Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR ŞƏHİDİ MİRZAĞA TOHİDİ


 

21 AZƏR ŞƏHİDİ MİRZAĞA TOHİDİ

Çox isti keçən yay ayları idi.Azərbaycanın bir çox məntəqələrində olduğu kimi, Əcəbşirdə də bağçılığın qızğın iş mövsümi başlamışdı.1322 - ci ilin (1943) yayı kəskin siyasi fəaliyyət mövsümi kimi də fərqlənirdi. Seyid Ziyaəddin Təbatəbai, Əli Dəşti, Emami və sairə bu kimi mürtəcelərin tərəfdarları ilə mütərəqqi qüvvələr arasındakı kəskin ideoloji mübarizə qızğın mübahisələrə, hətta bəzən qızğın münaqişələrə də səbəb olurdu. Arada milli və sairə adlı irtica hizblərin Əcəbşirdəki mollalar, ərbablar və jandarm qüvvələri tərəfindən müdafiə olunmaları bu münaqişələri daha da mürəkkəbləşdirir və çətinləşdirirdi.Bütün bunlara baxmayaraq Hizbe -Tudeye İranın hələ 1321 - ci ildən (1942) təşkil tapmış Əcəbşir komitəsinin səyləri nəticəsində irtica tərəfdarlarına diş sındırıcı cavablar vermək mümkün olurdu.Bu zaman hizbin sıralarında olan bir çox mübarizlər kimi Mirzağa Tohidi də Seyid Ziya tərəfdarlarını bacarıqla ifşa edib xalq kütlələri tərəfindən onların dağıdılmasında böyük rol oynayırdı.

Mirzağa, ümumuyyıtlə, mahalın Hizbe Tudeye İran təşkilatları ilə vilayət təşkilatları arasında daimi əlaqə saxlamaqda, təşkilatın şüar və göstərişlərini kəndli kütlələrinə izah etməkdə var qüvvə ilə fəaliyyət göstərirdi.1323 - cü ilin əvvəllərində (1944) irticanın quduzlaşdığı bir dövrdə Mirzağa mollalar və maliklər tərəfindən ciddi surətdə hədələnir və nəhayət, jandarmalar tərəfindən dəfələrlə tutulub həbsə salınır.Lakin hər dəfə də Mirzağanın və başqa mübarizlərin həbsə salınması kütlələrin izdihamına səbəb olur və qorxuya düşən jandarm rəisi Rzayi onları azad etməyə məcbur olurdu.

Mirzağa Tohidinin irticaya qarşı dönməzliyini, təbliğatı və təşkilati fəaliyyətini görən hizb üzvləri onu 1324 - cü ildə, (1945) Marağa şəhərində təşkil tapan vilayət konfransına və sonra da həmən hizbin Təbriz əyalət konfransına nümayəndə seçilir.

1324 - cü ildə (1945) Hizbe Tudeye İranın Azərbaycan təşkilatı Azərbaycan Demokrat Firqəsilə birləşən zaman Mirzağa Tohidi də özünün bütün bilik və bacarığını firqənin məşhur 12 şəhrivər( 3 sentyabr) müraciətnaməsinin, məram və məsləkinin yaranma zərurətinin izahına sərf edir.O, malik və jandarm zülmündən təngə gəlmiş kəndlilərin hərəkatını firqənin bayrağı altında daha çox mütəşəkkilləşdirmək yolunda var qüvvə ilə çalışır.1324 - cü il aban ayının 23 - də ( 1945 - ci ilin ( noyabrın14 - də) Şişəvanda yoxsul kəndlilərin silahlı üsyanının təşkilində və həyata keçirilməsində də Mirzağa Tohidinin təqdirəlayiq fəaliyyəti olur.

Mübarizələrdə bişib bərkimiş, görkəmli fədai başçısı kimi yetişmiş Mirzağa aban ayının 28- də (19 noyabr) Azərşəhr mahalının fədailər tərəfindən azad olunmasında, sonra hərəkatın genişlənməsində Çardəhl, Əfşar, Həştrud və Çaroymaq mahallarındakı vuruşmalarda xidmətləri nəzərə alınaraq Milli Məclis tərəfindən "21 Azər" medalı ilə təltif olunur.21 Azər nəhzətinin qorunmasında fəal iştirsk edən Mirzağa firqə təşkilatı tərəfindən təğdir və təşviq edilir.

Azərbaycan xalqının zülm və istismara qarşı azadlıq nəhzətləti bir çox fədakar mübarizlərin yetişməsi ilə nəticələnmişdir.Bunların sırasında Mirzağa Tohidinin də unudulmaz xatirəsi vardır.Mirzağa Tohidi 1289 - cu şəmsi ilində (1910) Dizcrud mahalının Gorsvan kəndində əkinçi ailəsində anadan olmuş, köhnə tədris üsulunda molla yanında təhsil almışdır.Ona dərs verən mollanın israrına baxmayaraq Tohidi ruhani olmaq təkliflərini rədd edib əkinçiliklə məşğul olur.O, 1317 - ci ildən (1938) Marağa şəhərində " Səbət əsnad və əmlak " idarəsi dəftərxanasında işləməyə başlayır.Cavan olmasına baxmayaraq o, ictimai quruluşun eybəcərliklərini tez başa düşür.Maliklərə, istismarçılara, riyakar molla və axundlara, ümumiyyətlə, mövcud quruluşa qarşı öz nifrətini gizlədə bilməyən Mirzağa polis təqibinə məruz qalır, irtica ünsürlər isə onu dinsiz adlandırıb hədələyirlər.Nəhayət, o, dövlət qulluğundan çıxarılır və yenə də kəndə qayıdıb əkinçiliklə məşğul olur. Lakin o, irtica quruluşun eybəcətliklərinə, ədalətsizliklərinə qarşı mübarizəsini Hizbe Tüdeye İranın , Azərbaycan Demokrat Firqəsinin sıralarında daha da mütəşəkkil surətdə ömrünün axırına qədər davam etdirir.O, öz canını da xalqın azadlıq və səadəti uğrunda qurban verir.

1325 - ci ilin Azər ayında (1946, dekabr) Amerika və İngilis silahları ilə silahlanmış şahənşah qoşunlarının Azərbaycana xaincəsinə basqını zamanı Mirzağa Tohidi cəbhədən Marağaya qayıdarkən Həştrud mahalında böyük feodal ailəsi olan Solətilərin quldur dəstələri tərəfindən ( Azər ayının 29 - da) tutulur.Çoxlu əzab və işgəncələr verdikdən sonra cəlladlar onu qolu bağlı Marağa nəzmiyyəsinə göndərdilər. Alçaq düşmənlər onu da qarlı, soyuq günlərdə ayaqyalın, qolu bağlı Marağa küçələrini dolandırıb təhqir edirlər. Mirzağa müqavimət göstərdiyi üçün küçədə döyülür və bir neçə yerdən şikəst olur.Nəhayət, Esfənd (mart) ayının axırlarında sifarişli məhkəmə onun dara çəkilməsi hökmünü verir.Tohidi qəhrəman fədai kimi, özünü məram və məsləkinə layiq surətdə aparır bə məhkəməyə deyir:" Siz zülmkar feodalların himayəçisi olan qan içən şahın boynu dağlı nökərləri və əli qılınclı cəlladlarısınız! Məzlum və məhrum kütlələrin ədalətlə sizə divan tutacağını unutmayın! Məni öldürməklə azadlığın məşəlini söndürə bilməyəcəksiniz!"

Bu sözlərdən qəzəblənmiş cəlladlar ona sözünün ardını deməyə macal vermirlər və hökmü icra edirlər.Öz canını xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda qurban vermiş görkəmli mübariz Mirzağa Tohidinin xidmətlərini Azərbaycan xalqı unutmayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment