Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

1945-1946-cı illərdə iki gənc inqilabçının başına gələn hadisələrdən

1945-1946-cı illərdə iki gənc inqilabçının başına gələn hadisələrdən

Kərimov Səyyad Ağami oğlu (Dasi)

Niyazi özü və Ənuşirəvan haqqında başlarına gələn əhvalatları nəql edib deyirdi:

Tehran hökumətinin 1946-cı ilin dekabrında vətənimizə xaincəsinə qəflət basqınlardan Mərkəzi Komitənin tapşırığı ilə Təbrizin yaxın şəhərlərindən birinə məxfi tapşırığa göndərilmişdik. Biz bir neçə tapşırığı yerinə yetirdikdən sonra bəd xəbər eşitdik. Bizə bu bəd xəbəri qonağı olduğumuz Şeyx Əli xanın oğlu Əşrəf bəy verdi. O, bu vaxt çox həyacanlı idi. Xəbəri dedikcə xəyanət deyirdi. Biz onların çoxdankı qonaqlarından idik. Buna baxmayaraq ki, onların ailəsində heç bir partiya üzvü yox idi. Bu adamların bizim partiyaya çoxlu etimadları var idi. Qonaqpərvər ailə başçısı bu xəbərdən çox narahat olmuşdu. Oğlundan xəbəri ətraflı öyrəndikdən sonra bir qədər fikrə getdi.

O, tez hər iki oğlunu yanına çağırıb, onlara nə isə tapşırıq verdi. Sonra Ənuşirəvannın yanına gəldi və dedi:

“Oğullarım işlər yaman pisdir. Şah qoşunları Azərbaycanın bir çox şəhərlərini tutublar. İndi hər dəqiqə qorxuludur. Təbriz əldən gedir. Tehran hökuməti öz vəhşi hərəkətləri ilə bütün şəhərlərdə çoxlu qanlar axıdır. Sizinkilər geri çəkilir. Çoxlu fədai qırılır. Güclər bərabər gəlmir. Şah qoşunları təyyarələrdən, tanklardan, toplardan istifadə edir. Çoxlu qanlar axıdılır. Şəhərdə, kəndlərdə qan su yerinə axıdılır. Çox yerlərdə postlar qurulur. Şəhərlərarası axtarışlar gedir. Tudəçiləri yerindəcə gülləbaran edirlər. Şah qoşunları çox sürətlə irəli gedirlər. Belə getsə buralara hətta gəlib çıxacaqlar. Siz heç yerə tərpənməyin, evdən bayıra çoxmaq lazım deyil.”  

Şeyx Əli bəy elə danışırdı ki, elə bil özü bu işin Çində idi. O bizə dedi:

“Oğlanlarıma tapşırmışam ki, sizinlə məşğul olsunlar.”

Onun bizim yaşda iki oğlu var idi. Böyük oğlu Əşrəf bəy, kiçik oğlu Rəhim bəy idi. Rəhim bəy çox cəld adam idi. Özü də zarafatından qalmazdı.

Bu şəhərdə ən hörmətli bəy var idisə o da Şeyx Əli bəy idi. Ona bu xəbəri ən mötəbər yerdən çatdırmışdılar.

Aradan çox keçmədi ki, onların olduğu şəhəri həmin gün şah qoşunu bürüdü. Bütün küçələrdə atılan top-tüfəng səsindən qulaq tutulurdu. Onlar öz köhnə özbaşınalıqlarını həyata keçirmək üçün şəhərin mərkəzi küçələrində çoxlu dar ağacları qoymuşdular. Axtarışlara başlamışdılar.

Şəhərin bəzi görkəmli yerlərində şüarlarla yanaşı dar ağacları qurulmuşdu. Şüarlar da şüarçılar da həmin yerdə axşamlamışdıq. Ümidimiz Əşrəf bəy, Rəhim bəy və atası Şeyx Əli bəy idi. Çünki bu şəhərin gizli qaçış yollarından xəbərsiz idik. Şeyx Əli bəy ayıq hərəkət edirdi. O, nökərlərindən bir-ikisini evin ətrafında pusquda qoymuşdu. Qorxulu xəbər olan kimi tez xəbər verməli idilər. O, evində bizim üçün döşəmədə xalı-xalçanın üstündə 4-5 yerdə dirsəklənməkdən ötrü məxmər yastıqlar bir-iki yerdə də xor-xor qəlyan qoymuşdu. Masanın üstündə dünyanın ən yaxşı içkiləri düzülmüş, yanında da təzə fransız kartı. Bəyin tapşırığı ilə geyimlərimizi də dəyişib bəy oğlu olmuşduq. Hərəmizə də bəy ləqəbi vermişdilər. İbrahimiyə - Qəmbərəli bəy, mənə isə Heydərəli bəy ləqəbi. Hər ikimiz Təbriz bəylərindən idik. Tacirlikdə Təbrizdə bizdən artıq tacir tanınmırdı. Amma onu deyim, bundan qabaqkı geyimimizin özü bu bəy geyimindən geri qalmırdı. Ona görə də Rəhim bəy bu hadisədən qabaq bizə zarafatla deyirdi: “Gəlin əynimizi dəyişək, Sizin yaxşı geyiminiz var” biz bunu zarafat bilirdik. İndi o Rəhim bəy bizim rolumuzu oynayırdı. O, yaxınlıqdakı pəncərədən tez-tez küçəyə boylanırdı. Biz əynimizi dəyişib, artıq işə başlamışdıq. Hərənin cibində nə pul var idisə ortalıqda idi. Təzəcə xor-xor qəlyanlar xoruldayırdı ki, nökərlərdən birisi canı hövüllü özünü içəri atdı. O, tez Əşrəf bəyə xəbər çatdırdı ki, ağa, üç-dörd əli silahlı jandarm bizə yaxınlaşır. Nökər sözünü demişdi ki, darvazanın qapı zəngi çalınmağa başladı. Zəng dayanmadan çalınır, qapının cəftəsi də vurulurdu. Şeyx Əli bəy bizə sakit, təmkinli olmağı, özümüzü itirməməyi tapşırdı. O, özü onları qarşılamağa getdi. Biz bu vaxt bala-bala viskidən vurub, qəlyanları xoruldadırdıq. Evi  qəlyan və içki iyi bürümüşdü. Deyəsən Şeyx Əli bəylə razılaşmamışdılar onlardan ikisi darvaza ağzında qalıb, ikisi isə pilləkənlə ikinci mərtəbəyə - bizim olduğumuz evə qalxırdılar. Əşrəf bəy deyirdi:

“Sizi kimsə yaman satıb. Siz özünüzü o yerə qoymayın. “Atam dediyi kimi hərəkət edin”.

Biz tez əlimizdə kart, rola girmişdik. Hər ikimizin gözləri xumarlanırdı. Kefli rolunda idik. Basqınçılar əllərində silah evə daxil oldular. “Qalxın ayağa!” deyib, hər ikimizi hədələyə-hədələyə adımızı, soyadımızı, atalarımızın adını soruşdular. Biz təzə verilmiş adları təmkinlə bir-bir dedik. Hardan gəldiyimizi bildilər. Onlar bizdən həqiqi adımızı dönə-dönə soruşurdular.

“Ağacan, biz belə adam tanımırıq, baba, biz tacir adamlarıq, tudəçi – mudəçi tanımırıq. Bir qədər də üstünə qoyub, əfsərin, befərmayid (buyurun, zabitlər) bizimlə nuş edin, xahiş mikonəm (xahiş edirik) nuş edin, deyəndən sonra onlar bizdən əl çəkib rədd oldular.

Onlar gedəndən sonra hamımız rahat nəfəs ala bildik. Allaha çox şükür ki, getdilər dedikdə, Əşrəf bəy çox narahat halda dedi, “Çoxda inanmayın  onlar bizdən bir dəfəlik getsinlər. Qabaqda hələ çox qorxulu işlər var.

Əşrəf bəy bizdən də çox qorxurdu. O, qorxurdu ki, evlərindən tudəçi çıxıbsa onların adı batar, özləridə ki, böyük əngələ düşərlər. Bu xətadan yaxşı qurtardıq. Biz bir neçə saata buraları tərk etməli olduq. Özü də bizi həmin adlarla və tacir paltarında yola saldılar.

Bu işi axşama qoymadılar. Şeyx Əli bəy bizi özünün ən etibarlı adamları ilə, gizli yollarla düz Təbrizə yola saldı. Gedərkən yolda belə bir dəhşətli mənzərənin şahidi olduq. Qaniçən, qəddar şah qoşunları kafir adlandırdıqları mühacirlərin başlarını bədənlərindən ayırıb, kəsik başları yolun bir hissəsinə, bədənləri isə o biri hissəyə atıb özləri də ortalıqda hərəkət edirdilər. Beləliklə, biz çox çətinliklərlə Təbrizə gəlib çatdıq. Bundan sonra hər iki gəncin çətin günləri başlamışdı. Bir neçə gün idiki, Təbriz şah qoşunları tərəfindən alınmışdı. Şəhərin çətinliklə düşmənlər tərəfindən alınmasına baxmayaraq, şəhərin çox yerində və ətrafında hələdə top- tüfəng səsləri kəsilməmişdi. Şəhərin bir çox küçələrində, öz vətənləri uğrunda canından keçən qəhrəman igidlərimizin meyidləri fərş üzərində, bəziləri isə yarımcan ölü, yaralı vəziyyətdə yerə sərələnib qalmışdılar. Şəhərin bir çox küçələrində qan gölməçələri tez-tez gözə dəyirdi. Şəhər hərtərəfli şah qoşunları tərəfindən əhatə olunmuşdur. Güclü düşmən əlində qapı-pəncərələrdən belə baş çıxarmaq olmurdu. Amerika, İngiltərə burjuaziyasının köməyinə arxalanan şahlıq üsul-idarəsinin hegemonluğu özünün iç üzünü bu vəziyyət də göstərirdi. Onlar bütün Azərbaycana soxularaq, silahlı müdaxilə etməyə başlamışdılar. Azərbaycanın şəhər və kəndlərini alıb, çox sərt terrora girişmişdilər. Doğma şəhərlərimizi yadlaşdırmışdılar. Bizimkilərin bir çoxu geri çəkilməyə məcbur olmuşdu. Qüvvələr bərabər olmadığından çoxlu qan axıdılmışdır. Mərkəzi Komitə müvvəqəti geri çəkilməyi qərara aldı. Bu vaxt şəhər də çox qarışıq idi. Hər gecə ayrı-ayrı evlərdə qalırdıq, tudəçiləri və onlara yaxın adamları yerindəcə güllə-baran edirdilər. Mən bu dəhşətli günlərdə öz halıma yox dostum qardaşım olan Ənuşirəvanın halına yanırdım. Bu qarışıqlıqda bir-birimizdən ayrı düşdük. Bu müsibətlər heç vaxt yaddan çıxmayacaq.

Go Back

Comment