Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firidunun son günü

 

 

 

 

 

 

 

 

Tariyel Ümid

Firidunun son günü

 

Təbriz, Gülüstan bağı,

Firidunun son günü.

 O, qaçmadı Vətəndən

O, seçmədi sürgünü...

 

Gülşənin ortasında,

Dar ağacını seçdi.

Azadlığa inandı,

Azadlığa and içdi.

 

Ölümündən qorxmayır,

Ruhu, eşqi göydədir.

O, həyata keçməyən

Qanunlarçün göynədi.

 

Kəndləri bir-bir gəzən,

Xalqa savad öyrədən.

Uşaqlar ilə bəzən,

Qəbir üstə görüşən...

 

Dərsləri qəbir üstə

Yazıb, pozan müəllim.

Dərmantək nüsxə-nüsxə,

Xalqın dərdinə hakim.

Firidun İbrahimi.

 

        ***

 

Köynəyi qızıl güldü,

Azadlığa açılan.

Sanki Firidun deyil

Xalqın azadlığıdır,

İndi dardan asılan.

 

Təbriz xiyabanları

Deyin çatdımı sona.

Oxşadığı bu güllər

Əlin uzadır ona...

 

-Bizim qəlbimizdəsən,

Heç yerə getməyirsən.

-Sən yenə gələcəksən,

Ölməmişdən, ölmədin,

Hələ gülmsəyirsən!

 

İzdiham dalğalanır,

-Qıraq bu kəndirləri!

Qəlbində aparmasın,

Qoy gələcək günləri!

 

-Qırğına yol verməyin,

Sakitləşin deyir: o.

Yumruqla ədalətin,

Qapısını döyür o.

 

-Biz təzdən gələcəyik,

Xalq azadlıq alacaq.

Bu Vətənim, bu xalqım...

Azadlığa qalacaq!

 

Zülmə nə döz , nə əyil!

Vətən şahların deyil!

Şahlar əbədi deyil!

Bu üsul, bu idarə,

Bilin əbədi deyil!

 

***

 

Təbriz Gülüstan bağı

Bir igidin son günü...

O, qaçmadı Vətəndən,

O, seçmədi sürgünü!

 

O, seçdi dar ağacın,

Azadlığa aparsın.

Ruhu bir göy göyərçin,

Onu yerdən qoparsın.

 

İstədi uzaq düşsün,

Yerin, zülmün gözündən.

Şəfəqlər süzülürdü,

Firidunun üzündən.

 

“21-i Azər”in

Ədalət qanunları.

Yazılırdı əliylə.

O, ölməyə getmirdi,

Gələcəyə gedirdi,

Əzmiylə, hünəriylə.

 

******

Qardaş bu gün,

100 yaşın da tamam oldu.

Yaş deyimmi bu ömrünə.

Sənin ömrün yaşa gəlməz.

Əbədiyyət şahinləri,

Ömür bilməz!

Sənin ömrün vətənimin

Göylərində,

Dan ulduzu.

Ağ günlərə çıxaracaq,

Xalqımızı, yurdumuzu.

Sənin ömrün bir əbədi,

Sönməz məşəl.

Sənin ömrün dünənimdən,

Bu günümə uzanan əl!

Sənin ömrün ömürlərin

Bahasıdır.

Sənin yurdun inqilablar

Yuvasıdır!

 

 

Go Back

Comment