Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

12 Şəhrivər Bəyannaməsinin ildönümü qeyd edildi

12 Şəhrivər Bəyannaməsinin ildönümü qeyd edildi

Toplantıda görkəmli ictimai-siyasi xadim Firidun İbrahimi ilə bağlı beynəlxalq müsabiqəyə start verildi

Sentyabrın 1-də İranlı Mühacirlər Cəmiyyətinin akt zalında 12 Şəhrivər Bəyannaməsinin 73-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Azərbaycan Demokrat Firqəsinin, İMC-nin, eləcə də, bir sıra ictimai təşkilatların nümayəndələrinin, xarici ölkələrdən gələn qonaqların və media təmsilçilərinin iştirak etdikləri yığıncaqda ən əvvəl 1945-ci il sentyabrın 3-də Təbrizdə qəbul olunan həmin sənədin 12 bəndi onların nəzərinə çatdırılıb. Bildirilib ki, dövrünün 47nəfər nüfuzlu ictimai –siyasi xadiminin, vətənpərvərin imzaladığı həmin sənəd mahiyyətcə 2 gün sonra “Azərbaycan” qəzetinin təsisinə, xalqı “21 Azər” Hərəkatının qələbəsinə qovuşduran Azərbaycan Demokrat Firqəsinin yaradılmasına (7 sentyabr) aparan proqram sənəd kimi misilsiz əhəmiyyətə malikdir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin mərasimdə həmin sənədin yaranma tarixinə, səbəblərinə, maddələrdə ifadəsini tapan fikirlərə, 1945-ci ilin dekabrın 12-də Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Milli Hökumətin bunların real həyatda təcəssümünü tapması üçün gördüyü işlərə dair məruzəsində bunlar barədə barədə ətraflı söhbət açılıb. Natiq sənədi indinin özündə də aktuallığını saxlayan, misli-bərabəri olmayan proqram adlandırıb. Eyni zamanda qeyd edib ki, dövrün salnaməsi olan “Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə Təbrizdə çıxan saylarının bütün 4 cildinin nəşri (ikisi işıq üzü görüb) hərəkata qara yaxanlara əyani cavab vermək üçün əlimizdə sanballı vasitə olacaqdır.

Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb elmləri namizədi, İMC İdarə Heyətinin üzvü Adilə Çernikbulənd 14 yaşından iştirakçısı olduğu proseslər və hadisələr barədə misallar çəkməklə 12 Şəhrivər Bəyannaməsinin həyatiliyini əsaslandırıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Dasi də canlı şahid kimi çıxışında o illərin mənzərəsini yaradıb.

Məhəmməd Nizamoğlu təmsilçi olduğu İran Xalq Partiyasının tədbir iştirakçılarına təbriklərini yetirib: “12 Şəhrivər bütün xalqların mənafeyinə cavab verən misilsiz sənəd olduğundan Azərbaycan Demokrat Firqəsi yaradılanda İran Xalq Partiyasının Təbriz təşkilatının üzvləri də ona dəstək üçün bütövlükdə ADF sıralarına qoşuldular. Birgə demokratik hakimiyyət qurdular, birgə sevindilər, birgə də şəhadətdən çəkinmədilər”.

İranlı Mühacirlər Cəmiyyəti Yazıçılar Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümid ürək sözlərini “Qayıdacağıq biz” şeiri ilə bitirdi.

Fədai övladlarından ekspert, “Tərəqqi” medallı İndira Şəmsivari isə ata-baba yoluna sədaqətin amalı olduğunu dilə gətirdi.

Tədbirin ikinci hissəsində bildirdi ki, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi bu il noyabrın 21-də görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, jurnalist, publisist, təhqiqatçı, ADF-nin və “21 Azər” Hərəkatının ünlü simalarından biri, Milli Hökumətin Baş Prokuroru, şəhid Firidun İbrahiminin anadan olmasının 100 illiyini qeyd edəcək. Rəhim Hüseynzadə dedi ki, bu məqsədlə ADF MK və onun sədri olduğu İMC beynəlxalq müsabiqə keçirməyi qərara alıblar. Müsabiqəyə sentyabrın 1-dən start verildiyini, Azərbaycan, fars, rus, ingilis dillərində olacağını deyən qurum sədri hər bir şəxsi aktiv iştiraka səsləyib.

Azər Sarıyev isə jurnalist həmkarları adından təşəbbüsü təqdir edib və vurğulayıb ki, belə bir tədbir tariximizin az öyrənilən, ictimaiyyətə kifayət qədər təbliğ olunmayan səhifələrinin tədqiqi baxımından əhəmiyyətə malikdir.

Müsabiqə elanı ilə adfmk.com saytında tanış olmaq mümükündür.

 

Go Back

Comment