Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN DANIŞIR…

 

 

 

 

 

 

 

 

 

 

              AZƏRBAYCAN DANIŞIR…

 
 21 noyabr 1918-ci ildə dünyaya göz açan görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, jurnalist, publisist, şair, təhqiqatçı, şəhid, İran xalqlarının milli qəhrəmanı Firudin İbrahiminin 100 illik yubileyi  keçiriləcək.  21 Azər Hərəkatının ünlü simalarından sayılan Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətin baş prokuroru, çoxşaxəli həyat və mübarizə yolu heç zaman unudulmayan Firudin İbrahimi ilə xəyalən etdiyim söhbəti oxucularıma

təqdim edirəm. 
                                              

                                                             (ESSE)
 

             –  Azərbaycanın ləyaqətli oğlu, şərəfli mücahidi, 
         Hər zaman ölməz “Azərbaycan” qəzeti ilə qoşa çəkildi adınız,
          Müqəddimənizə də  Şeyx Məhəmməd Xiyabaninin “Azərbaycan, başını uca tut,
          yaşa və əbədi var ol!” – xitabı ilə başladınız…


            – Avantüristlər,

        Düşüncə məkanı xurafat burulğanında boğulanlar,
        Zalım müstəmləkə siyasəti damarlarında doğulanlar
        Azərbaycanın dili, mədəniyyəti, ədəbiyyatı əleyhinə qələm çaldı,
        Milləti aşağıladı, təhqir etdi, hörmətsizlik göstərdi,
        tarixsiz, konstitusiya əleyhinə çıxan kütlə kimi gözə aldı.
        Vətənə məhəbbət bu iftiralı mühakimələrə son qoymağı tələb edirdi bizdən,
        Yazdım: “Azərbaycan danışır. Bir neçə parlaq səhifə iftixarlı tariximizdən”.

        “Azərbaycan”qəzetində dərc etdiyim 19 məqalə
        Millətimin kimliyini ortaya qoydu, cavab oldu bu qeylü-qalə...      
        Xəyal dünyası qeyb olanlar özünü kəşf etdi.      
        Milli heysiyyatını qorumaq üçün doğru yola doğru, “sağ zolağa” getdi…
           

 – Paris Sülh Konfransında iştirak etməklə
        Azərbaycan Milli Hökumətini təmsil edən ilk şəxs oldunuz beynəlxalq arenada.
       Heyrətamizdir, çox gənc yaşlarınızda layiq olduz bu ada....

 

 – Bəli. Azərbaycan Demokrat Firqəsinin yaranmasının birillik bayramı münasibətilə,
       Mir Cəfər Pişəvəri Təbrizin dövlət teatrı salonundakı nitqində bunu  fəxrlə gətirdi dilə.
       Dedi: "Bizim hərəkatımız dünyada nüfuz və şöhrət çələngi toxuyur.
       Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazır, oxuyur... “
   

 –  Əcdadlarımızın  tarixindən, mədəniyyətindən bəhs etdiniz.
       “Madlar bizim ulu babalarımızdır”deyib dərinlərə getdiniz…


            – Bəşər tarixində mühüm rol oynayan madlar barədə fikrim qətidir.
        Bu məqaləm uzun illər azərbaycanlılara qarşı soyqırımı siyasəti yürüdən
        pəhləvilərin şovinist  siyasətinə etiraz əlamətidir.
        Madlar eramızdan 800 il əvvəl güclü və müstəqil dövlət qurub,
        Farslar isə mədəniyyət və yaşayış tərzi baxımından bizdən xeyli aşağı durub.
        Farslar bizi geri qalmış millət sanırdı,
        Halbiki madlar mədəniyyət və sivilizasiya baxımından
        o dövrün inkişaf etmiş xalqları sırasında                
         assurilər və babilərlə yanaşı dayanırdı.


            –  Sizin şəhidlik tarixiniz ən müqəddəs zirvədir.
         Bəs simanızda qalaqlanan fikir buludları nədir?


            – 1946-cı ilin dekabr ayı. Unudulmur tarixin sinirləri ovan qulaqbatırıcı səsi, –
         İran şahının Azərbaycana xəyanətkar həmləsi.
         Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğuldu…
         Nəticədə,
         nə qədər özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış
         Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirən
         azadlıq qəhrəmanları doğuldu…


             - Ər oğlu ərləri 
       Sıxa bildimi zindan görüşləri?


             – Polad iradəli mübarizlərlə zindan doldu,
          Pəhləvi şahlıq rejiminin cavabı edam oldu.
          Mən və həmkarlarım uzaq olduq üzüntüdən, iztirabdan, ahdan,
          Lənətlər göndərdik, əhv diləmədik dövlətdən və şahdan.
          Bizdən soruşdular: “hanı sizin arxalandığınız o xalq, o ocaq”
          Söylədik:  Bu əsarət əbədi deyil,
          Zəncirlər babəklər ocağında qovrulan insanların qüdrətli əli ilə açılacaq…
           

  - Firudin İbrahimi qəhrəmanlığının tarixdə qaldı izi…
       Mübarizənin axır mərhələlərində necə qorudunuz iradə və cəsarətinizi?
   

  – Bu zaman içərisində çalışdım  öz vəzifəmi şərəflə yerinə yetirim.
        Ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda bitirim.
        Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam.
        Bu üzdən özümü xalqa xidmətdə borclu bildim, istiqlal yolunda oldum şam.
           

 – Xalqın azadlığı yolunda ağır ittihamlar yediniz,

Və GÜN GƏLƏCƏK  – dediniz...
             – Bizim hərəkat milli bir hərəkatdır.
        Azərbaycan xalqının bütün təbəqələrinin iştirak etdiyi dərin qatdır.
        Milli birlik.Milli vəhdət. Bu xalqın qəlbindəki mübarizə eşqi sönməyəcək.
        Qarşısına qoyduğu son məqsədə çatmaylnca yolundan dönməyəcək.
            Gün gələcək…
        İran xalqlarını öz hüquqlarından məhrum edənlər,
        Zalım müstəmləkə siyasəti güdənlər,
        Azərbaycan ictimai fikrinə münasibətdə qərəzli olanlar,
        beyni repressiya siyasəti ilə dolanlar.
        Və bütün xəyanətkar ocaqlar
        Cinayətkar əməllərə görə cavab verməli olacaqlar.
            Yaşasın Demokrat Azərbaycan!
           Yaşasın müstəqil və azad İran!
           Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan 
           Azərbaycan Demokrat Firqəsi!

 

 

Go Back

Comment