MAHMUD QAZİ ƏSƏDULLAHİ
(1912 - 1946)
Azərbaycan xalqının azadlıq hərəkatının mərd oğullarının yaşadıqları həyat heç də asan olmamışdır.Onların keçdiyi şanlı 21 Azər hərəkatının ən fədakar iştirakçılarından, Azərbaycan Xalq Qoşunlarının ləyaqətli zabitlərindən biri olan sərhəng (polkovnik)
Mahmud Qazi Əsədullahi də bu mücahidlər sırasında özünəməxsus şərəfli yer tutur.
1325 - ci ilin (1946) Azər ayında şahənşah ordusu amerikalıların təhriki, Məhəmməd Rza şahın xüsusi fərmanı ilə Azərbaycana xaincəsinə basqın etdikdə jandarmaların gülləsi birinci olaraq Mahmud Qazinin sinəsinə dəydi.Çünki o, 21 Azər hərəkatının nailiyyətlərini, Azərbaycan xalqının azadlıq və səadətini onların hücumuna qarşı müdafiə edirdi.Mahmud Qazi öz əsgərlərilə, fədai yoldaşları ilə birlikdə şəhid olarkən"Azərbaycan xalqının tələbləri qanuni, haqlı və ədalətlidir!" cümləsində olan həqiqəti bir daha öz pak qanilə müasir tarixin səhifələrinə yazmış oldu.Sadə kəndli ailəsindən olan Mahmud Qazi öz ləyaqət və bacarığı sayəsində Tehran Hərbi Zabitlik məktəbinə daxil olmuş və oranı əla qiymətlə qurtarmışdır.Mahmud Qazi 10 il İran qoşununda xidmət etmiş, bunun 6 ilini Tehranın Ali Hərbi məktəbində müəllim və tərbiyəçi olmuşdur.O, demokratik quruluşa meyli ilə əlaqədar cavan zabitlər arasında yüksək nüfuz qazanmışdır.
Mahmud Qazinin qoşun içərisində yüksələn nüfuzundan və onun demokratik fikirlərindən qorxuya düşən şah rejimini irticaçı qoşun rəhbərləri tərəfindən 1945 - ci il avqust ayında (1324,şəhrivər) Tehranda həbs edilmişdir.Bağe - şah zindanında saxlanılmışdır.Sentyabr ayında zindandan qaçaraq Azərbaycanda başlanan milli hərəkatın olmasını dərk edərək Azərbaycana gəlmiş, xalqın həqiqi arzuları uğrunda mübarizəyə rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olmuşdur.
Sərhəng Mahmud Qazi 1324 - cü ilin Azər ayından (1945, dekabr ayı) şəhid olduğu günə qədər Azərbaycan Demokrat Firqəsinin, Milli Hökumətin əmr və göstərişlərinin icrasını yerinə yetirmiş və azadlıq düşmənləri ilə vüruşmuş, xalq hərəkatının nailiyyətlərini görmüş, ictimai, siyasi və iqtisadi islahatın həyata keçirilməsi uğrunda ləyaqətlə mübarizə aparmışdır.Sərhəng Mahmud Qazinin, ilk fədai dəstələrinin təşkilində, xalq qoşunlarının yaranmasında, hərəkatın qələbəsində misilsiz xidmətlərini nəzərə alaraq Azərbaycan Demokrat Firqəsi və Milli Məclis onu "21 Azər" medalı ilə təltif etmiş və polkovnik rütbəsi verilməsi haqqında fərman imzalamışdır.
Mahmud Qazi 1946 - cı ilin sentyabr ayında şah və irticanın silahlı dəstələrinə qarşı vuruşan fədailərə kömək üçün Zəncan cəbhəsinə göndərilmişdir.1946 - cı il dekabr ayının 7- də düşmənə qarşı vuruşan zaman həlak olmuş, dekabrın 9 - da Təbriz şəhərində Tubaiyyə qəbiristanlığında dəfn edilmişdir.Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Mahmud Qazinin şəhid olması münasibətilə verdiyi elamiyyədə onun böyük xidmətləri ehtiramla yad edilmişdi.Azərbaycan xalqı da Mahmud Qazinin cənazəsi qarşısında göstərdi ki, o, öz qəhrəman oğullarının, xalq hərəkatı xadimlərinin fədakarlığını yüksək qiymətləndirir.Azərbaycan xalqının haqq və ədalət işində Mahmud Qazi Əsədullahinin şəhid olması münasibətilə bir çox Azərbaycan şəhərlərində, o cümlədən Təbrizdə də matəm günü keçirilmiş və böyük etiraz mitinqi təşkil edilmişdi.Mitinqdə çıxış edənlərdən biri demişdir:"Mahmud Qazi Əsədullahinin xatirəsi unudulmazdır.O, ölməmişdir, həmişəlik yaşamaq məqamına çatmışdır!" Azərbaycan xalqı öz qəhrəman fədailərini heç vaxt unutmayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü