Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

Azərbaycan xalqı əsrlər boyu istilaçılara, zülm və istismara qarşı mübarizə aparmışdır.Bu mübarizələrin yüksək zirvələri olan üsyan və inqilabların hər biri öz dövrünə görə kütlələrin iştirakı və təşəkkül nöqteyi- nəzərindən müəyyən xüsusiyyətlərə malik olmuşdur. Keçmiş hərəkatın davamı və tamamlayıcısı olan 21 Azər nəhzətinin(hərəkatının) xüsusiyyətlərindən biri də təşkilin yüksəkliyi və bu hərəka

tda geniş xalq kütlələrinin iştirakıdır.O zaman torpaqsızlığa, haqsızlığa, bütün təbəqələri məhrumiyyətlərə və milli təhqirə qarşı ayağa qalxan xalq öz qüvvələrini Azərbaycan Demokrat Firqəsinin bayrağı altında birləşdirərək mütəşəkkil surətdə irəliləyirdi.Hərəkat ərəfəsində mübarizə öz ictimai, iqtisadi və siyasi zəminəsi əsasında genişlənir.İştirakçı qüvvələr daxilində olan istedadlar aşkara çıxırdılar. Həmin bu dövrdə aşkara çıxan və xalq hərəkatının yetişdirdiyi istedadlardan biri də şəhid qəhrəmanımız Bəhram Nabi idi.

Bəhram Nabi 1298 - ci idə (1919) Əmirxan kişinin ailəsində Urmu şəhərində anadan olmuşdur.Burada ibtidai təhsil almışdır.O, orta təhsil almağa müvəffəq olsa da bu sahədə bütün arzularına nail ola bilməmişdi.Ona görə də öz təhsilini davam etdirə bilmədikdən şikayətlənər, cavanların istedadını boğan, arzularını puç edən mövcud ictimai quruluşu lənətləyirdi.

Bəhram hələ gənc ikən incəsənətə, xüsusilə teatr işinə böyük həvəs göstərmiş, bu sahədə məktəb qurtarmasına baxmayaraq, bu işdə də öz istedadından lazımi qədər istifadə edə bilməmişdi.Bütün bu məhrumiyyətlərə üstün gəlməyə çalışan Bəhram Nabi hadisələrə açıq gözlə baxır, mübarizə aparır və öz arzularına çatmaq üçün ictimai fəaliyyətdən geri qalmayırdı.

1320 - ci ildən(1941) başlayaraq Bəhram Nabi də hərəkatda fəal surətdə iştirak edir və öz qüvvəsini Azərbaycanın bütün mütərəqqi qüvvələrinin sıralarında birləşdirir.O, özü ilə birlikdə bu hərəkatın sıralarına sağlam düşüncə, ağıllı hərəkət etmək, cavanlıq şövqü, cəsarət və fəallıq gətirmişdi.

Bəhram Nabi 1322 - ci ildə(1943) əvvəl İran Xalq Partiyasına, sonra Urmu Həmkarlar İttifaqına, 1324 - də(1945) Azərbaycan Demokrat Firqəsinə üzv olmuşdur.Bu təşkilatların sıralarında çalışmış, mübarizə aparmışdır.O, həmişə xalqın tələbat və mənafeyini əsas tutur və bütün çıxışlarında bu fikirləri təbliğ edirdi.

O hələ 1323 - nci ildə(1944) irticanın quduzlaşmasına, imperialistlərin, qara güruhçu qüvvələrin sərhəng(polkovnik) Zəngənənin əli ilə Urmu ətrafında yaratdıqları qüvvələrə qarşı mübarizələrdə öz cəsarət və bacarığını artıq hamının diqqətini cəlb etmişdi.İrtica Urmuda milli zəmində alçaq bir cinayətə əl atmaq istəyirdi.Lakin Hizbe Tudə İranın Urmu təşkilatının sayıqlığı nəticəsində bu iş irticanın istədiyi kimi olmadı.Burada bir çox mübariz partiya üzvləri, o cümlədən Bəhram Nabinin də xidməti olmuşdur.

Bəhram Nabi Azərbaycan Demokrat Firqəsinin sıralarında özünün bütün bilik və enerjisini xalq işinə həsr etmişdir.İstər firqəni 21 Şəhrivər(3 sentyabr) müraciətnaməsinin izahında, istərsə onun ilk hövzələrinin yaranmasında səmərəli fəaliyyət göstərmişdir.Fədai dəstələrinin təşkilində və silahlanmasında , Urmu şəhərinin alınmasında , Zəngənənin başçılıq etdiyi irticanın müqavimətinin sındırılmasında Bəhram Nabinin böyük zəhməti olmuşdur.

21 Azər hərəkatının qələbəsindən sonra Milli Hökumətin quruculuq işlərində, onun islahat tədbirlərinin həyata keçirilməsində var qüvvə ilə çalışmışdır.O, Urmu Həmkarlar İttifaqının sədri seçilir.Bu işdən ləyaqətlə istifadə edən Bəhram Nabi torpaq islahatının həyata keçirilməsində, mədəniyyət ocaqlarının yaradılmasında, incəsənət işlərinin, xüsusilə Urmu teatrının yaranmasında yaxından iştirak etmişdir.

Urmu çoxmillətli həssas bir məntəqədir.Burada azərbaycanlılarla yanaşı, qədim mədəniyyətə malik olan kürdlər, assurilər, yəhudilər və sairə millətlər yaşayırlar.Azərbaycan Demokrat Firqəsinin mütərəqqi qaydaları onlara hörmət və qayğısını əməldə göstərmək sahəsində B.Nabi çox dəqiq və qiymətli xidmətlər etmişdir. Xüsusilə Həmkarlar İttifaqının sədri olmaq, bu xalqların milli adət - ənənələrini sənət və mədəniyyətlərilə yaxşı tanış olduğu üçün onların klub və dərnəklərini, bədii özfəaliyyət təşkilatlarını yaratmaq Bəhram Nabiyə tapşırılmışdı.O, teatr və incəsənət sahəsində etdiyi bilik və təcrübəsindən istifadə edərək "Urmiyə aktyor heyəti" nin yaranmasında, teatr işlərinin nizama düşməsində, hətta bir sıra realist istiqamətli pyeslərin meydana çıxmasında misilsiz xidmətlər göstərmişdir.

Bəhram Nabi Milli Hökumət dövründə özünün istedadını biruzə verərək, hətta bir neçə teatr tamaşasının baş rollarında müvəffəqiyyətlə oynamışdır.Bütün bunlarla yanaşı Bəhram Nabi xalqlar dostluğunun möhkəmlənməsinə, bu dostluğun çiçəklənib maddi qüvvəyə çevrilməsinə xidmət edirdi.Ona bu işdə Məhəmməd Əmin Azadvətən, Danil Yuşi kimi görkəmli qocaman inqilabçılar kömək edirdi.

Bəhram Nabi bacarığına görə Milli Hökumət tərəfindən dəfələrlə təltif edilmişdir.21 Azər hərəkatında iştirak etdiyi üçün Milli Məclis tərəfindən ona "21 Azər" medalı verilmişdir.O, Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan xalqının etimadına layiq olduğu üçün Urmiyə Həmkarlar İttifaqının sədrliyindən əlavə Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir.

Bəhram Nabi 1325 - ci ildə(1946) Amerika və ingilis imperialistləri tərəfindən himayə olunan İran dövlətinin silahlı qüvvələrinin Azərbaycana xaincəsinə hücumu zamanı tutulub öldürülmüşdür.O, tutulanda, ölümlə üz - üzə durduqda belə öz cəsarət və ləyaqəti, xalq işinə olan dərin sədaqətini çox aydın surətdə göstərmişdir.O, həyatının 27 - ci baharında, hələ çox cavan yaşlarında cəlladlar əlində şəhid olmuşdur.

Xalqımızın cəsarətli oğlu, Urmu Həmkarlar İttifaqının sədri, Milli Məclisin nümayəndəsi, teatrşünas şəhid Bəhram Nabinin gözəl keyfiyyətləri cavan nəsil üçün bir həyat məktəbidir.Onun xalq işinə xidmətləri, xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment