Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

 

 

 

 

 

 

 

 

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

(Firidun İbrahiminin xatirəsinə)

Dostum sənin xatirən əbədi munisimdir,

Səni düşündükcə mən, səni andıqca hər an,

İntiqam, iztirab, kin, alov alır könlümü!

Qanım dolur elə bil, çırpınır qəlbim haman.

Səninlə biz bir yolun, bir məramın dostuyuq,

Bir suyun, bir torpağın yaratdığı bir insan.

Hər zaman qəlbimiz də, andımız da bir olmuş

Bir əqidə sahibi, bir düşüncə, bir iman.

Sənin müqəddəs arzun, azadəlik, səadət

Bəxş etmək idi, dostum, bizim doğma ellərə,

İşıqlansın deyirdin bu səhralar, bu yerlər,

İndi də bu ölkədən günəş doğsun hər yerə.

Dostum, bahar fəslinin aylı bir gecəsində

Sən yarandın, bu arzu səninlə bir yarandı.

İndi həyat sönsə də, o qaynar gözlərində,

Arzun sönməyən ulduz, ürəyin asimandır.

Körpəykən mərd ananın şirin laylay səsində

Duymuşdun bu arzunun dərin mənasını sən.

Mübarizə yolunda çarpışırdın inadla,

Görürdün iradənin zəfərini o gündən.

İndi sən haradasan? Bu sual çox acıdır

Qara məzarmı örtmüş sənin gülər üzünü?

Həyat var ki, ölümdür; lakin şərəflə ölmək! -

Hər igid, hər qəhrəman arzu edər o günü.

Yox - yox sən ölməmişsın el qəlbində əbədi

Sənin şanlı heykəlin daim vüqarla durur.

Sən xalqımın fəxrisən, yaxşı bil, vəfalı dost,

Bu heykəli seyr edər ellər alnında qürur.

Firidun! Bu şərəfli adda bir iftixar var,

Bu adla xalqımız da, ölkəmiz də tanışdır.

Ölüm kor təbiətin qanunudur əzəldən,

Fəqət qəhrəmanlara ölüm yaranmamışdır.

Nə o qaranlıq zindan, nə cansız dar ağacı;

Doğma eldən, vətəndən səni ayırmamış, bil;

Bax, sənin xatirəni duyur yenə ürəklər,

O xatirə heç zaman bizdən ayrılan deyil.

Bir sönməz şüa kimi parlar uca zirvədə

Sənin o təmiz adın, sənin o pak vicdanın.

Layiqsən gər fəxr edib ellər hər zaman desə:

Sən qəhrəman oğlusan doğma Azərbaycanın!

 HƏKİMƏ BİLLURİ                                                                                  

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment