Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azadlıq yolunun mübarizi - FORUĞ NURİ


Azadlıq yolunun mübarizi - FORUĞ NURİ

Uti kəndi Əhər yaxınlığında yerləşən yaşayış məntəqələrindən biridir.Qaradağın bir çox kəndləri kimi burada da irtica ilə azadixah qüvvələr arasında tez - tez toqquşmalar baş verirdi.Kəndin kənar küçələrindən birində olan Foruğ Nurinin evi isə azadixahların, feodal özbaşınalığı və jandarm cinayətkarlığından təngə - zara gəlmişlərinin bir hissəsinin toplaşıb məsləhətləşdiyi bir yer idi. Foruğ Nuri oğlu vətənini və xalqını ürəkdən sevən, inqilabi ruhda yaşayan mübariz bir adam idi.O, istər bu kənddə, istərsə başqa kəndlərdə bəylərin, mübaşirlərin və jandarmaların törətdikləri cinayətlər haqqında izahat işləri aparır, kəndliləri ədalətsizliyə qarşı mübarizəyə, bu mübarizədə başqa azadixah qüvvələrlə birləşməyə çağırırdı.O, özünün kənddə olan şəxsi evini də, bütün maddi imkanlarını da kəndlilərin sərəncamına verərək bir təşkilat binası kimi onlara təqdim etmişdi.

Rza xan diktatorluğunun süqutundan sonra, ümumiyyətlə, zaman keçdikcə xalqın mübarizəsi güclənir.Günün zəruri tələblərinə əsasən Hizbe Tudə İran təşkil olur, onun sıralarında birləşənlərin sayı artır.1323 - ci ildə  (1944) Foruği də Əhər şəhərində hizbə daxil olur və bu təşkilatın hövzələrinin yaradılmasında başqa mübariz yoldaşlarla birlikdə böyük səy göstərir.O, Qaradağ mahalında hizbin məramnamə və nizamnaməsinin izahı uğrunda irticaya qarşı var qüvvə ilə mübarizə aparır və öz çıxışlarında zəhmətkeşləri həmişə birləşməyə dəvət edir.Foruği hizbin Əhər komitəsinin göstərişi ilə daha uzaq kəndlərə və köçəri tayfalar arasına gedərək təbliğat işi aparır və əhalini mövcud rejimin yaramazlıqları ilə tanış edirdi.

1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi yarandıqda Foruğ Nuri də firqəyə daxil olur və ona tapşırılan firqəvi vəzifələri ləyaqətlə icra etməyə çalışır.Foruq Nuri oğlunun xalq işinə sədaqəti, xidmətləri nəzərə alınaraq firqə kütləsi tərəfindən Əhər komitəsinin üzvü və kənd hövzəsinin sədri seçilir. O, bu vəzifələrdə ləyaqətlə çalışmış, Əhər komitəsinin tapşırıqlarını özünəməxsus diqqət və məharətlə yerinə yetirmişdir.

Azərbaycanda Milli nəhzət ( hərəkat) başlanan zaman Foruğ da Qaradağda əldə silah fədai başçısı kimi jandarm və mürtəce dövlət qoşunlarının tərksilah olunmasında, Əhər və onun ətrafında düşmənlərə qarşı vuruşmalarda fəal surətdə iştirak edir. Bu hərəkatda göstərdiyi xidmətinə görə Milli Hökumətin təklifi ilə Milli Məclis Foruğ Nurini "21 Azər" medalı ilə təltif edir.

Foruğ Nuri oğlu Milli Hökumət dövründə dinc quruculuq işlərində, Heris qəsəbəsində və ümumiyyətlə, Bedustan mahalında fədai dəstələri üzrə rəis post vəzifəsində olmuşdur O, istərsə nəhzətə hazırlıq və nəhzətin qələbəsi günlərində , istərsə nəhzətin nailiyyətlərinin qorunmasında , Azərbaycan Milli Hökumətinin islahat tədbirlərinin həyata keçirilmədində, quruculuq işlərində var qüvvə ilə çalışmış və hərəkatın möhkəmlənməsinə xidmət etmişdir.

1325 - ci ilin (1946) Azər ayında Tehran hökuməti Amerika imperialistlərinin hərtərəfli köməyi ilə Azərbaycana xaincəsinə basqın etdiyi zaman Foruğ jandarmalarla maliklərin birləşmiş silahlı qüvvələri tərəfindən mühasirəyə alınır.O, sonuncu fişənginə qədər vuruşur.O, düşmənin hiylə və təzyiqlərinə, onun hədə - qorxularına əhəmiyyət vermir.Nəhayət, o, sayca çox olan düşmənlər vasitəsilə tutulub güllələnir. Şəhid Foruği ölüm ayağında igidliklə dayanır.Cəlladların gülləsi qəhrəman fədai başçısı, görkəmli təbliğatçı Foruğun qəlbini susdursa da, onun əziz xatirəsi və igidliyi fədai yoldaşlarının qəlbində yaşayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment