Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

 

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

(1899 - 1947)

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRƏND VİLAYƏT KOMİTƏSİNİN SƏDRİ, MİYANDAB ŞƏHƏRİNİN FƏRMANDEHİ

Mir Kazım Ələmi 1278 - ci şəmsi ilində (milady 1899 - cu il) Mərəndin Yuxarı Dizə kəndində əkinçi ailəsində anadan olmuşdur.Mirkazım kənd həyatı ilə yaxından tanış idi.O, hələ gənc ikən, quldur feodalların, jandarm və sair dövlət məmurlarının rəhmsiz istismar, zülm və təzyiqinə məruz qalmış, Azərbaycan kəndlilərinin dözülməz vəziyyətinin şahidi olmuşdur.Bu vəziyyətin özündən doğan mübarizə Mir Kazımı da cəlb edərək, onu bu yolda bişirib bərkitmiş , qorxmaz və tədbirli bir azadixah kimi kütləvi xalq hərəkatına təhvil vermişdir.Mir Kazım ömrünün çox hissəsini zülm və irticaya qarşı mübarizədə keçirmişdir.O dəfələrlə inqilabi iş üstündə həbsə atılmış, polis, jandarm və xəfiyyə idarəsinin arası kəsilməz təqiblərinə məruz qalmışdır.İrticaya qarşı inadla mübarizə aparmaqda zəngin təcrübəyə malik olan Ələmi öz çevikliyi ilə düşməni aldadıb azdırmaqda son dərəcə məharətli idi.Öz şərəfli fəaliyyəti, bilik və təcrübəsini xalq işinə həsr etmiş Ələmi kəndlilərin, kargərlərin (fəhlələrin) ən yaxın dostu və sevimlisi idi.Onun kəndlilər arasında hörmət və nüfuzu onların hüquq və mənafeyini müdafiə etmək işində acgöz maliklər və dövlət məmurlarına qarşı mübarizədə yaranıb dərinləşmişdi.O, xüsusilə 1324 - cü ildə (1945) zəhmətkeşlərin mənafeyi uğrunda ələ silah alaraq, onlarla birlikdə vuruşmuşdur.Mir Kazım Ələmi 21 Azər nəhzətində(hərəkatında) Mərənd, Təbriz və Urmiyhə şəhərlərinin azad efilməsində Qaradağ xanlarına qarşı döyüşlərdə öz fədailəri ilə birlikdə rəşadət və fədakarlıqla döyüşmüşlər. Mir Kazım Ələminin xalq hərəkatındakı xidmətlərinə qiymət verən Azərbaycan Demokrat Firqəsi, Azərbaycan Milli Hökuməti onu Mərənd fədailərinin başçısı təyin etməklə ona yüksək etimad göstərmişdir.O, Azərbaycan Milli Məclisi tərəfindən şanlı "21 Azər " medalı ilə təltif edilmişdir.

Azərbaycsn Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və Milli Hökumət tərəfindən Mir Kazım Ələmi əvvəlcə Mərəndə,, sonra isə Miyandab şəhərinə fərmandar göndərilir.O, istər Mərənddə, istərsə də Miyandabda olduğu müddətdə Milli Hökumətin ictimai, siyasi və iqtisadi islahat proqramının həyata keçirilməsində fəal surətdə iştirak edir.

Şahənşah ordusu xaincəsinə Azərbaycana hücum edərkən Mir Kazım Ələmi bir dəstə fədai ilə birlikdə düşmənə qarşı vuruşa - vuruşa Miyandab şəhərini tərk edib dağlara çəkilir. Düşmən qüvvələrinin amansız təqibi, sərt şaxta, aclıq və hərbi sursatın qurtarması nəticəsində Mir Kazım Ələmi yoldaşları ilə birlikdə dağlardan geri çəkilməyə məcbur olur.O, vuruşa - vuruşa Mərəndin Dizə kəndinə gəlir və nəhayət, burada düşmən əlinə düşür .Mir Kazım Ələminin kütlə içərisindəki nüfuzundan istifadə etmək , Azərbaycan xalqının istiqlal və azadlıq uğrunda hərəkatını ləkələmək məqsədilə dövlət məmurları ona pul və məqam təklif edərək bunun müqabilində tutduğu haqq və ədalət yolunun əleyhinə çıxmağı ondan tələb edirlər.Lakin onlar buna müvəfgəq ola bilmirlər.Öz məqsədinə nail ola bilməyən düşmən Mir Kazım Ələmini zindana salaraq ona fiziki və mənəvi işgəncələr verir.Bütün bu vəhşiliklərə, alçaq polis tədbirlərinə baxmayaraq, dərbar nökərləri onun xalqa, vətənə, doğma firqəsinə qarşı bəslədiyi iman və əqidəsini sarsıda bilmirlər.

Azadlıq ordusunun mübariz bir əsgərinin polad iradəsi qarşısında öz mənəvi zəifliyini hiss edən düşmən onu dəfələrlə alovlu nitqlər söyləmiş olduğu yerdə - şəhərin mərkəzi meydanında dar ağacından asdırır.Bu qanlı cinayətlə kifayətlənməyən cəlladlar Mir Kazım Ələminin asılmış cəsədini aparıb yandırmaq istəyirlər. Lakin əhalinin qəti tələbi və kəskin etirazı ilə hesablaşmağa məcbur olan polis orqanları, nəhayət,cəsədi kəndlilərə vermiş olurlar.

Azərbaycan xalq hərəkatının görkəmli, fəal iştirakçılarından biri olan alovlu vətənpərəst Mir Kazım Ələminin 21 Azər nəhzətində (hərəkatında) göstərdiyi xidmətlər, xalq azadlığı uğrunda şəhid olması, onun faciəli ölümü Azərbaycan xalqının yadından çıxmayacaqdır.

 

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment