Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

NƏSİLLƏRƏ NÜMUNƏ

NƏSİLLƏRƏ   NÜMUNƏ

OD   OĞLU  OD

Əmim oğlu Hökməliyə minnətdaram. Məni Larıdan Meşkinə, oradan isə  Astara şəhərinə (İran) apardı. Məktəbə baş çəkdik. Müəllimlərlə, şagirdlərlə görüşüb söhbətləşdik. Həddindən çox  maraqlandığım  məktəbli Firudin ilə  tanışlığımı ömrümün  ən xoş anı, günü kimi yaddaşıma  ömürlük, əbədilik həkk etdim. Tanışlığımız yaxınlığa, bir qədər sonra isə dostluğa çevrildi. O da mənim kimi  bədən quruluşuna görə arıq, boyca  nisbətən uca, uzun, qara şəvə saçların, çatma qaşların, nurlu sifətin, parlaq, işıqlı gözlərin sahibi olan  bir məktəbli idi. Görkəmi ilə  onların, yüzlərin, minlərin arasında  seçilir,  fərqlənirdi. Sözləri, cümlələri elə işlədir, valehedici, qısa,  lakin çox məharətlə geniş,  mətləbləri  insanlara gün kimi aydın olan danışığı, söhbəti  həzin musiqini xatırladırdı. Göz bəbəklərinin  lap kökündə  hiss ediləcək  kədər  kölgəsinin  bərqərar olduğunu ağıllı həmsöhbətləri dərhal sezir, duyurdular.

Firudin, mən deyərdim ki,  od parçası, mərifəti, tərbiyəsi, biliyi, bacarığı, həssaslığı  və xeyli sayda  digər insani  keyfiyyətləri ilə  oxuduğu məktəbin pedeqoji kollektivinin  və şagird yoldaşlarının  istər-istəməz təmənnasız olaraq dərin hörmət və  izzətini  qazanmışdı. Onu ürəkdən sevirdilər... Bədxahları da yox deyildi. Varlı balalarının  xainlikdən, xəbislikdən az qalırdı ki, ürəkləri partlasın. Bu kasıb oğlan belələrinin, eləcə də onların valideyinlərinin, bir çox  “müəllim”lərin gözünə  zəhərli ox, tikan kimi sancılırdı. Dərs əlaçısı idi. Tarixə, ədəbiyyata, riyaziyyata daha çox meyl edir, sözün  əsl mənasında can yandırırdı. Mənim də az-çox  söz adamı olduğumdan  dünya ədəbiyyatından,  otaylı-butaylı Azərbaycanımızın tarixindən, dilindən, dinindən, zəngin mədəniyyətindən, musiqisindən, mətbəxindən və s.  elə qatı açılmamış söhbətlər, nümunələr söyləyir, faktlar göstərirdi ki, adamın  matı-qutu quruyurdu, heyrətlənməmək mümükün deyildi.

Vaxtın hər anının, dəqiqəsinin,   mən deyərdim ki, hətta saniyəsinin  belə  qədir-qiymətini dərindən dərk edirdi. Yaxşı əməllərin, işıqlı gələcəyin yorulmaz yolçusu idi...

F.İbrahimi Tehran Universitetinin hüquq fakultəsinə daxil oldu. Tələbəlik həyatı dünyaya  daha geniş gözlə baxmaq üçün ona hərtərəfli daha münbit  fəaliyyət meydanı açdı. O da  bütün bilik və bacarığını, istəklərini, arzularını var qüvvəsi ilə həyata keçirməyə çalışdı və bunu xüsusi zövqlə, şövqlə yerinə yetirməyi  yetərincə bacara bildi.

1941-ci ildə Universitetdə  təhsil aldığı zaman  İran Xalq Partiyası  sıralarına üzv qəbul olundu. Tələbələrin qaynar, işgüzar  toplantılarında, mitinqlərdə, iclaslarda ən fəalların belə ön cərgəsində mətin addımlarla irəliləyir, alovlu çıxışları, kəskin, yenilməz inqilabi söhbətləri, dəyərli məsləhətləri ilə daim diqqət mərkəzində dayanırdı.

F.İbrahimin ədəbi fəaliyyətə, xüsusi ilə də  jurnalistikaya olan məhəbbəti də tələbəliyin ilk ilində  özünü aydın şəkildə biruzə verdi, aşkar şəkildə göstərdi... Siyasi məqalələri, felletonları  və digər müxtəlif səpgili yazıları ilə dostları sevinidirirdi, düşmənlərin “dədəsinə od vururdu”.

Məhşur inqilabçı, siyasi və ictimai xadim, Milli Hökumətin Başçısı, istedadlı jurnalist S.C.Pişəvəri yenicə  təsis olunmuş “Aljir” qəzetinə onun namizədliyinin təsadüfü olaraq seçməmişdir. Qəzetlə əməkdaşlığa başladıqdan az sonra  F.İbrahimi redaksiyanın  heyət üzvü seçilmişdir. O,  istedadlı jurnalist kimi  İran Xalq Partiyasının rəsmi orqanı olan  “Rəhbər”, antifaşist yönümlü “Mərdom”, “Zəfər” qəzetlərində də öz kəskin, dəyərli yazıları ilə diqqət çəkmiş, yüksək nüfuz  sahibinə çevrilmişdir. Azərbaycanda  (İran)  “Xavəre nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri ilə də əməkdaşlıq etmiş, günün aktual anlarını işıqlandıran məqamları təhlil edən dəyərli yazıları ilə şöhrətlənmişdir.

F.İbrahimi 1945-ci ilin mayında Universiteti bitirdi. Gənc hüquqşünas kimi  doğma ana dili ilə bərabər Fars, Fransız, Ərəb dillərini də mükəmməl bilirdi. Bu istedadlı gəncə  Univerisetetdə də  İran Xarici İşlər Nazirliyində də,  nüfuzlu mətbu orqan olan “Etteleat”da da  işləməyi dönə-dönə təklif etsələr də  bu cəngavər hüquqşünas, istedadlı jurnalist, alovlu vətənpərvər  öz ana yurduna dönmək, xalqın içərisində  onlarla birgə nəfəs almaq, mübarizə aparmaq yolunu ən düzgün hədəf seçmişdir...

Maraqlıdır ki,  1945-ci il  sentyabrın 5-də ADF-nin rəsmi orqanı olan “Azərbnaycan” qəzetinin ilk sayı çap olundu, işıq üzü gördü.  Həmin andan F.İbrahimi qəzetin əməkdaşı idi. Təkcə bir məqama nəzər salmaq kifayətdir ki, bu istedadlı jurnalistin  nəyə qadir olduğunu günümüzün oxucusuna çatdıra bilək. F.İbrahiminin “Azərbaycan danışır... İftixarlı  tariximizdən bir neçə parlaq səhifə” başlıqlı  yazıları  30 oktyabr-21 noyabr 1945-ci il tarixləri arasında “Azərbaycan” qəzetinin  (ADF-nin orqanı)  42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla  19 nömrəsində  ayrı-ayrı  sərlövhələrlə  çap olunmuşdur və 19 məqalədən ibarətdir. Həmin yazılarda  Azərbaycanın qədim tarixi, adət-ənənələri, dili, ədəbiyyatı, mənəviyyatı, azadlığı, istiqlaliyyəti uğrunda apardığı mübarizələr, dövlət və ordu quruculuğu, siyasi təşkilatları məzhəbləri... geniş şəkildə öz əskini tapmışdır...

Əvvəlcədən oxucuya onu da xatırlatmağı özümə borc sayaraq bildirirəm ki, İranda qədim  tariximizə aid  ana dilimizdə  ilk əsərin – “Azərbaycannın qədim tarixindən”  - müjdəçisi Milli  Qəhrəmanımız  Firudin İbrahimidir.

Çox acınacaqlı haldır və  min-min təəsüflər doğurur ki,  xalqımızın şanlı  inqilabçı oğlu  Firudin İbrahiminin  gərgin, əvəzolunmaz əməyinin bəhrəsi olan  “Qədim Azərbaycan  tarixi haqqında qısa məlumat” kitabı da  naqis, xain əllərə düşmüş, məqsədi-məramı  aşağılanmağa cəhd göstərilmişdir. Dəhşətli haldır ki, bu mübariz  od oğlu odun  öz kitabına yazdığı ön sözdən  əsər-əlamət belə yoxdur. 180 səhifəlik kitabın  yalnız 41 səhifəsi  Firudin İbrahiminindir. Qalan 139 səhifəsi  şovinistlərin şərəfsiz nökəri  Küzəkonaniyə  aiddir və  başdan-başa cəfəngiyyatdan  başqa bir şey deyildir.

Mən bütün sadaladığım məqamların  demək olar ki, çoxsunda  F.İbrahimi ilə birlikdə idim. 1946-cı ilin dekabr ayının 12-də zülmkar, vəhşi İran şahının  Azərbaycana  xəyanətkar, alçaqcasına hücumunda da canlı şahid idim. Firudin İbrahiminin öz yoldaşları ilə  34 saat müddətində  ADF MK-nın  binasında  səngər qurub  düşmənə qarşı necə mərdanə  döyüşdüyünün də  canlı şahidiyəm. Qəhrəman oğullarımızın həbsindən də, 6 ay zindanda ən ağır işgəncələrə əzab-əziyyətlərə mətanətlə dözmələrindən də müfəssəl xəbərdar idim.

Zindanda F.İbrahimi  üzünü dustaqlara tutub deyirdi:  -“Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın  azadlığı və səadəti yolunda  sərf etmişəm. Bu zaman içərisində çalışdım ki,  öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin  şölələri  içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizənin bu axır mərhələsində də öz iradə və cəsarətimi  qoruyacağam”.

İmperialistlərin nökəri olan   Pəhləvi şahlıq rejimi  polad iradəli mübarizlərə   edam hökmü oxudu. Edamdan 2 gün əvvəl  F.İbrahimi ailəsi ilə əlaqə yaratdı. Paris Sülh Konfransına gedərkən aldığı kostyumunu  zindana gətirtdi. Edam günü  sübh  tezdən üzünü təraş etdikdən sonra kostyumu geyindi, qırmızı qalustukunu taxdı. Bu cəngavərə çox yaraşırdı.

1947-ci ilin  23 may  günü səhər saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam hökmü oxunarkən F. İbrahimi üzünü Savalan dağına tərəf çevirərək  gözlərini qapadı və sanki Vətənlə , Savalanla vida əlaməti olaraq dağa baş əydi, təzim etdi, gur səsi ilə hayqırdı:

“Yaşasın Azərbaycan!

Yaşasın Azadlıq!

Məhv olsun istibdad!

Yaşasın İran xalqlarının birliyi!!!”

Meydanın qan selinə döndüyü, insanların qanlı  göz yaşlarının seli, gənclərin etiraz mitinqləri, nümayişləri gözlərim önündən hələ də çəkilmir. Heç vaxt da çəkilməyəcək !..

Milli Qəhrəman görkəmli inqilabçı, ictimai-siyasi xadim, diplomat, istedadlı jurnalis, publisist, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru  Firudin İbrahiminin həyatından söhbət açdığım  kiçik məqamlar  Azadlıqsevər insanlar üçün  elə bilirəm ki,  nə isə deyir ..!

Yuxudan hövlənk oyandım. Qan-tər içərisində üzürdüm. Alnımı ovuşdurdum, üzümə su vurdum. Bir qədər avazıdım, özümə gəldim. Hafizəmi qurdaladım, gözümün önünə ilk olaraq bu gəldi.

  • Firudin İbrahimi: 21 noyabr 1918-ci il  Astara (İran)  şəhəri;
  • Hacı Müvəssəqi: 06 noyabr 1951-ci il Qazax şəhəri.

Dərhal  da qəti  əmin  oldum ki,  Od parçası, Od oğlu Od  Firudun İbrahiminin  özü ilə deyil  ruhu ilə  məni qovuşduran,  görüşdürən  canım fəda olmuş  Böyük Yaradanın özü imiş...

Onu da bilirəm ki,  Allah-Təalanın  buyrğu ilə  Firudin İbrahiminin, onun silahdaşlarının  həyata keçirə bilmədikləri arzunu onların  minlərlə, milyonlarla sayda olan  həmvətənli oğul və qızları həqiqətə çevirəcək, reallaşdıracaqlar! Yaxındadır o möhtəşəm gün! Gələcək hökmən gələcək!

Ruhun şad, yerin behiştlik olsun, millətin qeyrəti, şan-şöhrəti olan Firudin İbrahimi!!! Od oğlu  Od!!!

 

Hacı Müvəssəqi - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Mətbu     

                               baxış” qəzetinin  baş redaktoru.

 

Qeyd: 1. Yazıda  F.İbrahiminin “Azərbaycannın qədim tarixindən” ön söz kimi verilən 

              əhatəli  yazılan  rəqəmlərdən, tarixi faktlardan qismən bəhrələndiyim üçün yazı

              müəllifi, tarix üzrə fəlsəfə doktoru  cənab Bayramzadə Səməd Zülfəli oğluna

              minnətdarlığımı bildirirəm.

           2. Firduin İbrahimi – 100!

 

             (Beynəlxalq müsabiqəyə)

 

                              18.09.2018-ci il

Go Back

Comment