Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR ŞƏHİDİ İBRAHİM VƏTƏNXAH

21 AZƏR ŞƏHİDİ İBRAHİM VƏTƏNXAH

Xalqımızın azadlıq və səadəti uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Vətənxah İbrahim Adıgözəl oğludur.Vətənxah İbrahim Adıgözəl oğlu 1279 - cu şəmsi ilində (m.1900) Biləsuvarda kəndli ailəsində (Muğanda olan talış Mikayıllı tayfasındandır) anadan olmuşdur.

İbrahim ilk təhsilini kənd mollasından almış, lakin oxumaq işini davam etdirməyə imkanı olmamışdır.O, hələ çox kiçik ikən atası vəfat etmişdir.İbrahim ailəsini dolandırmaq məqsədilə əkinçilik və sonralar isə kəsbkarlıqla məşğul olmuşdur.O kəsbkarlıq işi ilə əlaqədar olaraq kəndləri və əyaləti gəzir, geniş xalq kütlələrinin, o cümlədən kəndlilərin ağır həyatı ilə tanış olur.O, dövlət məmurlarının , jandarmalarının və acgöz bəylərin əhalinin başına gətirdikləri zülmü gözü ilə görür və bu vəziyyət onda mövcud quruluşa qarşı kin və nifrət oyadır.

Muğanda dolana bilməyən Vətənxah bir müddət sonra başqa şəhərlərə getməyə məcbur olur.O, işlədiyi yerlərdə kargər və kəndlilərin həyatı ilə tanış olur və onda mübarizə ruhu güclənir. Kargər mühitində olmaq onun dünyagörüşünü genişləndirir.Bu zaman o, qəti surətdə başa düşür ku, ancaq mübarizə yolu ilə zülmə son qoymaq olar.

Vətənxah, vətəni ürəkdən sevən bir mübariz idi.

Yenidən Biləsuvara qayıtdıqdan sonra kəndlilər arasında izahat aparmaq işinə başlayır.1322 - ci ildə (1943) Hizbe Tudə İrana daxil olur, zülm və ədalətsizliyə qarşı mübarizə aparanlara qoşulur.O, hizbin məramnamə və nizamnaməsinin həyata keçirilməsi uğrunda var qüvvə ilə mübarizə aparır və zəhmətkeşləri həmişə sıx birləşməyə dəvət edir O, hizbin göstərişi ilə kəndlərdə və köçəri tayfalar arasında təbliğat işi aparır,xalq hərəkatının məqsədini sadə dil ilə kəndliləri başa salmağa çalışır.Zəhmətkeşlərə incə tərzdə yanaşmağı bacaran, gözəl əxlaqa malik olan Vətənxahı kəndlilər sevir və ona yüksək hörmət edirlər.

1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra İbrahim Vətənxah da firqə sıralarına daxil olur və ona tapşırılan vəzifələri ləyaqətlə icra etməyə başlayır.O, firqə təşkilatlarının kəndlərdə yaranıb inkişaf etməsi uğrunda var qüvvə ilə fəaliyyət edir.Vətənxah Araz sahilində Pərəvatlı kəndində məhəlli komitənin nümayəndəsi və kənd hövzə sədrliyi vəzifələrini özünəməxsus məharətlə yerinə yetirmişdir.

Azərbaycanda milli nəhzət başlanan zaman yüzlərlə kargər və kəndli kimi İbrahim Vətənxah da fədai dəstələrinə daxil olmuş, xanlara, bəylərə və zalım məmurlara qarşı əldə silah mübarizə aparmış, döyüşlərdə bərkimiş və xalq azadlığı uğrunda mərdliklə vuruşmuşdur. Nəhzətdə (hərəkatda) göstərdiyi xidmətlətə görə Milli Məclis onu " 21 Azər" medalı ilə təltif etmişdir.

Şah qoşunları Azərbaycana quldurcasına soxulan zaman İbrahim Vətənxah da Araz çayı qırağındakı kəndlərdə yenidən baş qaldırmış zalım bəylərə və onları müdafiə edən dövlət məmurlarına qarşı vuruşmuş , nəhayət, azər ayının 28 - də o, Pərəvatlı kəndində Havar xan və onun adamları tərəfindən tutularaq vəhşicəsinə güllələnmişdir.

Verilən firqəvi vəzifələrin yerinə yetirilməsi uğrunda ciddiyyət edən, mübarizə meydanlarında məharət göstərən bu cəsur fədai ölüm ayağında belə öz mərdlik və mətanətini itirməmiş, cəlladlar qarşısında başıuca vüqarla dayanmışdır.O, ölüm ayağında, Azərbaycan xalqının milli nəhzətinin haqq olduğunu müdafiə etmişdir.O, demişdir: "Cəlladlar mən İran xalqlarının azadlığı uğrunda ölürəm.Lakin zaman gələcəkdir ku, İran xalqlarının mübarizəsi sizi və sizin müdafiə etdiyiniz irtica quruluşu məhv edəcək və beləliklə, bizim qanımızı alacaqlar.Yaşasın İran xalqlarının azadlığı!"

Cəllad Havar xanın gülləsi cəsur fədai İbrahim Vətənxahın alovlu qəlbini dayandırsa da, başqa şəhid yoldaşları kimi onun da əziz xatirəsi fədai yoldaşlarının ürəyində yaşayacaqdlr.

Təqdim etdi: Güləddin İsmayılov

 

Go Back

Comment