Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ


ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ

Xalqımızın azafşdlığı, vətənimizin istiqlalı uğrunda imperializmə, səltənət dəstgahına qarşı aparılan mübarizə tariximiz xalqın mərd oğullarının fədakarlıq və qəhrəmanlıqları ilə zəngindir.Bu mərd insanların bir çoxu vətən və xalq uğrunda vuruşlarda ölümü böyük bir qəhrəmanlıqla , açıq gözlə qarşılamış, zalımlara əyilməmiş və beləliklə, xalq işinə və mərama sədaqət yolunda ən gözəl nümunələr göstərmişlər.Onların əziz xatirələri dönməzlik və mübarizlik simvolu kimi xalqın ürəyində yaşayır.Geniş kütlələr içərisində onların mübarizələri və həyatın son anlarındakı mübarizəyə çağıran sözləri haqqında xatirə və hekayətlər dildən - dilə gəzir.Beıə fədakar yoldaşlardan biri də Məhəmmədhəsən Rəzzaqidir.Məhəmmədhəsən Rəzzaqi Rəzzaq oğlu 1285 - ci ildə (1906) Azərbaycanın Sərab vilayətinin Ovğan kəndində əkinçi ailəsində dünyaya göz açmışdır.Atasının məhrumiyyətlərlə dolu olan vəziyyətdə həyat sürməsi Məhəmmədhəsənə oxuyub lazımi qədər savadlanmağa imkan verməmişdir.O, uşaq vaxtı kənddə molla məktəbində bir neçə il oxumuş, atasına kömək etmək və ailəsini dolandırmaq üçün hələ kifayət qədər əmək iqtidarı olmadığı bir zamanda, lap cavan yaşlarından işləməyə başlamışdır. Atasının qəflətən vəfat etməsi cavan Məhəmmədhəsənə güclü təsir etmiş və bundan sonra ailəni saxlamaq vəzifəsi də onun üzərinə düşmüşdür.

O, kənddə olarkən maliklərin, mübaşirlərin , əmniyyələrin kəndlilərə necə zülm etdiklərini gözü ilə görmüşdür.Bir müddətdən sonra Sərab şəhərində fəhləlik edən və nəhayət, İranda dəmiryolu çəkildiyi zamanda Mazandaranda dəmiryol xəttinin çəkilməsində işləyən Məhəmmədhəsən kargərlərin ( fəhlələrin) iş şəraitini,, onların qan - tər içərisində işləmələrinə baxmayaraq, ağır vəziyyətdə yaşamasını gözü ilə görmüş və bunun acı nəticəsini öz həyatında hiss etmişdir.

Vaxtilə neft Bakısında inqilabi mübarizə məktəbi keçmiş, sonra isə vətənə qayıtmış olan böyük qardaşı ona Sovet İttifaqında kargərlərin həyatından , kargərlər üçün yaradılan şəraitdən , uşaqların şən və fərəhlə böyümələrindən, cavanların oxumalarından danışması Məhəmmədhəsənin gözünü açmışdı.O, həmişə qardaşının dediklərini yada salır, istər - istəməz onları Mazandaran kargərlətinin həyatı ilə müqayisə edir, böyük fərqin səbəbini araşdırırdı.

Cavan Rəzzaqi Mazandaranın Abbasabad Tonli və Firuzkuh körpülərinin tikilməsində işləmiş, Tonlin uçması nəticəsində yüzlərlə azərbaycanlı və fars kargərlərinin tələf olmasının şahidi olmuşdur. Məhəmmədhəsən bunları görərkən qardaşının sözlərini bir daha xatırlayır, zəngin sərvətə malik olan Azərbaycanda zəhmətkeşlərin işləyib yaşaması üçün şərait yaradılmasının əsas səbəbini axtarırdı.

Vətənin və xalqın azadlığı, zəhmətkeşlərin yaxşı yaşaması uğrunda təşkil edilən Hizbe Tudə İranın ( İran Xalq Partiyasının) yaranması, onun kargərlər tərəfindən çox hüsn rəğbətlə qarşılanması Məhəmmədhəsənin fikrindən dumanların tamamilə çəkilməsinə səbəb oldu.O, Hizbe Tudə İranın sıralarına daxil olduqdan və orada müəyyən müddət fəaliyyət etdikdən sonra öz suallarına cavab tapdı.O, öyrəndi ki, xalqa arxalanmayan bir quruluş onun düşmənidir.Həmin quruluş kargərlərin istismar edilməsinin , kəndlilərə zülm edilməsinin və onların qarət olunmalarının , ümumiyyətlə, zəhmətkeşlərin fəlakətli bir halda yaşamalarının əsl səbəbkarıdır. Hizbe Tudə İranın məramnaməsində qoyulan məsələlərin həyata keçirilməsi uğrunda mübarizə aparan on minlərlə kargərin içərisində Məhəmmədhəsən də özünəməxsus yer tapmışdır.O, kargərlərin müxtəlif etiraz və nümayişlərində fəal iştirak etmiş və bu cür təzahüratda həmişə qabaqda gedənlər sırasında olmuşdur. Dövlət tərəfindən bir neçə dəfə həbs edilmək onun ruhiyyəsini zəifləşdirə bilmişdi.

Kargər həyatında müəyyən qədər təcrübə qazanan Məhəmmədhəsən 1323 - cü ilin  (1944) yazında öz doğma kəndinə qayıdır və yenə də əkinçiliyə başlayır.Daha bu zaman da kəndlilərin də böyük bir hissəsi ayılmış və həyata açıq gözlə baxmağa başlamışlar.Bir çox kəndlərdə olduğu kimi Sərabın Ovğan kəndində də Huzbe Tudə İranın hövzəsi yaranmışdı.Hizb üzvləri bir səslə Məhəmmədhəsəni hövzə sədri seçmişdilər.Maliklər ilə kələ - kəlləyə vuruşan Məhəmmədhəsən kəndlilərin hüququ uğrunda yorulmadan mübarizə aparırdı.

1324 - cü ilin (1945) şəhrivərində(sentyabrında) Azərbaycan Demokrat Firqəsinin yaranması və Hizbe Tudə İranın əyaləti təşkilatlarının ona qoşulması ilə əlaqədar olaraq Məhəmmədhəsən də firqəyə üz olmuş və yenə də kənddə hövzə sədri seçilmişdir. Məhəmmədhəsən də digər mübarizlər kimi Azərbaycanın Xalq Konqrəsində nümayəndə olmuş, ilk təşkil edilən fədai dəstələrində iştirak etmiş və bir dəstənin fərmandehlik vəzifəsində işləmişdir.Başqa fədailər kumi Məhəmmədhəsən də Sərab mahalının azad edilməsi uğrundakı vuruşlarda iştirak etmiş, sonra isə Təbrizi azad etmək üçün ora kömək etməyə gedən fədailərin sırasında olmuş, mərdlik və fədakarlıq nümunələri göstərmişdir.

Milli Hökumət təşkil edildikdən sonra da Məhəmmədhəsən əldə silah vətənimizin düşmənlərinə qarşı vuruşmalarda iştirak etmişdir.Məhəmmədhəsən Milli Hökumət tərəfindən " 21 Azər" medalı ilə təltif edilmişdir.

Rəzzaqi firqə və Milli Hökumət tərəfindən onun öhdəsinə qoyulan vəzifələrin yetinə yetirilməsi uğrunda bacardığı qədər fəaliyyət göstərmişdir.

1325 - ci ilin (1946) Azər ayında şah qoşunlarının vətənimizə xaincəsinə basqını zamanı Məhəmmədhəsən Rəzzaqi ələ keçirilmiş və Sərab şəhərində dar ağacından asılmışdır.Fədakar və nəcib insan, rəşadətli fədai, sədaqətli dost və gözəl xüsusiyyətlərə malik olan Məhəmmədhəsən ölüm zamanı özünü itirməmiş, ölümün gözünə cəsarətlə baxmış və ruhiyyəsində zəiflik yaranmağa imkan verməmişdir. Dara çəkilən zaman o, kütləyə nəzər salmış, kənarda durub ağlayan qardaşı oğlu 16 yaşlı Məhəmmədə belə demişdir:"Əziz qardaşım oğlu, mən xalq azadlığı uğrunda ölürəm.Mən bununla fəxr edirəm.Siz də ağlamayın.Zalımlərə qarşı mübarizəni davam etdirin." Xalq işi uğrunda canını qurban verən başqa yoldaşlar kimi, Məhəmmədhəsən Rəzzaqinin də cənazəsini cəlladlar 2 gün dəfn olunmağa qoymamışlar.Onlar elə xəyal edirdilər ki, orta əsrlərə məxsus vəhşiliklər etməklə xalqın mübarizəsinin qarşısını ala biləcəklər. Aydın məsələdir ki, onların bu ümidi puça çıxmışdır. İndi vətənimuzdə on minlərlə Məhəmmədlər ərsəyə gəlmiş, vuruş meydanına atılmış və mənfur şah quruluşuna qarşı inadlı mübarizəni davam etdirirlər.Onlar bu mübarizədə canlarını qurban verənlərin xatirəsini əzizləyir və onların təcrübələrindən istifadə edirlər.Xalqımız öz qəhrəman oğullarını həmişə iftixar hissi ilə yad edəcəkdir.

 

Go Back

Comment