Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ HƏSƏN İMRANİ

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

HƏSƏN İMRANİ

(1900 - 1972)

İmrani Həsən Bağır oğlu 1900 - cu ildə Təbriz şəhərində tacir ailəsində anadan olmuşdur.Atası Məşədi Bağır Təbriz - Qafqaz - Türkiyə arasında ticarətlə məşğul idi.Qafqaza səfəri zamanı İrəvan şəhərinin təbiəti onun xoşuna gəldiyi üçün orada bir bağ və mülk almış,sonralar isə ailəsilə birlikdə İrəvana köçmüşdür.

Həsən İmrani təhsilini İrəvanda almışdır.O da İrəvan - Tiflis arasında ticarətlə məşğul olur. İrəvanda Sovet hökuməti qurulduqdan sonra da 1927 - ci ilədək ticarəti davam etdirir.1927 - ci ildən həm ticarətlə məşğul olur, həm də İran təbəəsi olduğu üçün təqib edilir.Ona görə də 1927 - ci ildə Naxçıvana köçür və orada müha - sib vəzifəsində işləməyə başlayır.İran təbəəsi olduğu üçün 1938 - ci ilin may ayında uzun illər həsrətini çəkdiyi vətəni Təbriz şəhərinə getməyə icazə verilir.Təbrizdə də ticarətlə məşğul olur.Lakin şahlıq üsul - idarəsi onlara mühacir adı verməklə rahat, sakit işləmək və yaşamaq üçün imkan vermir.O hər həftə polis idarəsinə gedib qol çəkməli idi ki, Təbrizdəyəm.Beləliklə, belə olan münasibət və xüsusilə Azərbaycan xalqına edilən milli zülm şahlıq rejiminə qarşı nifrətə çevrildi.

1941 - ci ildə müttəfiq qoşunlarının İrana daxil olması ilə İranda demokratiya üçün şərait yaradıldı.Rza şah qaçdıqdan sonra Təbrizdə yaradılmış "Antifaşist" və " Sovet - İran dostluq cəmiyyəti"nin üzvü olmuşdur.

Bu dövrdə, diktatorluq rejiminin xalqa olan təzyiqi nəticəsində Təbrizin və ümumiyyətlə, Cənubi Azərbaycanın mütərəqqi qüvvələrini birləşdirən bir təşkilat lazım idi.Bu məqsədlə ilk dəfə hizbin Azərbaycan şöbəsi təşkil olundu.Həsən İmrani də həmin şöbənin fəal üzvlərindən biri olmuşdur.Lakin bu təşkilat Azərbaycan xalqının milli muxtariyyətinin təşkili üçün yaramadığına görə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azşrbaycan Demokrat Firqəsi yaradıldı.Həsən İmrani də həmin təşkilatın fəaliyyətində aktiv iştirak edir və milli azadlıq hərəkatının qələbə çalmasında tapşırılan vəzifələri layiqincə yerinə yetirir.Ona görə də "21 Azər" medalı ilə təltif olunur.Milli azadlıq hərəkatı qalib gəldikdən və milli qoşun təşkil edildikdən sonra Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Xalq Qoşunlarının Maliyyə İdarəsinin rəisi olmuşdur.Sonra isə yeni yaradılan fədailər idarəsinə başçı təyin edilmiş Qulam Yəhya Danişyanın təklifi ilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Həsən İmranini Qulam Yəhya yoldaşa müavin təyin edir.Beləliklə,Milli Hökumət dövründə ona tapşırılan vəzifələri bir fəal firqəçi kimi yerinə yetirmişdir.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra başqa məsləkdaşları ilə birlikdə Şimali Azərbaycana mühacirət etmişdir.Firqənin məsləhəti ilə o ailəliklə Gəncə şəhərində yaşamağa və işləməyə başlamışdır.Gəncə şəhərində olduğu müddətdə yerli təşkilatda mühasib işləməklə yanaşı, Azərbaycan Demokrat Firqəsinin Gəncə təşkilatının büro üzvü, maliyyə şöbə müdiri vəzifələrini də icra edir. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin icazəsilə ailəliklə Bakıya köçmüşdür.Bakıda mühasib ixtisası üzrə yerli təşkilatlarda işləmişdir.1967 - ci ildə ADF - nin MK - da maliyyə bölməsində vəzifəyə təyin olunmuşdur.

Həsən İmrani 1972 - ci ildə Bakıda vəfat etmişdir.Onun xidmətləri Azərbaycan xalqının mübarizə tarixində hörmətlə yad ediləcəkdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment