəkilir.Cəlladlar onun cənazəsini arabanın dalına bağlatdırıb vəhşiyanə bir surətdə Miyandab küçələtində gəzdirirlər.Öz canını xalqın azadlığı və səadəti yolunda qurban vermiş Əli Mütinin xatirəsi həmişə əzizlənəcəkdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment