Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Aprelin 28-də İranlı Mühacirlər Cəmiyyətində anım tədbiri

Aprelin 28-də İranlı Mühacirlər Cəmiyyətində anım tədbiri keçiriləcək Görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Ərdəbilidən söhbət açılacaq

Aprelin 28-də “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin üzvləri  görkəmli ictimai-siyasi xadim, təhqiqatçı, jurnalist Lütvəli Ərdəbilinin xatirəsini anacaqlar. Bu məqsədlə İMC-də düzənlənəcək tədbirdə onun mübarizə yoldaşları, alimlər, təhqiqatçılar, yaxınları və doğmaları iştirak edəcəklər.

Lütvəli Əli oğlu Ərdəbili 82 il ömür sürüb. Şərəfli həyat yolu ilə onu tanıyanların hər birinin qəlbində dərin iz buraxıb.

L. ərdəbili 1927-ci ildə Ərdəbil vilayətinin Yunçu mahalının Sığırlı kəndində əkinçi ailəsində anadan olub. 1941-ci ilə qədər doğma yurdunda yaşayıb və ibtidai təhsilini orada alıb. Sonra Tehrana gedib. 3 il dəmir yolunda fəhlə işləyib. O vaxtdan ömrünü irtica ilə mübarizəyə həsr etməyə başlayıb. Kəndli hərəkatına qoşulub. Azərbaycan Demokrat Firqəsi yarandıqda birincilər sırasında bu siyasi quruma üzv yazılıb.

L. Ərdəbili vilayət cavanlar təşkilatının fəal üzvlərindən biri sayılırdı. Coşqun enerjili gənc üçün vətənin və insanların azadlığından qeyri bir məqsəd yox idi. Cavanlar təşkilatının fəal üzvü dəfələrlə təqiblərə məruz qalsa da haqq yolundan heç vaxt geri çəkilmədi. Milli Hökumətin qurulmasına fəal xidmətini göstərdi. Gənc Lütvəli də inqilabın minlərlə insana verdiyi böyük hüquqlardan, bəxş etdiyi sevinclərdən güc alırdı. Buna görə də “21 Azər” Hərəkatının müvəqqəti geri çəkilməsi onu heç vaxt ruhdan salmadı. Bütün həyatını həmin inqilabın rəhbəri və ilham mənbəyi sayılan Azərbaycan Demokrat Firqəsinin öz şərəfli missiyasını davam etdirməsinə layiqli töhfələrini verdi. Təşkilat rəhbərliyi bütün bunları nəzərə alaraq L. Ərdəbilinin bacarıq və istedadından daha geniş faydalanmaq üçün onu 1954-cü ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərdi. Bunadək Bakının və Sumqayıtın bir sıra müəssisələrində dülgər, dəmirçi və çilingər işləyən gənc istehsalat qabaqcılı kimi nüfuz qazanmışdı.

Lütvəli müəllimin-ali təhsilli partiya işçisinin təşkilatçılıq bacarığından ADF MK həyatının sonunadək geniş istifadə etdi. Bərdə, Sumqayıt, Şəki, Quba təşkilatlarının sədri vəzifələrində işlədi. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü oldu. MK-nın Mərkəzi Təftiş Komissiyasının sədri, kadr və təşkilat şöbələrinin müdiri, siyasi heyətin üzvü seçilən L. Ərdəbilinin  firqənin qurultaylarından birində təşkilatın ikinci katibi vəzifəsinə irəli çəkilməsi onun bilik və bacarığına verilən qiymətlərin əyani təcəssümü idi. Uzun müddət İranlı Mühacirlər Cəmiyyətinə rəhbərlik etdi.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspirantının “21 Azər” Hərəkatı ilə bağlı zəngin araşdırmaları bu gün də həmin dövrü öyrənənlər üçün qiymətli elmi mənbələrdir. Təhqiqatçının gərgin axtarışlarının nəticələri sayılan “21 Azər və fədailər” kitabı, “Azərbaycan xalqının azadlığı yolunda mübarizlər” albomu, 60-dan çox məqalə şanlı salnaməmizə işıq saçmaqdadır.

Azərbaycan İstiqlal Muzeyində formalaşan və həmin dövrdən bəhs edən guşələr, stendlər L.Ərdəbilidən nəsillərə yadigardır.

O, 2009-cu il aprelin 26-da uzun sürən  xəstəlidən sonra əbədiyyətə qovuşub. Lakin könüllərdə xoş izi, xatirələri qalıb.

 

   

 

Go Back

Comment