Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN

FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

Şeyx Polad Əhməd oğlu Əhmədi 1265 - ci şəmsi ilində (1886) Meşkinin Lahrud kəndində kəndli ailəsində anadan olmuşdur.O, anadan olduğu kənddə, lap kiçik yaşlarında əkinçiliklə məşğul ikən bir müddət də qədim üsulda təhsil almışdır.1300 - cü ildə Şeyx Məhəmməd Xiyabani hərəkatı genişləndiyi zaman Əhmədi də bu hərəkatda fəal surətdə iştirak edir.O, Meşkin kəndlilərini maliklərə və dövlət məmurlarına qarşı mübarizəyə çağırır və bir neçə dəfə Lahrud kəndinin maliki Əmir Tumanın adamlarını, kəndlilərin düşməni olan ağaları və mübaşirləri kənddən qovur.O, ərbab - rəiyyətlik münasibətinin ədalətsizliyini, kəndlilərin zəhmət və hüququna maliklər tərəfindən hörmət edilməsi lüzumunu sadə dillə danışır və onları başa salmağa çalışırdı.

Azərbaycan xalqının azadlıq hərəkatı xain Müxbirülsəltənə Hidayətin əli ilə yatırıldıqdan sonra Şeyx Polad da Meşkin mürtəcelərinin və dövlət orqanlarının təqibinə məruz qalır.O, 24 nəfər yaxın dostları və fədai yoldaşları ilə birlikdə dağlara çəkilərək Xiyabani hərəkatının iştirakçılarını təqib edən dövlət qüvvələrinə qarşı, yerli feodallar əleyhinə mübarizə aparır.

Nəhayət, bir neçə ay sonra Meşkin mürtəcelərinin vasitəsilə Fərabad kəndində onu tutub dövlət məmurlarına təhvil verirlər.Xain dövlət nümayəndəsi qəbul etdiyi andı pozaraq Şeyx Poladı Ərdəbildə həbsə alır.Lakin Şeyx Polad 14 ay həbsdə qaldıqdan sonra Ərdəbil və Meşkin əhalisinin etirazı nəticəsində dövlət orqanları onu azad etməyə məcbur olurlar.

Rza xan diktatorluğu dövründə şiddətli təzyiq və terrorun hökm sürməsinə baxmayaraq Şeyx Polad da başqa azadixahlarla birlikdə mövcud quruluşa, Rza xanın xalqın mənafeyinə, ölkənin istiqlalına zidd siyasətinə qarşı öz gizli fəaliyyətini davam etdirir.

Rza xan diktaturası yıxıldıqdan sonra mürtəce hakimiyyətin özbaşınalıqlarını, zülmlərini ifşa edib zəhmətkeş kütlə içərisində siyasi təbliğat aparmağa məcbur olmuşdur.

1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi təşkil olduqda Şeyx Polad da onun üzvlüyünə daxil olmuşdur.Bütün təcrübə və bacarığını, onun əmr və göstərişlərinin həyata keçirilməsinə sərf etdi.Şeyx Polad illər boyu arzusunu çəkdiyi silahlı üsyanda - 21 Azər nəhzətində ( hərəkatında) əldə silah iştirak etməklə barışmaz düşməni olduğu irtica qüvvələri ilə müvəffəqiyyətlə vuruşmuşdur.O, Meşkinşəhrin məhəlli komitəsinin təbliğat şöbəsinin sədri idi.Şeyx Polad Əhmədinin firqəyə, xalq nəhzətinə sədaqəti nəzərə alınaraq, o, şanlı "21 Azər" medalı ilə təltif edilmişdir.

1325 - ci ildə (1946) jandarm dəstələri,dövlət məmurları Şeyx Polad Əhmədini təqib etdiyi vaxt Meşkin feodallarından olan Əmiraslan bəy onu namərdcəsinə tutaraq , jandarmlara təhvil verir.Şah cəlladları onu Meşkinşəhrin çaharrahında edam edərkən qocaman mücahid düşmənlə vuruşduğu zaman göstərdiyi mərdanəliklə ölüm qarşısında dayanaraq belə demişdir:"Mən qocalmışam, bu gün də ölürəm, sabah öləcəyəm, lakin, mən mübarizə yolunda, azadlıq uğrunda öldüyümə görə iftixat edirəm!"

Azərbaycan Demokrat Firqəsinin sadiq və mübariz oğlu qocaman mücahid Şeyx Polad Əhmədinin xatirəsi həmişə hörmət və izzətlə yad ediləcəkdir.

--

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

 

Go Back

Comment