Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR


 

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR

1320 - 1325 - ci illərin (miladi 1941 - 1946 - cı illər) Azərbaycanı ədəbiyyatında görkəmli yeri vardır.Bu illərdə dilimizi bağlayan zəncirlər qırılıb açılır, şairlərimiz, yazıçılarımız yazıb - yaratmağa başlayırlar.Bu illərin yazıçı və şairlərinin yazı və şeirlərində bir böyük xüsusiyyət də var, o da bu yazıların, şeirlərin ziddi - faşist olmasıdır.Bu ziddi - faşist əsərləri yaradanların arasında ərdəbilli İbrahim Zakir adında Azərbaycanın milli bir şairi də yetişmişdir.

İbrahim Əzim oğlu Pur Əzim Zakir 1891- ci ildə Ərdəbilin üç kilometrliyində yerləşən Şeyx Kəlxoran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.Bədii yaradıcılığa gənc yaşlarından başlayan İbrahim Zakirə" Molla Nəsrəddin" məcmuəsinin böyük rolu olmuşdur.60 ildən artıq bədii yaradıcılıq yolu keçmuş İbrahim Zakir M.Ə.Sabir və M.Ə.Möcüz satira məktəbinin layiqli davamçılarındandır. Gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən Zakir 1916 - cı ildə yazdığı" Mənə nə"," Ara hakimləri" adlı satirik şeirləri ilə öz yaradıcılıq yolunu müəyyənləşdirmişdir."Fəryad edirəm"," Novruz bayramı" şeirləri Rəşt şəhərinin qəzetlərində çap olunmuşdur.Sonralar o, satirik şeirlərinə və siyasi fəaliyyətinə görə yurdundan sürgün edilmişdir. Onun satiralarında feodal - patriarxal münasibətlərin, faşizmin, mövhumatın və geriliyin ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir.

İbrahim Zakir 1941 - 1945 - ci illərdə Cənubi Azərbaycanda başlamış milli - azadlıq hərəkatında yaxından iştirak etmiş, fədai başçısı olmuşdur.1945 - ci ilin dekabr ayında Azərbaycan Milli Hökuməti qurulduqdan sonra məsul partiya vəzifəsində işləmişdir.1946 - cı ilin dekabrında Azəebaycan Milli Hökuməti şah istibdadı və ağaları tərəfindən qan dəryasında boğulduqdan sonra İbrahim Zakir də minlərlə təqib olunan kimi Sovet Azərbaycanına pənah gətirmuş, ömrünün son 25 ilini Sovet İttifaqında keçirmişdir.Bu dövrdə onun yaradlcılığı forma və məzmun cəhətdən daha da zənginləşmişdir. Həmin illərdə onun "Mənim andım"(1950)," "Zəfər günəşi"(1951),"Mübariz gənclər"(1955),

"Seirlər"(1956)," Savalan xatirəsi"(1961)," Vətən nəğmələri"(1964) və " Məni susdurmayacaq"

(1967) adlı kitabları nəşr edilmiş, mətbuat səhifələrində bir çox şeirləri dərc olunmuşdur.Şair" Mənə nə"," Ara həkimləri",

"Fəryad edirəm"," Novruz bayramı"," Vətən ey vətən"," Azər"," Qürbətdə"," Təbriz","Mən aşiqi -

hürriyyətəm"," Şanlı xalqımız","Zahid və Şair",

"Mənim öz dilim var"," Qardaşlıq köməyi" adlı şeirləri ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Şair ömrünün sonuna qıdər yaradıcılıqdan ayrılmamışdır.

İbrahim Zakir 1971 - ci il oktyabr ayının 27 - də Bakı şəhərində vəfat etmiş və burada dəfn olunmuşdur.

TƏBRİZ

Ay Azər elinin şanlı məskəni,

Şikəstə qəlbimin baharı Təbriz.

Öz şirin canım tək sevirəm səni,

Sənsən ürəyimin damarı, Təbriz!

Səndə ki Səttarxan eylədi qiyam,

Əl - ələ verdilər xalqımız tamam.

Üstündə görüncə milli bir nizam,

Silindi qəlbimin qübarı, Təbriz!

Sonra Şeyx Məhəmməd oldu nümayan,

Onu qorxutmadı nə dar, nə zindan.

Zalımlar üstünə başladı üsyan,

Oldun məzlumların həsarı, Təbriz!

Yatmadı demokrat firqəsi rahət,

O, Azər ayında başladı nəhzət,

Tutdu yer üzünü səndəki şöhrət,

Oldun bütün dillər şüarı, Təbriz!

Səni ki etmişdik zülmdən azad,

Sinəndə xalqımız yaşardı dilşad.

Hanı oğlanların qoyduğu bənyad,

Üstündə at çapar hər yağı, Təbriz!

De görüm, hardadır, Milli hökumət,

Sənə üz veribdir bu qəm,bu möhnət!

Hanı o abadlıq, hanı,o sənət,

Ay, Azər elinin vüqarı, Təbriz!

Neçin üzərində sis var, duman var,

Zalimlər qurduğu bir saziman var.

Anacan qəm çəkmə, bir az zaman var,

Dəyişər fələyin mədarı Təbriz!

Ey mənim izzətim, şökətim, anam,

Qüssəndən qəlbimdə duman var, duman.

Daim fikrim budur alar intiqam,

Son ollam torpağın nəsarı, Təbriz!

And olsun yurdumda uca dağlara,

And olsun açılan al bayraqlara,

Ölsəm də əymərəm baş, alçaqlara,

Sənsən qəhrəmanlar diyarı, Təbriz!

1327 - ci il.(1948)

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment