Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

Qadınlar təbrik edildi, mükafatlandırıldı

Ötən şənbə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində 8 Mart  Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirə qurumun üzvü olan zərif cinsin nümayəndələri, qonaqlar və media təmsilçiləri qatılıblar. Təşkilatın sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə qadınların hər birinə İMC adından bayram təbriklərini yetirib, onlara ana, qurucu insan, cəmiyyətin aktiv üzvü kimi fəaliyyətlərində uğurlar arzulayıb.

Qurum sədrinin birinci müavini, istefada olan polkovnik Firidun İbrahimi bildirib ki, ənənəvi bayram öz yerində. Bu gün qadınlarımıza həm də təşkilatımızın son bir ildə nəzərə çarpacaq dərəcədə aktivləşməsindəki xidmətlərinə görə minnətdarıq.

İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən rəhbəri olduğu qurumun 20 ildən sonra fəaliyyətini bərpa etməsindən sonra gördükləri işlərdən danışıb, bu sahədə fərqlənənlərin hər birinə təşəkkürlərini yetirib.

İMC-nin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb elmləri namizədi Adilə Çernikbulənd çıxışında 8 Martı həm də mübarizə günü kimi xarakterizə edərkən 73 il əvvəl Azərbaycan Demokrat Firqəsinin Ərdəbil komitəsinə daxil olan 3 qadın təşkilatı, onların rəhbərləri və üzvləri barədə dəyərli xatirələri dilə gətirib. Həmin qadınların mühacirət illərində şair, yazıçı, alim, istehsalat qabaqcılı kimi özlərini bir daha təsdiqlədiklərindən danışıb: “ 15 yaşımda Ərdəbildə ilk tədbirdə iştirak etdim. Qadınlar çıxışlarında dedilər ki, 8 Martı hamı bayram kimi qeyd edə bilər. Amma Milli Hökumətimiz qurulub. Bizə silah tutmağı, sərrast atəş açmağı öyrədin ki, qardaşlarımıza kömək edək”.

Tədbirdə həkim Valya Rəhmaniyə, Validə Zöhrabovaya, Azadə Əhədiyə, rabitə işçisi Sevil Puhənə, filologiya elmləri namizədi Pərvanə Məmmədliyə və “dünyaxeber.info” saytının baş redaktoru Dünyaxanım Əliyevaya “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin diplomları təqdim olunub. 7 nəfərə isə İMC-nin yeni üzvlük biletləri verilib.

İMC-nin “Məşəl” ansamblınımn üzvləri, əməkdar artist Ruhəngiz Müsəvinin, müğənni Tahirə Muradovanın şən mahnıları, beynəlxalq müsabiqələr laureatı Həsən Cəbrayılovun (Ahəngi) paradoyiları da xoş ovqat bəxş edib.

Go Back

Comment