Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ FƏDAİSİ QULAMHÜSEYN NASİRİ

AZADLIQ FƏDAİSİ QULAMHÜSEYN NASİRİ

(1906 - 1946)

Qulamhüseyn Nasiri ucaboy, alagöz bir adam idi.Onun zahiri, şəxsi əlamətləri haqqında başlıca olaraq yuxarıdakı cümlə ilə qənaətlənmək, mənəvi keyfiyyəti də əsasən bir neçə sözlə qeyd etmək olar.Nasiri hər cürə ictimai ədalətsizliyin düşməni, heç nədən qorxmayan mübariz, düzgün, tədbirli fərmandeh və gözəl bəşəri xüsusiyyətlərə malik bir insan idi.Lakin onun bir sıra zahiri əlamətləri ilə daxili xüsusiyyətlərini müqayisə etdikdə zahiri adama elə gəlirdi ki,guya Nasirinun şəxsiyyəti biri - digərinə zidd olan keyfiyyətlərin cəmləşməsindən ibarətdir.Çünki o, xoş simalı insan - qaraqabaq və ciddi fərmandeh, təvazökar, amma bacarıqlı və qoçaq, soyuqqanlı, lakin isti ürək və fəal mübariz, zahirdə sakit görünən - əslində isə sakitlik bilməyən tufanlı dəniz kimi idi.O, öz həyatının kiçik bir epizodunu sakitcə, özünü öymədən danışdıqda dinləyicinin dəfələrlə özünü sanki tufanlı hadisələr cərəyanında hiss edərdi.Məsələn, o, 1320 - ci il (1941) şəhrivər hadisələrində Qulamhüseyn Nasirinin göstərdiyi qəhrəmanlıq heç vaxt yaddan çıxmayacaqdır.

Qulamhüseyn Nasiri 1285 - ci şəmsi ilində (1906) Miyana mahalında xırda malik ailəsində anadan olmuşdur.Təhsilini də Miyana və Təbriz şəhərlərində almışdır.Nəhayət, Tehranın hərbi zabitlik məktəbində təhsilə başlayaraq 1316 - cı ildə(1936) həmin məktəbi piyada fənni üzrə qurtaran Nasiri, 3 şəhrivər (avqust ayının 25 - i) hadisəsi baş verənə qədər İran ordusunun cənub bölgələrində, xüsusilə Bəndər Abbasda xidmət etmişdir.

Şəhrivər hadisəsi Nasirini də ayıldır və o şahənşah ordusunun məmləkətin azadlıq və istiqlaliyyətini qorumaq üçün deyil, imperialistlərin ,xüsusilə alman faşistlərinin və ingilislərin əlində, hakim təbəqənin ixtiyarında xalq hərəkatına qarşı bir oyuncaq olduğunu dərindən hiss edir.Xain hökumət heyətinin zəhmətkeş kütləyə qarşı təzyiq və xain siyasətini dərk edən Nasiri hər bir fürsətdən istifadə edib, kəndliləri başa salaraq mümkün qədər onlara çıxış yolunu da izah edirdi.O, öz nizami vəzifəsinin icrasında xəyanətkar rəislərin dediklərini yox, kəndlilərin, əsgərlərin dözülməz vəziyyətini nəzərə alırdı.Nasiri qoşun fərmandehlərinin özbaşınalıqlarına qarşı mübarizə etdiyi üçün dəfələrlə həbsə düşmüşdü.Azadixah əfsərlərin həmişə yanında olmuşdur.

İran zəhmətkeşlərinin Hizbe Tudə İranın rəhbərliyi altında gündən - günə dərinləşib möhkəmlənən mütəşəkkil mübarizəsi, bu mübarizənin şahənşah ordusuna təsiri , Xorasan zabitlərinin üsyanı, Kirman zindanından mübarizənin davam etdirilməsi; bütün bunlar Nasiri üçün də müəyyən mütəşəkkil mübarizə məktəbi oldu.Hizbe Tudə İranın fəaliyyəti, Azərbaycan xalqının inqilabi iradəsi ilə qalib gələn 21 Azər hərəkatının qüdrəti və zindani əfsərlərin mübarizəsi Kirman həbsxanasının qapılarının açılması ilə nəticələndi.Nasiri də başqa əfsərlər kimi zindandan xilas edildi.Kirman əyalətinin məşhur feodalı Əmir İbrahimi Nasirini öz tərəfinə çəkmək istəmiş, ona bir sıra vədlər vermiş, lakin Nasiri öz əqidəsindən və inqilabi fəaliyyətindən əl çəkməmişdir.Nasiri yoldaşları ilə birlikdə Tehrana gəldi.Sonra da özünü Azərbaycan Xalq Qoşunlarına çatdıraraq böyük ruh yüksəkliyi ilə xidmətə başladı.Uzun illərdən bəri xalqa xidmət etməyi və tərəqqinin keşiyində durmağı özünün əsas vəzifəsi hesab edən bir ordunun əfsəri olmaq arzusu ilə yaşayan Nasirinin yaraşıqlı vücudu Azərbaycan Xalq Qoşunlarının şərəfli paltarı ilə bəzəndi.O, Təbrizdə Azərbaycan Demokrat Firqəsinə daxil olmaq istədikdə firqə onu məhəbbət və səmimiyyətlə öz sıralarına qəbul etdi.Beləliklə, Nasirinin həyatında ən ciddi və məsuliyyətli yeni dövr açılmış oldu.Nasiri, Marağa və Miyandoab hissələrində xidmət edərkən gecə - gündüz əsgərlərin hərbi təlimatı ilə məşğul olur, bütün bilik və bacarığını, hərbi və siyasi hazırlığını, azadlıq işinə və xalqa sədaqətini qiymətləndirərək ona mayorluq dərəcəsi verdi.Nasiri ADF Marağa briqada komitəsinin üzvü seçilmişdi.

Şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə Nasiri öz taboru ilə Holasuya gedərək Marağa briqadasının başqa hərbi hussələri ilə birlikdə Mayor Əhməd Cövdətlə çiyin - çiyinə düşmənə qarşı qəhrəmanlıqla vuruşdu.

Nasiri Cövdətlə yoldaş idi.Onunla birlikdə Azərbaycana gəlmişdi.O, öz ürək dostu ilə birlikdə, çiyin - çiyinə irtica ordusu qarşısında sinə gərib durdu; vurdu, vuruldu,nəhayət, onunla birlikdə də Tehran cəlladları vasitəsilə güllələndi.

Tufanlar içərisində bərkimiş Qulamhüseyn Nasirinin həyat yolu, xüsusilə onun xalq işinə sədaqəti, mərdlik və qoçaqlığı hamını düşündürən ali keyfiyyətdir.Məhz bu xüsusiyyətlərinə görə Azərbaycan xalqı Qulamhüseyn Nasirinin xatirəsini həmişə əziz tutmuşdur.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment