Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ CƏFƏR SOLTANİ AZAD

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN

SƏRHƏNGİ CƏFƏR SOLTANİ AZAD

(1917 - 1947)

Cəfər Siltani Azadın öz məslək yoldaşlarına dəqiq və həssas yanaşması, onlara bəslədiyi incə, təsirli və qayğılı münasibət onun dostlarının yadından heç vaxt çıxmaz.Soltani Azadın nə tək yaxın dostları, hətta onunla bir neçə dəfə təsadüf edən adamlarda bu gözəl insani xüsusiyyətləri dərhal hiss edər və onların məftunu olardılar.İnsan ləyaqətinə, insanlara olduğu kimi yüksək qiymət vermək, onların şərəf və hüququnu hər bir təcavüzə qarşı müdafiə etmək, ictimai mənafeyini xüsusi mənafedən üstün tutmaq, dostluq və yoldaşlıq münasibətlərini sözün tam mənasında riayət etmək onun adaamlara yanaşmasında təyinedici cəhətlər idi.

Cəfər Hacı Sultan oğlu Sultani Azad 1296 - cı ildə (miladi 1917) Tehran şəhərində , vaxtilə Qarabağdan köçüb gəlmiş ziyalı bir ailədə anadan olmuşdur.O, ibtidai və orta məktəbi bitirmiş, hərbi əfsərlik (zabitlik) məktəbini də həmin şəhərdə qurtarmışdır.İran ordusunun müxtəlif hissələrində xidmət etmişdir.Bir çox hallarda onun əsas fərdi xüsusiyyətləri ilə uyğun gəlməyən bu iş Sultani Azadı düşündürür və nəhayət, o dövlət hakimiyyətini başqalarına təhmil etmək işində şüursuz icraçı alət olmaqdan uzaqlaşmalı olur.O, bu yolda, mübarizələrdən keçmiş və öz taleyini İran zəhmətkeşlərinin taleyi ilə həmişəlik bağlaya bilmişdir.

1322 - ci ildə (1943) Hizbe Tudə İranın sıralarına daxil olmaqla Soltani Azadın həyatında ən məsul və ən mənalı bir dövr başlanmış olur.Mütəşəkkil mübarizəyə qoşulmaq, gündən - günə daha da qüdrətlənməkdə olan milli azadlıq hərəkatına xidmət etmək Sultani Azada qol - qanad , onun bilik və bacarığına yeni ilham verir.Marksist - Leninçi fəlsəfənin əsasları ilə, siyasi - iqtisad elmilə, Hizbe Tudə İranın bu sahələrdə nəşr etdiyi bir çox kitab və broşuralarla tanış olmaq, onları öyrənib mənimsəmək, onun məlumatını dərinləşdirir, məntiqinə isə iti silah kəsəri, hər tərəfli təsir və nüfuz qüdrəti bağışlayır.1324 -nci ildə (1945) şahənşah ordusu baş qərargahı ikinci rükni öz fəaliyyətilə mövcud quruluş əleyhinə şübhə doğuran əfsərləri tutmaq istədikdə Sultani Azad da Sənəndəc şəhərində tutularaq nəzarət altında Tehran həbsxanasına göndərildi.O, bir tərəfdən həbsxanaya təsadüfi gələn adamları ifşa edir, digər tərəfdən əhval - ruhiyyəsi zəifləmiş adamlara ürək verir.Onları məhdudiyyətlərə qarşı mübarizəyə çağırır. Vətənimizin öz ictimai - siyasi və iqtisadi zəminində Azərbaycan xalqının inqilabi əzmi ilə qələbə çalan 21 Azər hərəkatından sonra məhbus əfsərlərin azadlıq uğrunda mübarizəsi yeni vüsət kəsb edir.Bu zaman Sultani Azad məhbusları aclıq elanı verməyə çağırır.O, yoldaşları ilə birlikdə bu işi təşkil edir və nəticədə Qəvam hökuməti 27 nəfəri zindandan çlxarıb Kirmanda sürgün halında saxlamağa icazə verməli olur.O, Kirmanda öz fəaliyyətini davam etdirərək başqa yoldaşlarının, xüsusilə Kirmanın cavanlarının köməyi ilə Yəzd şəhərinin Tudə partiyası təşkilatı vasitəsilə " Hizbe - İman" adlanan mütərəqqi məramnamə və nizamnaməyə malik təşkilatın yaranmasına çalışır.Bu təşkilat yaranır və sonra da Tudə partiyası ilə birləşir.Nəhayət, Qəvam hökuməti sürgün olunmuş əfsərləri cənubun daha pis ab - havalı yerlərinə göndərmək üçün əmr verdi.Bu zaman Sultani Azad yaxın dostu Əhməd Cövdətlə birlikdə bu xəbəri nümayəndə olaraq hərbi vəzir Sepəhbud Əmir Əhmədiyə və "Rəhbər"," İran ma"," Ettelat" və " Keyhan" ruznamələrinin nümayəndələri ilə birlikdə mətbuat vasitəsi ilə bütün xalqa və eləcə də baş nazir Əhməd Qəvama da çatdıra bildi.Nəhayət, Tehrana gəldikdən sonra şah ordusunun pul , məqam, dərəcə və təltifləri Sultan Azadı aldada bilmir.O, İran xalqlarının azadlıq və istiqlalı uğrunda silah götürüb vuruşacağını qət etmişdi.Sultani Azad Azərbaycan Xalq Qişunlarında xidmət etməyə nail olmaqla belə bir arzusuna çatdı.O, Azərbaycan qoşunlarının sərhənglik dərəcəsini alarkən Marağa briqadasınınnəfsərləri və əsgərləri qarşısında belə demişdir:"Mən, biganələr nümayəndəsi olan şah əlindən aldığım dərəcələri atıb, qəhrəman Azərbaycan xalqının azad əli ilə təşkil olunmuş xalq qoşunlarının şərəfli dərəcəsini qəbul etməklə şadam! Mən yenə də var qüvvəmi İran azadlığı uğrunda sərf edəcəyəm!"  Sultani Azad firqə kütləsinin etimadı nəticəsində Azərbaycan Demokrat Firqəsinin Marağa briqada komitəsinin üzvü seçilmişdir.O, bütün bilik və bacarığını əsgərlərin siyasi təlimatının, döyüş bacarığının yüksəlməsinə, firqənin nüfuz və hörmətinin artmasına sərf etmişdir.

Sultani Azad xalq işinə sədaqəti və hərbi ləyaqəti sayəsində Xalq Qoşunlarının Miyandoabın fərmandehi, sonra isə Marağada fərmandeh müavini olmuşdur.

Məhəmməd Rza şahın bilavasitə başçılığı ilə Amerika silahı ilə təcavüz edilmiş şahənşah ordusu vətənimizə - Azərbaycan xalqının bir il içərisində əldə etdiyi nailiyyətlərə qarşı xaincəsinə basqın etdikdə Soltani Azad da öz dostu Əhməd Cövdətlə birlikdə Holasu cəbhəsundə vuruşurdu.Dekabr ayının 4 - dən başlanan döyüşlərdə Sultani Azad da öz əsgərləri ilə birlikdə baş səngərdə cəsarətlə vuruşur və şah ordusunun ağır silahlar və təyyarələrlə himayət olunan hücumlarını məharətlə rədd edirdi.Nəhayət, müqavimət əmri verildikdən sonra o da şahın cəza dəstələri tərəfindən tutulur və başqa 26 əfsərlə birlikdə, şahın əmri ilə Təbrizdə güllələnir.

Xalqının azadlıq və səadəti uğrunda şəhid olan Cəfər Sultani Azadın mübarizə yolu, sədaqəti, gənc nəsil üçün həyat nümunəsi olacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment