Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCANIM

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCANIM

Haraya getsəm də gözüm səndədir,

Şeirimin axarı, sözüm səndədir,

Gedəsi olarsam, izim səndədir,

Əzəli, əbədi yurdum, məkanım,

Behiştim, cənnətim Azərbaycanım!

Doğmadan doğmasan, ey ana yurdum,

Yolunda başımla, canımla durdum.

Sinəndə əbədi bir yuva qurdum,

Dolanım başına, bir də dolanım.

Mənim ömrüm, günüm Azərbaycanım!

Nə qədər dünya var, bu kainat var,

Nə qədər ömür var, gün var, həyat var,

Nə qədər uçmağa məndə qanad var,

Bil, sənsən ilk yuvam, axır məkanım,

Eşqindən məşəltək alışım, yanım.

Səninlə bir canam, bir bədənəm mən,

Dənizsən, ümmansan, bir qətrənəm mən,

Günəşsən, ulduzsan, bir zərrənəm mən,

Məndən üz döndərmə ey mehribanım,

Dolanım başına, hər gün dolanım.

Bütün məhəbbətlər uçsa qəlbimdən,

Yenə ömr edərəm xəyalınla mən.

Dünya düşmən olsa, dostum ki sənsən,

Döğmadan doğmasan, arxam, gümanım,

Eşqindən səhər də, axşam da yanım.

Səndən yüz yazmışam, min yazsam da az,

Bir qolun Kürdürsə, bir qolun Araz.

Səninlə ömrümüz dönüb olub yaz,

Sənə, bircə sənə qaynayır qanım.

Ey ömrüm, həyatım Azərbaycanım!

Ümidim, arxamsan el bilir bunu,

Yolunda qoy gəlsin ömrümün sonu,

Sazım da, sözüm də ömrüm uzunu,

Səndən söz açmışdır, ey mehribanım,

Dolanım başına, hər gün dolanım.

Bir quşam ilk yurdun, yuvam da sənsən,

Mehriban elim də, obam da sənsən,

Nənəm də, anam da, babam da sənsən,

Köksünə sığınım ata məkanım,

Ümidim, sevincim, Azərbaycanım!

Eşqindən kükrəyən dağ seliyəm mən,

Dünənim, bu günüm, sabahım da sən.

Yaşa əsrlərcə, yaşa ey Vətən!

Ey mənim cahanda dünyam, cahanım!

Ey ömrüm, həyatım, Azərbaycanım!

Azadlıq yolunun yolçusuyam mən,

Səninçün ağ günlər gəzirəm, Vətən.

Dünyanı gəzsəm də mən qarış - qarış,

Yenə səninləyəm, səninlə bilsən.

Ayağım altında sənin torpağın,

Başımın üstündə sənin göyün var.

Könlümdə, ruhumda sənin növrağın,

Qəlbimi tərk etməz tanış arzular.

Hər gündə sinənə bir yara dəyir,

Sıxır ürəyimi qəm dalğaları,

Qəlbimi qurd kimi əzablar yeyir,

Gəzirəm səninçün ölməz baharı.

Mən tufan, fırtına axtarıram, bax,

Ürəyim nə vaxtdır intizardadır.

Çağırır hər zaman məni o torpaq,

Qəlbimin ğözləri o dünyadadır!

Deyirlər ağ günlər çəkər insanı,

İnsan səadətin sorağındadır.

Hanı o torpaqda ağ günlər, hanı?

Əsarət vətənin torpağındadır.

Gecə də, gündüz də gözləyir ürək,

Yormuşdur qəlbimi tənhalıq artıq.

Mən tufan gəzirəm, o tufan ki, tək,

Versin ürəyimə mənim rahatlıq.

Mən elə bir tufan gəzirəm ondan,

Bir anda çaxnaşsın səmanın üzü.

Elə bir tufan ki, qurtarmasından,

Bulaqtək durulsun qəlbimin gözü.

Ey gözəl torpağım, ey gözəl Vətən!

Azadlıq dünyası quracağam mən.

Sənin torpağında öz əllərimlə,

Sənə həyat verən əməllərimlə!

                                  HƏKİMƏ BİLLURİ

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment