Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ FƏDAİSİ MİR ƏYYUB ŞƏKİBA


AZADLIQ FƏDAİSİ MİR ƏYYUB ŞƏKİBA

(1903 - 1946)

Şanlı 21 hərəkatının görkəmli fədailərindən biri də Mir Əyyub Şəkibadır.1282 - ci Şəmsi ilində ( miladi 1903 - cü il) Astara şəhərində anadan olmuş Mir Əyyub Şəkiba özünün şüurlu həyatını İran xalqlarının azadlıq və istiqlal uğrunda mübarizəsinə həsr etmişdir.O, hələ"Sadiqiyyə" mədrəsəsində oxuduğu və sonralar həmin mədrəsədə dərs verdiyi vaxtlar da xalqla üzvi surətdə bağlı olmuş, səltənət rejiminin törətdiyi faciələrin, cəmiyyətdə bərabərsizliyin səbəblərini öyrənib dərk etməyə çalışmışdır. Mövcud quruluşun ziddiyyətlərindən doğan mübarizə, xalq kütlələrinin bu mübarizədə iştirakı cavan Şəkibanı düşündürür və nəhayət, o da bu mübarizələrin fəal iştirakçılarından biri olur.Xalqın azadlıq və səadətinə xidmət etməyi, xalqın ümumi mənafeyini öz şəxsi arzularından ,hətta şəxsi həyatından üstün tutan Şəkiba inqilabçı yoldaşları ilə birlikdə Gilanda Cəngəlilər hərəkatında iştirak edir.Bu, onun İran xalqlarının azadlığı, məmləkətin müstəqilliyi uğrunda ilkin ciddi mübarizəsi idi.Lakin onun həmin istiqamətdə göstərdiyi fəaliyyət təkcə bununla məhdud olub qalmadı. Gilan hərəkatı məğlub olduqdan sonra başqa inqilabçı yoldaşları kimi Şəkiba da gizli mübarizəyə keçir.Gizli iş Şəkibanın inqilabi mübarizəsinin daha da zənginləşməsinə səbəb olur.O, bütün mövcud məkanlardan , öz təcrübəsindən istifadə edərək başqa yoldaşları ilə birlikdə Rza xan diktatorluğu əleyhinə kəskin mübarizə aparır.

Nəhayət, Şəkiba da Rza xan polisi tərəfindən həbsə alınıb Cənuba sürgün edilir və oradan Tehrana gətirilərək " Qəsr - Qacar" zindanına salınır.

Mir Əyyub Şəkiba 11 il təklifi təmin olunmadan "Qəsr - Qacar"da işgəncə və əzablar içərisində ömür sürmüşdür.Lakin nə zindan, nə işgəncə, nə də məhrumiyyətlər onun azadlıq eşqiylə yanan atəşini söndürə bilmədi.Zindanın boğucu havası, polis məmurlarının işgəncələri onun mətanətinə , əqidə və məsləyinə zərrə də olsun xələl gətirə bilmədi.O, mövcud quruluşa qarşı nə qədər barışmaz idisə, öz məslək dostlarına və siyasi zindanilərə nisbət bir o qədər səmimi və yaxın idi.Özünün təvazökarlığına və inqilabi səbatına görə Şəkiba siması zindanilərin hörmətini qazanmışdı.

Nəhayət, 1320 - ci il (1941) şəhrivər hadisəsi bütün İran azadixahları kimi siyasi dustaqların, o cümlədən Mir Əyyub Şəkibanın da həyatında yeni dövr açdı.Mir Əyyub Şəkiba zindan və sürgünlərin qaranlıq girdabından xilas olub İran xalqlarının sel kimi aşıb - coşan hərəkatı ilə qovuşdu, Hizbe Tudə İranın sıralarına daxil olaraq, yenə də öz inqilabi mübarizəsini davam etdirirdi.

Uzun müddət ayrılıqdan sonra Azərbaycana gələn Mir Əyyub Şəkiba özünün bilik və bacarığını,inqilabi təcrübəsilə xalq hərəkatında, quruculuq işində fəal surətdə iştirak edir.O, Azərbaycan Demokrat Firqəsinin birinci konqresinin (Təbrizdən) nümayəndəsi və həmin qurultayda Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvülüyünə seçilmişdir.O, firqənin təşkilati işlərində, hərəkat ərəfəsində səfərbərlik mərhələsində var qüvvə ilə fəaliyyət göstərir.Nəhayət, 21 Azər hərəkatının qələbəsi ilə siyasi hakimiyyət xalqın əlinə keçir və hərəkata rəhbərlik edən Azərbaycan Demokrat Firqəsi öz məramnaməsində verdiyi vədləri həyata keçirmək üçün imkan əldə etmiş olur.Beləliklə Azərbaycanda savadlanma və maarif hərəkatı başladı.Təlim və tərbiyə sahəsində təcrübəli olan Şəkiba Urmu maarifini idarə etmək vəzifəsinə təyin olur.O, öz vəzifəsini layiqincə yerinə yetirərək Azərbaycan Demokrat Firqəsinin nəzərə aldığı maarif islahatını həyata keçirmək, yeni dərs kursları açmaq və əhalini savadlandlrmaq işində ciddi surətdə çalışır, hər tərəfli təşkilatçılıq işi aparır.İmperializm və şahlıq üsulunun səbəb olduğu savadsızlıq və cəhalətə qarşı mübarizədə Şəkiba da görkəmli xidmətlər edir.Zəhmətkeşlərin hörmət və etimadını qazanmış Mir Əyyub Şəkiba Milli Məclisə nümayəndə seçilir.

Lakin firqə və Milli Hökumətin islahatının, Azərbaycan xalqının azadlığının düşməni olan şah və Amerika imperialistlərinin yardımı ilə, xaincəsinə Azərbaycana soxulduqdan sonra Şəkiba da Urmu şəhərində tutulub yaralanır. Nəhayət, saray quldurları onu asmaqla Azərbaycan xalqının bir daha nifrət qəzəbini özlərinə cəlb edirlər.Başqa mücahidlər kimi Mir Əyyub Şəkiba da canını İran xalqlarının , o cümələdən Azərbaycan xalqının azadlığı uğrunda fəda edib öz adını xalqının qızıl səhifəli hərəkat tarixində görkəmli mübarizlər kimi qeyd etmiş olur.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Milli Məclisin nümayəndəsi, 21 Azər hərəkatının iştirakçısı olan Mir Əyyub Şəkibanın xidmətləri, parlaq xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment