Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Günəşli yaz yarpaqları ـ Xatirələr ـ

Günəşli yaz yarpaqları

ـ Xatirələr ـ

 Əli Tudeh

Proloq

Ətrafımızda cəryan etmiş mühüm hadisələrin demək olar ki, əksəriyyəti hələ də yadımdadır. Sanki bu hadisələr heç də dünən deyil, elə bu gün baş vermişdir. Hətta bu hadisələrin əbədiləşmiş xatirələri uzun illərin zehnində üst-üstə salmış əlvan naxışları altında itib batmışdır.

1946-cı ilin baharında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə Təbrizdə dövlət filarmoniyasını açdı. Məni bu təzə sənət ocağına müdir təyin etdilər. O zaman mənim cəmi iyirmi iki yaşım vardı. Flarmoniyada çalışanların da əksəriyyəti gənclər idi. Ancaq bu sənət ocağının az müddət içərisində nələrə qadir olduğunu xalqımız öz iti gözləri ilə gördü. Qədim sənət qüdrətinə bir daha inandı...

Təbriz dövlət filarmoniyası Azərbaycan Milli Hökumətinin xalqın arzuları ilə yaratdığı neçə-neçə təzə müəssisələrdən yalnız biri idi. Obrazlı ifadə ilə desək o, milli hökumətin geniş fəaliyyət sahəsində bir sənət meydanına bənzəyirdi. Gündüz də, gecə də qaynayan həmin meydan xalq hakimiyyətinin mübariz, xeyirxah diqqətə şayan əməllərini öz şəffaf aynasında əks etdirirdi. Milyonlarla insanların ürəklərinə yatan nəcib, parlaq, gözəl əməllər isə yeni rubablarda səslənir. Nəğmələrdə dillənir. Alqışlarda pərvazlanırdı... Mən qədim mədəniyyət tariximizin əlvan üfüqlərində hələ də parlamaqda olan o şəffaf aynada izlər salan mühüm ictimai- bədii hadisələrin yalnız bəzilərindən danışacağam. Yazacağım hadisələrin arasında filarmoni ilə əlaqəsi olmayanlar da oxucuda təəccüb doğurmamalıdır. Ona görə ki, həmin hadisələrin mənim həyat tarixçəmlə sıx rabitəsi vardır.       

Dəvət telqramı

Telqram var, dilsizdi,

Kədərin carçısıdır.

Telqram var, similə,

Sevincin tarçısıdır.

1946-cı ilin yanvar ayı idi. Qədim Ərdəbilə qış təzə gəlmişdi. Yaz-yay aylarında yaşıllığa bürünən, başına ağ çalma qoyan gündüzlü-gecəli “Şeyx Səfi” məqbərəsinin incə, nadir zəngin gözəllikləri keşiyində sayıq dayanan Savalan indi qışın bu vaxtında buz abidəni xatırladırdı. Uca yaylaqların ətəklərini yalayan sızaq yolların qarlı-buzlu sinəsində sürünərək Arana tələsirdi. Lakin şəhərin donmuş qucağında həyat qayanayıb bulaq-bulaq, çay-çay, arx-arx gələcəyə doğru inamla axıb gedirdi.  

Baş qərargahı ana Təbriz olan milli nehzət Ərdəbildə də qələbə çalmışdı. Bir – iki kənddə hələ də təslim olmaqdan inadla boyun qaçıran harın, zülmkar, lovğa xanların ağalıq etmək istədikləri kiçik ərazilərdən başqa bütün vilayət qalib inqilab döyüşçülərinin əllərində idi. Mən də bu tarixi xalq hərakatında həm qələmlə, həm silahla döyüşən bir əsgər idim! Necə deyərlər öz vətəndaşlıq borcumu da firqə vəzifəmi də, şairlik öhdəçiliklərimi də ləyaqətlə yerinə yetirmək üçün əlimdən gələni əsirgəmirdim. Mən uca, məğrur tunc qayalardan şaqqaşaqla axıb tökülən təlatümlü şəlalə olmağı arzulayırdım! Şeir yazmaqla məşğul olsam da vətənə, xalqa, firqəyə nəzərə çarpacaq dərəcədə xeyir verəcəyim bir iş üçün darıxırdım. Elə bu həyəcanlı, intizarlı, qayğılı günlərimin birində məni Ərdəbildən Təbrizə çağırdılar. Mən Təbrizə ikinci dəfə idi ki, gedirdim. Yollara o qədər də yaxşı bələd deyildim. Həm də birinci dəfə Təbrizə gedəndə şair dostlarımla birlikdə getmişdim. Ərdəbildən çıxanda günəş təbəssümlü mavi üfüqün sifəti birdən-birə bozardı. Sonra bu soyuq baxışlı rəng firuzə göyün bütün üzünə yayıldı. Nir qəsəbəsini təzəcə keçmişdik ki, noğul-noğul qar yağmağa başladı. Qar acı-acı əsən sazağın titrək qanadlarında çöllər boyunca səpələndi. Qar yolumuz üstə təpə-təpə qalandı. Yol uzunu qar yağır, hava qaralır, hərəkətlər çətinləşirdi. Maşınımız gecənin qara köynəyini yırta-yırta ulduz-ulduz ələnən qar şəpələrini yara-yara irəliləyirdi.

Axşam maşınımız bir təhər gəlib Sayın gədikinndəki karvansaraya çatdı. Şah Abbas dövründən qalan bu karvansaray qarlı tufanlara düşən yorğun karvanların daldalanması üçün tikilmişdir. Biz maşını karvansaranın qabağında saxlayıb kabinədən yerə düşdük. Qarşıda bir neçə maşının da dayandığını gördük. Bu maşınlar Təbrizdən gəlmişdi. Hiss olunurdu ki, gədigin o üzündən bu xaraba karvansaraya gələnə qədər yaman əziyyət çəkmişlər. Bunu təkərlərə bağlanmış zəncirlər, pəncərədən asılmış sırsırlar, kuzovda qalanmış qarlar açıq-aşkar sübut edirdi. Biz dönüb karvansaraya baxdıq. Xarabalıqlar arasında ocaqlar tüstülənirdi. Sanki alovları qızaran ocaqların üstünə qara örtüklər salmışdılar ki, qar çovğun odlarını dağıda bilməsin. Ocaqları dövrəyə almış müsafirlər bir-birlərinə ürək-dirək verərək sayının üzü dönük havasından danışırdılar. Daha bilmirdilər ki, sayının o tərəfində də bu tərəfində də havanın üzü beləcə dönmüşdür. Mən Əli Əsğərlə bərabər sürücünün arxasınca karvansaraya girdim. Ocaqların birinin qırağında çömbəltmə əyləşib özümüzü oda verirdik ki, bəlkə üst-başımızın donu açılsın. Biz də ocağın qırağında qarı, çovğunu unudub dodağımızdan axan lətifələrin canımıza yayılan hərarətində qızınırdıq. İndi bu xaraba karvansara bir ümid yeri axtaran yorğun gözlərimizdə dünyanın gözəl saraylarından da gözəl idi.

Havanın ağarmasını çox tez duyduq. Onsuzda dünəndən quşbaşı yağan qar ucsuz-bucaqsız çadırın döşəməsinə salınmış ağ rəngli nəhəng palaza oxşayırdı. Karvasaradan bayıra çıxdıq. Ətrafımız ağappaq idi. Səhərin ayazlı qucağında udduğumuz təmiz hava bizi dirçəltdi, cəsarətləndirdi. Gözlərimizdə şəfəq salxımları parladı. Sevinc çeşmələri çağladı. Bəli! Hər dəm xəyal təbiət artıq öz ocağını yandırmışdı. O durulan üfüqdən bizə baxdıqca nurani üzünü təbəssüm qarışıq bir qızartı bürüyürdü. Sanki o haradasa kecikib qaldığından xəcalət çəkirdi. Biz isə ona minnətdarlıqla baxırdıq. Uzun gecəni soyuq çəkdiyimizə, həyəcan keçirdiyimizə, yuxusuz qaldığımıza görə sanki bu qarlı səhərdə günəş qızaran süd gölünə dönmüşdük. Bu uğurla açılan səhər öz əlləri ilə qarlı-buzlu yolumuz üstə ümid məşəli yandırmışdı. “Yolçu yolda gərək” demişlər. qabaqda sürücülər, arxada biz maşinlara doğru getdik. Biz də maşınımızı işə saldıq. Hündür qarı kürüyə-kürüyə, maşına yol aça-aça. Arada nəfəs dərə-dərə gədiyin o üzünə bir qədər irəlilədik. İş belə getsəydi. Bir ayda Təbrizə gedib çata bilməyəcəkdik. Lakin birdən əlləri kürəkli kəndlilərin qar təpələrini yara-yara bizə tərəf gəldiklərini gördük. Bu adamlar ətraf kəndin sakinləri idilər. Müsafirlərə yol açmaq üçün tökülüb gəlmişdilər. Nə qədər sevindiyimizi sözlə ifadə etmək çətindir! Sən demə həmişə belə olurmuş. Qarda-çovğunda bağlanan yolu qonşu kəndlərdə yaşayan kəndlilər açırmış. Onlar qar üstə səpələnmiş tüfəngli əsgərlərə bənzəyirdilər. İşə başladılar. Sanki əllərdə sürətlə hərlənən kürəklər süd gölündə dalğaları yaran avarlar  idi. Kürəklərin açdığı yol isə enli xəndəyi xatırladırdı. Onun o tayında bu tayında yumşaq qar təpələri əmələ gəlmişdi. Biz saraya çatanda çırağlar təzəcə yanmışdı. Şəhərin girəcəyində bizi tanımadığımız iki adam hörmətlə qarşıladı. Sonra da admlardan bir yaşlısı bizdən xahiş etdi ki, maşını dediyi ünvana sürdürək. Sürücümüz Saraba yaxşı bələd idi. Bizi həmin ünvana gətirdi. Maşınımız böyük bir malikanənin qarşısında dayandı. Ulduz-ulduz yanan malikanə sanki tamam işıqdan tikilmişdi. Malikanə öz çılçırağları ilə gözlərimizi qamaşdırdı. Həyətə girdik. Həyətdə dörd cavan oğlan narahat-narahat gəzişirdi. Eyvanda bir yaşlı kişi intizarda dayanıb qapıya baxırdı. Eyvana qalxdıq. Kişi ilə görüşdük. O bizi qonaq otağına dəvət etdi. Kiçik divar dibində düzülmüş stullarda əyləşdik. Otağın ortasında qoyulmuş miz zövqlə bəzədilmişdi. Əlvan, ləziz, gözəl nemətlər yan-yana düzülmüşdü. Kişi bizdən kimliyimizi soruşdu. Əli Əsğəri geyimindən tanıdı. Kişi mənim şair, o biri yoldaşımızında sürücü olduğunu biləndə fikrə getdi. Haçandan-haçana bəs Qulamyəhya gəlməyib?-dedi: Biz çiyinlərimizi çəkdik. Məsələ sonra məlum oldu. Sən demə bu kişi Sarabın məşhur mülkədarlarından biri imiş. Eşidib ki, Qulamyəhya Saraba gələcək. Tez əl-ayağa düşüb, tədarük görmüşdü. Lakin kişi deyən olmamışdı. Ev sahibi bizi süfrəyə dəvət etdi. Dəvətin könülsüz olduğunu duyduq. Onsuzda yeməyə özümüzündə könlü yox idi. Yorulub əldən düşmüşdük. Yatıb dincəlmək istəyirdik. Süfrəyə əl vurmadıq. Qalxdıq. Kişi narahat oldu. Haraya gedəcəyimizi soruşdu. Bzi mehmanxanada gecələyib, səhər Təbrizə yola düşəcəyimizi dedik. Qoymadı. Xahişlə, minnətlə, təkidlə bizi öz evində saxladı. Üçümüzdə bir otaqda yatdıq. Dan yerinin qara saçına təzə dənələr düşməmiş yataqdan qalxdıq. Kişi çoxdan oyanmışdı. Yenə bizi qonaq otağına dəvət etdi. Bz ədəb xatirinə yüngülcə yedikdən sonra durduq. Kişi bizi maşına qədər ötürdü. Maşınımız yola düşdü. Bir qədər getdikdən sonra Sarab-Təbriz yolu üstə əli çamadanlı bir adamın dayandığını gördük. O, maşın gözləyirdi. Maşını saxladıq. Bizə yaxınlaşıb Təbrizə getdiyini bildirdi. Onu maşına mindirib yolumuza davam etdik. Yolda  söhbətlərindən məlum oldu ki, bu adam Sarab firqə komitəsinin sədridir. Təbrizdə açılacaq konfransa gedir. Deyəsən konfransa yoxsul kəndlilərin işi ilə əlaqədar təcili çağrılmışdı. Sədr də ona görə yola tələsik çıxmışdı. Yadıma gecə evində qaldığımız mülkədar, Qulamyəhyanı qarşılamaq üçün gördüyü tədarük düşdü. Güldüm. Başa düşdüm ki, bütün zəhmətləri hədərə getmiş mülkədar intizarını çəkdiyi qonağa heç olmasa “səmimi” salam göndərirmiş

 

Go Back

Comment