Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ


AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ

1326 - cı ilin Azər ayında (1947) İran ordusu Azərbaycana xaincəsinə basqın edərkən on minlərlə ən yaxşı oğullarımız məhkəməsiz, sorğu - sualsız edam edilmişdir.Şah və onun hakimi heyəti edam olunanlardan bir neçəsi üçün məhkəmə təşkil etməklə bu cinayətlərin bir qədərini xalqdan gizlətmək fikrinə düşsələr də, əslində həmin məhkəmələr özü də onların cinayətkarlıqlarını daha dərin ifşa edən bir vasitəyə çevrilmişdir.Sərləşkər Humayuninin (Hulasu - Marağa - Təbriz istiqamətində Azərbaycana hücum edən 4 - cü ləşkərin fərmandehidir) təşkil etdiyi məhkəmələrdən biri bunun üçün nümunədir.O, Ayrımı məhkəmə rəisi, nayib sərhəng Əbdülhüseyn Keşavərzi bir neçə nəfəri də qazi təyin etdikdən sonra onlara belə bir göstəriş verir ki, vətənə xəyanət adı ilə razılaşmayaraq məhkəmənin işinə dəxalət etməyin qanuni qəzavətlə bir yerə sığmadığını bildirir.Bu zaman Humayuni Ayrıma deyir ki, mənim dediklərim şahın və baş qərargahın nəzəridir.Mən isə hərbi vəzifəmə görə bunları sizə rəsmi surətdə deməkdir.Bütün bunlara baxmayaraq Ayrım onunla nə tək razılaşmır, hətta bildirir ki, mən də məhkəmə rəisi olmaq etibarilə məhkəmə üzvlərinə qarşı göstərilən hər cür təzyiqin qarşısını almalıyam.

Sərləşkər Humayuni qərargah rəisi sərhəng Fövzini sərhəng Ayrımın yanına göndərib onu söz - söz itaətə razı olmağa - Azərbaycan Xalq Qoşunları əfsərlərindən Soltan Həbibulla Xakzad , Sultan Həsən Zəhiri və Soltan Əli Soğayi haqqında ölüm hökmü verməyə dəvət edir.Lakin bu da Humayininin və onun ərbablarının cinayətkarlıq niyyətlərini təmin edə bilmir.Nəhayət, fərmandeh ləşkərin əmrilə Fövzi Ayrımın yerinə və sərhəng Müzəffəri isə Əbdülhüseyn Keşavərzin əvəzinə təyin edilir və məhkəmə üzvlərindən də bir neçəsi dəyişdirilir.

Bütün bunlara baxmayaraq yenə də hərbi məhkəmə müttəhimlər haqqında ölüm hökmü vermək üçün qanuni əsas tapmır və əslində bu işdən çəkinir və onları uzun müddətli həbsə məhkum edir.

Piyada Soltani Həbibulla Xakzadi, topxana Soltani Həsən Zəhiri və piyada Soltanı Əli Soğayinin məhkəmə qarşısında çıxışları olduqca diqqətəlayiqdir.Onlar tutduqları yolun haqq və ədalət yolu olduqlarını bilirdilər.İran xalqlarının, o cümlədən Azərbaycan xalqının hüququnu ləyaqıtlə müdafiə edirlər.Onların cəsarətli və məntiqli çıxışları hərbi məhkəməni öz təsiri altına alır.

Nəhayət, Azərbaycan Xalq Qoşunları əfsərlərinin cəsarətli çıxışlarını, məhkəmənin rəyini bildikdən sonra Sərləşkər Humayuni məhkəmənin rəisi, və üzvlərini öz dəftərxanasına çağırıb" şahın fərmanıdlr" - deyə onları qorxudur və Sərhəng Fövzi tərəfindən hazırlanmış saxta məhkəmə qətnaməsini imzalatmaq üçün onların qarşısına qoyur.Birinci növbədə sərhəng Salehcu bu saxta qətnaməni imza etməkdən boyun qaçırır və başqalarını da etiraza dəvət edir.Salehcu, Humayuninin hədə - qorxusuna etiraz əlaməti olaraq otaqdan çıxmaq istədikdə Humayuni onun əvəzinə özü sənədə imza qoyur və qalanlarını da onu imzslamağa vadar edir.

Belə bir alçaq saxtakarlıqdan sonra həmin gecənin yarısında üç mübariz yoldaş edam edilir.İstər həbsxanada, istər məhkəmə cərəyanında, istərsə də qara ölüm ayağında Əli Soğayi də öz yoldaşları kimi mübarizlərə məxsus mətanətlə özünü göstərir.

Əli Soğayi 1300 - cü ildə (1921) Təbrizdə kəsəbə (yoxsul) ailəsində anadan olmuş, həmin şəhərdə orta təhsil aldıqdan sonra Tehrana getmiş,

orada daneşkədə əfsərinin piyada hissəsini qurtarmışdır.Onun Tehranda olduğu vaxt azadlıq hərəkatının sürətli genişlənmə dövrünə təsadüf etmişdir.Hizbe Tudə İranın rəhbərliyi altında gedən bu hərəkatın təsiri Rza xan sərbazxanalarının qalın hasarlarını keçərək bir çox vətənpərəst əfsərlər kimi Əli Soğayini də oyatmış, onu vətən və xalq haqqında, məmləkətin həqiqi mənafeyi barədə düşünməyə çağırmışdır.Nəhayət, o da xalqa və vətənə xidmət etməyin ən yaxşı yolunu xalq hərəkatına qoşulmaqda, öz mebarizəsini Hizbe Tudə İranın bayrağı altında birləşənlərin fəaliyyətilə birləşməkdə görürmüş, sonradan Azərbaycan Xalq Qoşunları sırasında xidmət etməklə özünün istək və arzusuna nail olmuşdur.O, 1325 - ci ildə (1946) Təbrizdə Azərbaycsn Xalq Qoşunlarının Baş Qərargahının kadr şöbəsində, sonradan Ərdəbil hissələrində xidmət zamanı özünü ləyaqətli və yaxşı icraçı bir əfsər kimi göstərmişdir.Əli Soğayi xalq işinə sədaqətli, həssas və bacarıqlı bir insan kimi həmişə öz dostlarının və məsləkdaşlarının diqqət mərkəzində olmuşdur. Azərbaycan Xalq Qoşunlarının sədaqəgli əfsəri 21 Azər nəhzətinin iştirakçısı olan Əli Soğayi şah və Baş qərargahın, onların törtöküntülərinin saxta məhkəməsinin hökmü ilə cavan yaşlarında fiziki cəhətdən məhv edilmişsə də onun xidmətləri, xalq hətəkatına sədaqət və səmimiyyəti, onun mərd surəti xatirələrdə həmişə yaşayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment