Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

1325 - ci ildə (1946) İran Silahlı Qüvvələri Azərbaycana xaincəsinə basqını zamanı faciəli surətdə qətlə yetirilən fədailərdən biri də Məhəmmədağa Məzlumidir.

Məzlumi Məşrutə hərəkatı dövründən başlayaraq azadlıq hərəkatına qoşulmuş, "İctimaiyyun - Amiyyun" təşkilatına ( sosial demokrat firqəsinə) , nəhayət, İran kommunist firqəsinə üzv olmuş və firqənin Ərdəbil təşkilatında gizli surətdə fəaliyyət göstərmişdir.

Geniş həyat təcrübəsinə malik olan Məhəmmədağa Məzlumi kütlələrlə işləməyi, kəndlilər arasında təbliğat - təşviqat işləri aparmağı çox yaxşı bacarırdı.O, gizli işi açıq mübarizə ilə əlaqələndirməkdə də çox mahir idi.

Onun Ərdəbil şəhərindəki salmani dükanı ( bərbər) eyni zamanda başqa şəhərlərdən gələn firqə nümayəndələrinin və rabitələrin Ərdəbil təşkilatı ilə əlaqə yaratmaları üçün etibarlı bir vasitə idi.Lakin sonralar Ərdəbil polisi Məzluminin fəaliyyətindən şübhələnərək onun dükanını nəzarət altına alır.Buna baxmayaraq Məzlumi təşkilatın ona həvalə etdiyi tapşırıqları vaxtında daha ehtiyatla yerinə yetirməyə çalışır.

1310 - cu illərdə (1931 - ci illər) Rza xan diktatorluğunun , polis terrorunun şiddətlənməsilə əlaqədar olaraq mütərəqqi təşkilatların fəaliyyəti daha da məhdudlaşdırılır və nəhayət, İran Komminist Firqəsinin bir çox üzvləri həbsə alınıb" Qəsre - Qacar"a və sürgün düşərgələrinə göndərilir.

1320 - ci ildə (1941) Rza xan diktatorluğunun aradan getməsi İran azadixahlarına açıq surətdə fəaliyyət göstərməyə imkan verir.Azərbaycanın başqa şəhərlərində olduğu kimi Ərdəbil şəhərində də 1321 - ci ilin (1942) əvvəllərində Hizbe Tudə İranın təşkilatları yaradılır. Məhəmmədağa Məzlumi də Ərdəbildə hizbin təşkil edilməsində, onun hövzələrinin yaranmaslnda yaxından iştirak edir.Ərdəbildə təşkilatın yarandığı gündən etibarən böyük maraqla , yorulmadan şəhər əhalisi və kəndlilər arasında təbliğat - təşviqat işi aparan Məzlumi hizbin aşağı təşkilatlar şəbəkəsinin genişlənməsində yaxından iştirak edir.Siyasi hazırlığı və təşkilatçılıq bacarığına görə Məzlumi Hizbe Tudə İranın Ərdəbil Vilayət Komitəsinin üzvü seçilir vı bütün təcrübə və enerjisini komitənin işlərinin müvəffəqiyyətlə irəliləməsinə sərf edir.Ailəsinin çixluğu və maddi vəziyyətinin ağırlığı Məzluminin öz müqəddəs vəzifəsindən bir an da olsun ayıra bilmir.O, gecə - gündüz təşkilatda çalışır və öhdəsinə düşən vəzifəni ləyaqət və vicdanla yerinə yetirməyə səy göstərir.

1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin 12 şəhrivər (3 sentyabr) müraciətnaməsi yayıldıqdan sonra Məhəmmədağa Məzlumi də onun sıralarına daxil olur, yenə də böyük qətiyyət və maraqla təşkilatda çalışır.O, özünün əhali arasındakı hörmət və nüfuzundan da firqənin sıralarının möhkəmlənməsi və onun təşkilat şəbəkələrinin genişlənməsində istifadə edir.

Bütün təcrübə və enerjisini firqənin məramnamə və şüarlarının izahına, onların həyata tətbiq olunmasına sərf edən Məzlumi 21 Azər (12 dekabr) nəhzətində ( hərəkatında) əldə silah iştirak edir.Bütün bu xidmətləri nəzərə alınaraq Məzlumi təşkilat tərəfindən təğdir olunur, Azərbaycan Milli Hökumətinin təklifilə Milli Məclis onu " 21 Azər" medalı ilə təltif edir.

Məhəmmədağa Məzlumi möhkəm iradəli, əqidəli, olduqca səmimi, mədəni və mübariz bir firqəçi idi.O, ictimai işi özünün şəxsi işlərindən həmişə yüksək tutur və və heç bir fədakarlıqdan çəkinməzdi.

1325 - ci ildə (1946) şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdiyi zaman dövlət orqanları vasitəsilə, yerli mürtəcelər tərəfindən silahlanıb hazırlanmış qaragurihçular onu ələ keçirib vəhşicəsinə qətlə yetirirlər.İnsanlıq simasını itirmiş vəhşi cəlladlar

onun başını kəsib küçələrdə gəzdirirlər. Məhəmmədağa Məzluminin faciəli ölümü irtica və imperializminin, İran hakimiyyətinin ən dəhşətli və qanlı cinayətlərindən biri kimi xatırlanacaqdır.Ömrünün çox hissəsini İran xalqlarının azadlığı və istiqlalı uğrunda mübarizəyə həsr etmiş olan şəhid Məhəmmədağa Məzluminin xatirəsi heç vaxt unudulmayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment