Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

BALAŞ AZƏROĞLU ABİZADƏ (1921 - 2011)

BALAŞ AZƏROĞLU ABİZADƏ

(1921 - 2011)

Azərbaycanın Xalq şairi Balaş Azəroğlu Cənubi Azərbaycanda müasir demokratik ədəbiyyatın yaranması və inkişafı sahəsində misilsiz xidmətləri ilə diqqəti cəlb edir.Onun poetik yaradıcılığında Cənubi Azərbaycan fəhlə və kəndlilərinin inqilabi mübarizəsi, ağır həyatı, vüsal həsrəti, arzu - istəyi, sabaha dərin inamı, digər tərəfdən Sovet Azərbaycanında xalqın bəxtiyar həyatı, sülh, əmin - əmanlıq uğrunda mübarizəsi əlvan boyalarla təsvir olunmuşdur.

Balaş Allahbaxış oğlu Abizadə 1921 - ci ildə Bakıda anadan olmuş, orta təhsilini də burada almışdır.Balaş Azəroğlunun bədii ədəbiyyata coşğun həvəsi orta məktəbdə oxuyarkən oyanmışdı.

1938 - ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüyündən Balaş fars ibtidai məktəbində təhsil alır.Gənc Balaş burada ictimai fəaliyyətə başlayır.İran Xalq Partiyasına daxil olur.1943 - cü ildə onu "Azərbaycan zidd faşist cəmiyyəti" nin Ərdəbil vilayəti şöbəsinə sədr seçirlər. Eyni zamanda həmin cəmiyyətin orqanı - "Yumruq" qəzetinin redaktoru olur.

Balaş Azəroğlu 1945 - ci ildə Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olur.O, Azərbaycan Demokrat Firqəsinin Ərdəbil vilayət komitəsinin şöbə müdiri, Ərdəbil vilayət komitəsinin orqanı olan" Cövdət" qəzetinin redaktoru kimi fəaliyyət göstərir.Eyni zamanda 1942 - 1945 - ci illərdə"Şairlər məclisi"nin Ərdəbil şöbəsinə rəhbərlik edir. Şairin ilk "Şeirlər" kitabı (1943) Ərdəbildə, ikinci "Şeirlər" kitabı isə Təbrizfə nəşr olunmuşdur.

Balaş Azəroğlu1946- cı ildə Təbrizdə Milli Hökumət tərəfindən Azərbaycan Dövlət Radio Komitəsinin sədr müavini təyin edilir.Eyni zamanda "Yazıçılar və şairlər cəmiyyətinin" idarə heyətinin üzvü seçilir.1941 - 1946 - cı illərdə o, ictimai fəaliyyət ilə yanaşı yaradıcılığını da davam etdirmiş, şeirləri dövri mətbuatda, "Şairlər məclisi" almanaxında, Milli Hökumətin nəşr etdiyi ana dili dərsliklərində çap olunmuşdur.1946 - cı ildə şair yenidən mühacirət həyatı yaşamışdır.

1947 - 1952 - ci illərdə B.Azəroğlu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır.Eyni zamanda bədii yaradıcılıqla məşğul olur.

Balaş Azəroğlu 1947 - ci ildən etibarən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

O, 1948 - 1953 - cü illərdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin orqanı "Azərbaycan" qəzetində ədəbi - bədii şöbənin müdiri, 1953 - 1959 - cu illərdə isə həmin qəzetin redaktoru olmuşdur.1959 - cu illərdə o , Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini seçilmişdir.

Balaş Azəroğlu İran Xalq Partiyasının və Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, SSRİ - də yaşayan iranlı siyasi mühacirlər cəmiyyətinin Azərbaycan şöbəsinin rəyasət heyətinin üzvü kimi ictimai - siyasi fəaliyyətini davam etdirmişdir.

Şairin Azərbaycan ədəbiyyatının inkişafında da xidmətləri diqqətəlayiqdir.Balaş Azəroğlu Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi olmuşdur.O, ədəbiyyat sahəsində xidmətlərinə görə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülmüşdür.

Xidmətlərinə görə " Şərəf nişanı"," Xalqlar dostluğu","Şöhrət" ordenləri ilə, "21 Azər", "Firdovsi" və digər medallarla, fəxri fərmanlarla təltif edilmişdir .

Şair, ədəbiyyatşünas alim Balaş Azəroğlunun əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub kütləvi tirajla buraxılmışdır.Onun Azərbaycan və rus dillərində 30 - dan artıq əsəri "Səhər şəfəqləri","Elə oğul istəyir vətən"," İtmiş qız haqqında dastan"," Mənim günəşim", "Yarpaqlar töküləndə" və sair nəşr edilmişdir.

Balaş Azəroğlu ədəbiyyatşünas alim kimi klassik A,zərbaycan ədəbiyyatının tədqiqi ilə də məşğul olmuşdur.

Görkəmli şair, ədəbiyyatşünas, Azərbaycanın Xalq şairi Balaş Azəroğlu 24 aprel 2011 - ci ildə Bakıda vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

İNQİLAB ŞAİRİYƏM

Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsərləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə şərab şairiyəm,

Azadlığın carçısı, inqilab şairiyəm.

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam,

Mən ellərin oğluyam, ellər böyütmüş məni,

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni,

Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,

Azadlığın carçısı, inqilab şairiyəm.

Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana.

Bir bahar ətri vardır hər şeirimdə sözümdə,

Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq.

Mənim arxalandığım onlardan daha artıq,

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı, inqilab şairiyəm.

Balaş Azəroğlu

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment