Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

Doğma vətənimizin istiqlalı və yeni nəslin xoşbəxt gələcəyi naminə mətin addımlarla ölümü istiqbal edən, azadlıq hərəkatına və xalqlar dostluğuna ömrünün son dəqiqələrinə qədər sadiq olan şəhid Ətaulla Zəndiyan da mübarizə tariximizdə dan ulduzu tək parlayan mərd mübarizlər sırasında özünə məxsus mövqeyə malikdir.

Ətaulla Zəndiyan 1291 - ci il şəmsi ilində(1912) İsfahanın yoxsul ailələrinin birində anadan olmuşdur.Ailə həyatının iqtisadi çətinliklərinə və mürtəce rejim tərəfindən yaranmış olan bir sıra süni maneələrə baxmayaraq, özünün səyi və zəkasıyla oxuyub savadlana bilir.Lakin bir tərəfdən ailə həyatının dözülməz maddi şəraiti və başqa cəhətdən məktəb mühitində yoxsul uşaqlarla əyan və əşrəf balalarına münasibətdə təzahür edən ziddiyyətlər Ətaulla Zəndiyanı ali təhsil almaq imkanından məhrum edir və nəhayət, onu da mübarizə meydanına atır.

Şəhid Ətaulla həmişə feodalizm və sərmayədarlıq cəmiyyətlərində olan istismar, bərabərsizlik və başqa bu kimi ziddiyyətdən danışar və bu cəmiyyətlərdə cavanların məhrumiyyətlərə düçar olduğunu qeyd edərdi. Doğrudan da şəhid Ətaulla Zəndiyanın şəxsi həyat və məişəti, eləcə də yaşadığı tufanlı mühitin daxili ziddiyyətləri onun sözlərinin canlı sübutudur.Hələ gənc ikən məktəb həyatının ziddiyyətlərini qabarıq şəkildə dərk edən Ətaullla bir gün öz müəllimindən sual edir ki, hörmətli müəllim, siz deyə bilərsiniz ki, dərslərdə müntəzəm iştirak etməyən, siz müəllimlərin suallarına heç bir zaman kafi cavab verməyən bu əyan - əşrəf balalarını nə üçün bu qədər üstün tutursunuz?

Bu cəsarətli sözlərdən narahat olan müəllim, dərhal Ətaullanı ayağa qaldırır.Onu şagirdlər içərisində təhqir edərək, məktəb müdirinin yanına aparır və nəticə etibarilə həmən gün Zəndiyanın məktəbdən qovulması haqqında əmr verirlər.Ətaulla bu zamandan etibarən məktəb həyatından ayrılır və öz yoxsul ailəsinə yardım etmək üçün bir neçə vaxt İsfahan emalatxanalarında işləyir və aldığı azacıq əmək haqqı ilə öz ailəsinə kömək edir.Bu ağır vəziyyətdən çıxmaq üçün yeni - yeni yollar axtaran gənc Ətaulla 19 - 20 yaşlarında başlayaraq İsfahan ləşkərinin serjantlıq məktəbinə daxil olur.Bu məktəbi müvəffəqiyyətlə bitirərək dərs müddətində bilik və nizami təlimat nöqteyi nəzərindən fərqlənən Ətaulla , nəhayət 1319 - cu şəmsi ilində (1940) İsfahan ləşkəri tərəfindən əfsərlik məktəbinə göndərilən dərəcədarlar sırasında Tehrana gəlir.

Rza şah diktatorluğunun süqutundan sonra xalq kütlələrinin mübarizəsinə düzgün istiqamət verilməsi zərurəti nəticəsində Hizbe Tudə İran yarandı.Hizbin nüfuzu bütün məmləkətdə genişləndikcə 10 minlərlə vətənpərəst , o cümlədən qoşun daxilində olan mütərəqqi fikirli əfsərlər, dərəcədarlar və daneşcular Hizbe Tudə İranın çağırışına cavab olaraq onun sıralarına daxil oldular.Ətaulla Zəndiyan da həmin dövrdə hizbin sıralarına gəlməklə öz həyatına yeni məna və məxmun vermişdir.İrticanın dayağı olan İran qoşununun daxilində olan azadlıq hərəkatının təsirinin , hizbin nüfuzunun artması şübhəsiz ki, İran mürtəce dairələrini , o cümlədən mürtəce fərmandehlərin bir çoxunu narahat etməyə bilməzdi.Buna baxmayaraq əfsərlərin mübariz səsləri ucalmağa başlayır.Bu səslər əvvəlcə Tehrandan və sonralar isə Xorasandan , Təbrizdən, İsfahandan, Şirazdan, Əhvazdan, Həmədandan, Ərdəbildən və daha sonralar İranın başqa - başqa əyalət və vilayətlərindən ucalaraq İranın bütün qoşun hissələrini bürüyür.Vətənpərəst əfsərlər bütün ölkə miqyasında , eləcə də onun silahlı qüvvələri daxilində olan ziddiyyətlər hizbin mətbuat orqanlarında , müsahibələrdə açıb göstərirlər ki, imperialist dairələrinin arxalandığı bu qoşun artıq öz milli simasını itirmiş və çürümüşdür.

1322 - ci ildə (1943) hərbi məktəbi yenicə bitirmiş olan Ətaulla Zəndiyan bir sıra həmfikir yoldaşları ilə birlikdə bir ilə yaxın İran ordusunun bir nömrəli motorizə həngində işləmiş və burada bir sıra vətənpərəst əfsərlərlə tanış olmuş və bu tanışlıq onun gələcək mübarizəsinə çox müsbət təsir etmişdir.Gənc əfsərlərin inqilabi fəaliyyətindən qorxuya düşən fərmandehlər gizli məktublar göndərərək gənc əfsərləri təbliğat aparmaqda günahlandırırlar.Bu tədbir əsasında 1323 - cü ilin ortalarında (1944) həbslər başlayır.Etiraz edənləri zindanlara göndərirlər.

Nəhayət, Tehrandan uzaqlaşdırılmaq məqsədilə Kerman şəhərinə göndərilən Ətaulla Zəndiyan həmin şəhərin qoşun hissələrinin birində nəzarət altında işləməli olur.Buna baxmayaraq o, Hizbe Tuda İranın Kermandakı üzvləri ilə gizli surətdə əlaqə saxlayırdı.Çox keçmədən, baş qərargahın və Əhməd Qəvam hökumətinin əli ilə Ətaulla Zəndiyanın həmfikir yoldaşlarından bir sıra yüksək və orta dərəcəli əfsərlər həbs edildilər.Zəndiyan hizbin həmin əfsərlər haqqında dərc etdiyi bəyaniyyə və materialları zindana çatdırır.Nəhayət, İran baş qərargahı rəisinin əmri ilə Zəndiyan da tutulub Kerman həbsxanasına salınır.

Ətaulla Zəndiyan çox cəsarətli, istedadlı və aydın məntiqi təfəkkürə sahib bir mübariz idi.O, zindan dövründə də yoldaşları tərəfindən sevilir və məhəbbət qazanır.O, zindaniləri şən saxlamaq və onlara kədər üz verməməsi üçün müxtəlif vasitələrə əl atırdı.Bu məqsədlə o , şirin söhbətlər edir, inqilabi məzmunda şeirlər oxuyur və imkan ələ düşən kimi tar çalaraq dostlarına mənəvi ləzzət bəxş edirdi.O, zindanda olarkən ailəsini, yenicə doğulmuş yeganə oğlunu çox sevirdi.

Azərbaycan xalqının 21 Azər nəhzətinin qələbəsi ilə yaranmış Milli Hökumət dövründə Ətaulla Zəndiyan yoldaş böyük ümidlə yaşayır və Təbriz radiosundan Kerman zindanında çox gizli bir şəraitdə yayılan:diqqət - diqqət danışır Azərbaycan Milli Hökumətinin radiyo stasiyonu- sözlərini böyük bir eşq və həvəslə alqışlayırdı.O, Azərbaycan torpağını vətənimizin ayrılmaz bir hissəsi, eyni zamanda rəhmsiz mülkədar - feodallardan azad edilmiş bir parçası kimi tanımaqla bərabər, bütün İran zəhmətkeş təbəqəsinin zidd imperialist mübarizəsində Azərbaycan hərəkatına bir istinadgah kimi baxırdı.O , öz ailəsini və sevimli oğlunu Tehranda qoyaraq, Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərin şahidi olmaq, xalq hərəkatında iştirak etmək üçün Təbrizə gəldi.Milli Hökumət, azərbaycsnlılar Zəndiyanı vətənin fədakar oğlu kimi səmimi ürəklə bağırlarına basdılar. Az keçmədən Milli Hökumət fədakar Ətaullanın inqilabi coşqunluğunu və səmimi xidmətlərini nəzərə alaraq onu mükafatlındırmaqla bərabər, Zəndiyan yoldaşa baş leytenantlıq dərəcəsi verilməsini irəli sürdü və Milli Məclis də bunu təsdiq etdi.

1325 - ci ildə (1946) İran ordusunun Azərbaycana xaincəsinə basqını zamanı Ətaulla Zəndiyan da düşmən əlinə düşür.Zəndiyan Azərbaycan xalqının azadlıq və səadəti, doğma vətənimiz İranın tam suverenliyi uğrunda şan və şərəflə ölümü qarşılayaraq şəhid oldu.O, öz qanını azərbaycanlı qardaşlarının qanına qataraq xalqlar dostluğunun şanlı tarixinə yeni parlaq bir səhifə əlavə etdi.

Gülərüzlü, polad iradəli vətənpərəst dostumuz Ətaulla Zəndiyan qədr bilən Azərbaycan mübarizlərinin qəlbində nəcib bir insan, dostluq və yoldaşlıq simvolu kimi yaşayacaqdır.

 

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment