Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ (QÖVSİ)

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ

(QÖVSİ)

Məhəmmədəli Əkbər oğlu Fərzanə 1923 - cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olmuşdur.Atası Təbrizin köklü nəslindən, anası isə Qaradağda yaşayan Çobanilər tayfasından olub.M.Fərzanənin atası 1905 - 1911 - ci illəri əhatə edən Məşrutə inqilabının iştirakçılarından idi.İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb.1942 - ci ildə Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini davam etdirmişdir. Onun anası savadsız olsa da , gözəl el ədəbiyyatı bilicisi idi.9 uşağın ilki olan Məhəmmədəli Fərzanənin anasının ona və qardaşına söylədikləri onun düşüncəsində dərin iz qoyur.Təhsilini başa vurduqdan sonra Təbriz kitabxanasında əmək fəaliyyətinə başlayır. Erkən çağlardan poeziyaya maraq göstərir, məşhur şair Qövsi Təbrizinin yaradıcılığı onun diqqətini daha çox çəkir.Hətta özü də " Qövsi" təxəllüsü ilə şeirlər yazır.O illərdə türk millətinin ən böyük abidəsi olan "Dədə Qorqud " dastanlarına həm sovetlərdə , həm də İranda qadağa qoyulmuşdu.Əsərlə tanış olduqdan sonra Avropa, Türkiyə və Azərbaycanda " Dədə Qorqud" dastanları haqqında yazılanları, kitabları toplayır, onların üzərində araşdırmalar aparırdı.

Azərbaycan Milli Hökuməti dönəmində (1945 -1946) Təbrizdı nəşr olunan " Azərbaycan" qəzetində Məmmədəli Fərzanə tərəfindən toplanmış" Dədə Qorqud" dastanları, eləcə də bayatıların ilk örnəkləri çap edilir."Təbriz" qəzetində ədəbi - tənqidi əsərləri dərc olunur.

İctimai - siyasi hadisələrin mərkəzində olmuş M.Fərzanə bir müddətdən sonra istintaqa çağrılır.Uzun sorğu - sualdan sonra beş il müddətinə azadlıqdan məhrum edilir.Həbsdən sonra təqribən 1953 - cü ildə Tehrana köçür.

Məmmədəli Fərzanə Tehranda nəşr olunan "Varlıq" dərgisində çap etdirdiyi " Ana dilimiz və milli varlığımız uğrunda xatirələr" silsilə yazılarında o dövrdə türkcə tamaşaların, kitab nəşrinin, dini ayinlərin Azərbaycan türkcəsinin işlənməməsi və məktəblərdə türkcənin yasaq olunmasından geniş bəhs etmiş, Güney Azərbaycan ziyalılarının milli maarif, elm , məktəb uğrunda mübarizələrini əks etdirmişdir.

Məmmədəli Fərzanənin 1964 - cü ildə nəşr edilmiş " Azərbaycan xalq bayatıları" toplusu İrandakı sonuncu inqilabdan sonra hər dəfə yenidən işlənmiş və təkmilləşdirilmiş şəkildə səkkiz dəfə çapdan buraxılmışdır.

Məhəmmədhüseyn Şəhriyarla, Bulud Qaraçorlu Səhəndlə, Səməd Behrəngi ilə yaxından əlaqələr qurur.O, müxtəlif vaxtlarda topladığı folklor nümunələrini " Azərbaycan söz inciləri" üç cildlik kitabını da çapa hazırlamışdır. Məhəmmədəli Fərzanə İranda Azərbaycanın milli - mənəvi dəyərlərinə aid nəşrlər boşluğunu doldurmaq üçün qardaşı Yusif ilə bərabər "Fərzanə" adlı nəşriyyatını açmışdır.Burada o, şovinist şah rejimi tərəfindən faşistcəsinə yandırılmış , yığışdırılmış kitabların nüsxəsini tapıb yenidən çap etdirmişdir.Özünün Milli Hökumət dövründə yazdığı " Ədəbi qiraət" adlı dərslik kitabı , Seyid Cəfər Pişəvərinin məqalə və nitqləri və başqa yazıları çap olmuşdur. Bu günə qədər adı çəkilən nəşriyyatda otuzdan artıq kitab işıq üzü görmüşdür.Fədakar alimin özünün neçə - neçə kitablarının çapa ehtiyacı olduğu halda, digər müəlliflərin kitabların çapını ön plana çəkməsi faktı onun xalqı və milləti qarşısında nəcib və insani bir hərəkətinin nümunəsidir.

Ömrünün son 20 illik yaradıcılığı Tehranda doktor Cavad Heyətin başçılıəı ilə nəşr olunan "Varlıq" dərgisi ilə bağlıdır.

Gərgin fəaliyyətdən səhətində problemlər yaranan M.Fərzanə müalicə üçün bir müddət Almaniyada, sonra İsveçdə yaşamalı olmuşdur.

İsveçdə olarkın Bulud Qaraçorlu Səhəndin "Dədə Qorqud" dastanlarının əsasında yazdığı "Sazımın sözü" poemasını tərtib edərək çapdan buraxmışdır...

Azərbaycanlı yazıçı, , tədqiqatçı , İsveç Krallıq Akademiyasının , İsveç Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü 17 yanvar 2006 - cı ildı İsveçdə vəfat edib, vəsiyyətinə əsasən, Təbrizdə dəfn olunmuşdur.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment