Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

FİRİDUN İBRAHİMİ:

 FİRİDUN İBRAHİMİ: TARİXİ ŞƏXSİYYƏTİN BƏDİİ OBRAZI

Azad fikirli olmaq, xalqın dərdinə yanmaq, milləti qəflət yuxusundan oyatmaq, müstəqil dövlət yaratmaq istəyi Firudin Qəni oğlu İmrahiminin həmişə qanında və canında dolaşırdı. Bu fikirlər onu rahat buraxa bilməzdi, çünki o, xalqının halına yanan igid oğul idi. Firudin İmrahimi Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanıdır.

        Azərbaycanın Firudin İbrahimi kimi ölməz oğlunu xalqa daha yaxşı tanıtmaq üçün bir sıra yazıçı və şairlər ona əsərlər həsr etmişlər. Böyük yazıçı, sənətkar Mirzə İbrahimov da “Gələcək gün” romanını yazarkən Firidun baş qəhrəman olaraq seçdi. Bu romanda ikinci dünya müharibəsindən əvvəl Güney Azərbaycanda, İranda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəka- tından, Sovet ordusunun 41 –ci ildə İrana girməsi hadisəsindən bəhs edilir. Baş qəhrəman Firidunun prototipi 40-ci illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın nümayəndələrindən biri olan Firidun İbrahimidir. Təbriz yaxınlığında Azərşəhrdə anadan olan Firidun hakim rejim nümayəndəsi,  məmur Hikmət İsfəhani ilə mübarizəsindən sonra həbs olunmuşdur.

          Əsərdə Firidun xalqın halına yanır, onları oyatmağa çalışır. Ata-anasını itirdikdən sonra əmisi Musa kişinin yanına gələn Firidun burada kəndlilərin vəziyyətinə dözə bilmir. Kəndlinin uşaqları acından öldüyü, səfil vəziyyətdə küçələrdə dolaşdığı halda, hökümət rəhbərliyi kəndlinin öz halal zəhmətini ona artıq görür. Məhsulun yalnız 5-də 1 –ni kəndliyə verir. Belə bir hala dözə bilməyən Firudin etirazını bildirir. Dövlət məmurları tərəfindən təqib edilir. Beləliklə, yaxınları onu qonşuluqda bir tövlədə gizlədirlər. Oradan  əmisinin köməyi ilə qaçıb qurtulsa da, Firudin rahat ola bilmir. Yenə xalqı düşünür, yenə mübarizəsini davam etdirir.

          Əsərin başqa bir hissəsində əhalini oyatmaq, bu murdar rejimi məhv etmək üçün dövlət əleyhinə kitab çap olunur. Bu işdə Firidun yaxından iştirak edir. İkinci kitabın çıxması üçün Rza Qəhrəmanidən kömək istəyir. Rza Qəhrəmani ilə söhbətində Firidun acı şəkildə söyləyir: “Ah, bu farsçılıq, farspərəstlik. Nə çirkin bir fikirdir. Ağalar kərgər və kəndlinin qanını sormaqdan doymadılar. Bir də İranda yaşayan millətləri bir-birinə düşmən etmək istəyirlər. Yer üzündə mən bundan böyük cinayət görmürəm, çünki  bəşərin səadəti millətlərin bir-birinə hörmət və məhəbbət gözü ilə baxmasındadır”.

         Firidunun insani keyfiyyətlərindən biri özünü dostu Kərim xanın həbs olunaraq  edam olunmasından sonra təhlükəli olsa da, onun həyat yoldaşı Xavərə bir qardaş kimi köməklik etməsində də göstərir.

          Sovetlər  Firidunun nəzərində dünya azadlığının böyük bir istinadgahı, məzlum xalqların əbədi və dönməz dostu idi. Orada yellənən bayraq gələcək dünyanın, azad və xoşbəxt əbədiyyət rəmzi idi. Firudin hər dəqiqə, hər an tutduqları mübarizə yolunun uzaqda, Rza xanın dəmir hasarlar çəkmək istədiyi, sərhədlərin arxasında yellənən bu bayraqla işıqlandığını hiss edirdi. Firudinin dostları istibdad qılıncının altında sussalar da, qəlblərində yaşayan bu ümid bir an sönmürdü.

          Firidun siyasi görüşləri, fəaliyyəti üzündən yenə şahlıq rejiminin qəzəbinə tuş gəlir və həbsə salınır. Burada onun gözünün önündən bütün həyatının səhifələri, ata-anasının ölümü, sevdiyi qız Gülnaz, əmisi Musa kişi gəlib keçirdi. Firudinin əmisi Musa kişinin başına gələn bəlalar onu qəzəbləndirirdi. Onu da həbs edib Firidun ilə eyni kameraya salırlar, lakin hakim dairələrin zülmündən cana gəlmiş, fiziki cəhətdən zəifləmiş, əzizi Firudini tanıya bilmir.

          Əsərin sonunda Firidunun damarlarında axan azadlıq istəyi yerinə yetir. Firidun azad nəfəs aldığını hiss edir. Rus ordusu Tehrana gəlir. Xalqın azadlığı bərpa olur. Firudin Azərbaycana gəlir. Onun bundan sonrakı həyatı işıqlı, parlaq və nəhayətsiz olacaqdır.

         Əsərin belə bir sonluqla bitməsi artıq yazıçı Mirzə İbrahimovun düşündükləri, görmək istədikləridir. Simvolik olaraq Firidunun arzularının ölmədiyini, silahdaşları və gələcək nəsillər tərəfindən azadlıq uğrunda mübarizənin davam etdiriləcəyini, Firidun kimi qəhrəmanların hər zaman yetişəcəyini, gec-tez Azərbaycanın azadlıq qazanacağını diqqətə çatdırmaq məqsədi daşıyır. Firidun İbrahimi və onun silahdaşlarının arzuları bu gün artıq yerinə yetmiş, Azərbaycan azadlığını, müstəqilliyini əldə etmiş və “Gələcək gün”lərə, gözəl günlərə doğru inamla irəliləməkdədir.

         Zamandan asılı olmayaraq Azərbaycanımız uğrunda canını fəda edən bütün qəhrəmanlara eşq olsun.

Asiman

ADPU, filologiya, III kurs tələbəsi

 

 

Go Back

Comment