Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin xatirəsi anılıb

Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin xatirəsi anılıb 

Bakı, 24 may, Əsəd Məmmədov, AZƏRTAC

Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin şəhadətinin 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “21 Azər” hərəkatının iştirakçıları, tədqiqatçılar, alimlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə tədbiri açdıqdan sonra F.İbrahimiyə həsr edilən “Qartal ömrü” sənədli filmi nümayiş olunub.

Daha sonra ədalət uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli Firidun İbrahiminin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, F.İbrahimi XX əsr tarixinin görkəmli ziyalısı, hüquqşünas, partiya işini mükəmməl bilən bir şəxsiyyət idi. O, vətəninə bağlı, onun inkişafı üçün çalışan, xalqını sevən bir ailədəndir.

Qeyd edilib ki, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Milli Hökumət zamanında Azərbaycanın baş prokuroru olmuş Firidun İbrahimi hər zaman elmə böyük marağı, dərin zəkası, istedadı ilə seçilib. Tehranda təhsil aldığı dövrdə o, hüquq elminin bütün əsaslarını mənimsəyib. Qazandığı biliklər Milli Hökumətin bütün qərarlarının və qanunlarının hazırlanmasına böyük rol oynayıb.

Məruzədə ana dilindən başqa fars, fransız və ərəb dillərini də mükəmməl bilən Firidun İbrahiminin müxtəlif mətbuat orqanlarındakı fəaliyyətindən də ətraflı bəhs edilib. Qeyd olunub ki, o, “Ajir” qəzeti təsis olunduqdan sonra bu nəşrlə əməkdaşlığa başlayıb və redaksiya heyətinin üzvü seçilib.

Firidun İbrahiminin Təbrizdəki fəaliyyətinə də nəzər salan məruzəçi bildirib ki, o, kəndli-mülkədar münasibətlərində və digər məsələlərdə qanunazidd halların qarşısının alınmasında mühüm xidmətlər göstərib. Paris Sülh Konfransında iştirak edən Firidun İbrahimi Azərbaycan Milli Hökumətini beynəlxalq arenada təmsil edən ilk şəxs olub.

Azərbaycan Milli Hökumətinin süquta uğradılması prosesindən danışan Əkrəm Rəhimli qeyd edib ki, belə bir çətin vəziyyətdə xalqa müraciət edən Firidun İbrahimi qısa zaman ərzində 10 minə yaxın könüllünü ətrafında birləşdirə bilib. Lakin bu 10 min silahsız insan Tehrana gələn qoşunlara qarşı mübarizə apara bilməzdi. Beləliklə, F.İbrahimi həbs olunaraq edam edilir. Edamdan iki gün əvvəl Firidun İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istəyib. Firidun İbrahimi edam olduğu gün həmin libasda Təbrizin Səttarxan xiyabanına, “Gülüstan” bağının qarşısındakı meydana gətirilib. Edam olunan zaman onun son sözləri bu olub: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin idarə heyətinin üzvü, tibb elmləri namizədi Ədilə Çernikbulənd Firidun İbrahimi ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, o, Azərbaycan Demokrat Cavanlar Təşkilatının 1946-cı ildə Təbrizdə keçirilən birinci qurultayında iştirak edib. Firidun İbrahimini də ilk dəfə məhz həmin tədbirdə görüb. O, qurultayda qısa çıxış etsə də səsləndirdiyi fikirlər böyük maraqla və alqışlarla qarşılandı. “Çox təəssüf ki, bu, birinci və sonuncu görüşümüz oldu. Amma əbədi xatirə kimi yaddaşımda qaldı”, - deyə Ə.Çernikbulənd qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin edilən F.İbrahimi məsələlərə obyektiv yanaşması, qanunu, ədaləti üstün tutması, haqqı tapdananların yanında olması ilə dərin rəğbət qazanmışdı.

Tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin və Azərbaycan Demokrat Firqəsinin təsis etdiyi şərəf diplomu İbrahimilər ailəsinin üzvü Firidun İbrahimiyə təqdim edilib.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək Firidun İbrahiminin fədakar fəaliyyətindən, vətənpərvərliyindən danışıb. O, Firidun İbrahiminin “Dədə Qorqud” Milli Fondu tərəfindən “Dədə Qorqud və vətən övladı” ordeni ilə təltif olunduğunu qeyd edib. Orden İbrahimilər ailəsinin üzvü Firidun İbrahimiyə təqdim olunub.

Tədbirdə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan Milli Hökumətinin fəaliyyətindən, onun ideyalarının reallaşması uğrunda gedən mübarizədən söhbət açıb. O, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin Firidun İbrahimi kimi şəxsiyyətlərin keçdikləri şərəfli ömür yolunun öyrənilməsi və təbliğindəki rolunu qeyd edib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Milli Hökumətinin tarixində böyük iz qoyan Firidun İbrahimi sonrakı nəsillər üçün əsl şəhidlik nümunəsi yaradıb. Ona görə də bu cür şəxsiyyətlərin fəaliyyətləri dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Digər çıxış edənlər də Firidun İbrahiminin həyatından, Azərbaycanın azadlığı uğrundakı mübarizə yolunda göstərdiyi fədakarlıqdan danışıblar.

Tədbir çərçivəsində iştirakçılara görkəmli inqilabçının, ictimai-siyasi xadimin, diplomatın, jurnalistin, publisistin 1946-cı ildə Təbrizdə buraxılan, lakin indiyədək Azərbaycan oxucusuna məlum olmayan “Azərbaycanın qədim tarixindən” kitabının ərəb və latın qrafikalarında yeni nəşri paylanılıb. Bundan başqa, iştirakçılar “Mühacir” və “Azərbaycan” (ərəb əlifbası ilə) qəzetlərinin F.İbrahimiyə həsr edilmiş yeni nömrəsi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

 

Go Back

Comment