Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

İran xalqlarının azadlıq və səadəti uğrunda həyatını qurban verən minlərlə mübarizlər sırasında Əzim Boləndinin də fəaliyyəti unudulmaz və xatirəsi əzizdir.

Əzim Boləndi Ərdəbil vilayətinin Ağmiyan kəndində əkinçiliklə məşğul olan zəhmətkeş ailədə 1292 - ci ildə (1913) anadan olmuşdur. Ərbab, mübaşir və dövlət məmurlarının zülmü nəticəsində öz vətənini tərk edən bu ailə 1302 - ci ildə (1923) yenidən Ərdəbilə qayıtmışdır.Bu zamandan etibarən Əzim Ərdəbil şəhərinin Sədi mədrədəsinə daxil olmuş və 1312 - ci ildə (1933) mədrəsənin 6 -cı klasını müvəffəqiyyətlə qurtara bilmişdir.Bu dövrdə onun nizam və vəzifə xidmətinə cəlb edilməsi, yenə də təhsildən ayrılmasına səbəb olmuşdur.Əzim Boləndi nizam və vəzifə xidmətində olduğu zaman həng qəhrəmanın guruhbanlıq məktəbinə daxil olur və iki il sonra guruhbanlıq dərəcəsilə həng qəhrəmanda daimi hərbi xidmətə başlayır.O, həmin vəzifədə çalışarkən sərbazlar ( əsgərlər) arasında öz insani münasibətilə fərqlənir və sərbazların cəlladı olan bir adam kimi yox , onların dostu kimi şöhrətlənir.Sərbazxanada işləməklə bərabər, şəxsi mütaliə vastəsilə öz biliyini artıran Əzim Boləndi 1318 - ci ildə isə Tehrsndakı stuvani məktəbinə daxil olur və 1321 - ci ildə (1939) həmin məktəbi müvəffəqiyyətlə qurtardıqdan sonra Ərdəbil şəhərinə göndərilir.

Bu zaman Azərbaycanda milli nəhzət ( hərəkat) gündən - günə yüksəkməkdə və onun təsiri sərbazxanaların qalın hasarlarını keçib insanların şüuruna və zehninə daxil olmaqda idi.Bir çoxları kimi Əzim də bu təsirdən kənarda qala bilməzdi.Öz vətənini və xalqını sevən hər bir kəs Azərbaycan xalqının tələblərinin haqlı olduğunu hiss edirdi. Əzim Boləndi də bu hislərin hökmü ilə öz doğma xalqının nəhzətinə müsbət səs verdi. Bir sıra azadixah əfsər yoldaşları ilə birlikdə Əzim də Ərdəbil tipinin fərmandehinin nəhzətə qarşı hərəkət etmək fikrinə mənfi cavab verir.Xalq hərəkatının qələbəsindən sonra Milli Qoşunun sıralarında səmimiyyətlə xidmət etməyə başlayır.Bundan sonra Əziminin həyatında və ictimai fəaliyyətində yeni dövr, xalqa və vətənə həqiqi xidmət dövrü başlayır.O, bütün enerjisini, bilik və bacarığını işə salır.1324 - 1325 - ci illərdə  (1945 -1946) Miyana taborunda xidmət edən Əzim Boləndi xüsusi maraq və ləyaqətlə işləyirdi.O, Azərbaycan Xalq Qoşunlarının sərbazlarının təlim - tərbiyə işində, irtica və İran Baş Qərargahının əsgər və zabitlərinə qarşı mübarizələrdə çox səmərəli fəaliyyət göstərmişdir.

Nəhayət, o, şah qoşunlarının Azərbaycan üzərinə xaincəsinə basqınları zamanı başqa yoldaşları kimi tutulur və güllələnir.Öz xalqına və ana torpağına fədakarlıqla xidmət etmiş Əzim Boləndinin xatirəsi başqa şəhid yoldaşları kimi ürəklərdə daima yaşayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment