Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 Azər hərəkatının şəhidi ƏHMƏD CÖVDƏT (1911 - 1946)


21 Azər hərəkatının şəhidi ƏHMƏD CÖVDƏT

(1911 - 1946)

1290 - cı şəmsi ilində (1911) Təbriz şəhərində anadan olmuş Əhməd Cövdət ibtidai və orta məktəbləri imtiyazla qurtardıqdan sonra ,

1314 - cü ildə (1935) Tehranın hərbi əfsərlik  (zabitlik) məktəbinə daxil olur.İki il sonra, həmin məktəbi topxana ixtisası üzrə leytenantlıq rütbəsilə qurtaran Cövdət İran ordusunun müxtəlif hissələrində xidmət edərkən oğru və cinayətkar fərmandehlər əleyhinə mübarizə aparmalı olur.Bu iş təzəcə xidmətə başlamış gənc bir zabit üçün olduqca çətin və ciddi surətdə təhlükəli idi. Lakin Cövdətin öz ifadəsilə desək; bəzi qoşun başçılarının cinayətlərilə razılaşmaq şərəfli adamlar üçün bundan daha çox təhlükəki və əlavə alçaqlıq olardı.Bu, Əhməd Cövdətin Rza xan dövrünün özbaşınalıqlarına, o dövrün feodal - burjua quruluşunun rəzalətlərinə qarşı münasibəti idi.Həmin bu münasibət - Rza xan ordusunda adi şəklə düşmüş oğruluq, ədalətsizlik və cinayətlərə qarşı mübarizə, nəhayət, onu da İran zəhmətkeşlərinin mövcud quruluşu dəyişdirib demokratikləşdirmək uğrunda hərəkatilə birləşdirdi.

Hizbe Tudə İranın yaranması ilə bu mübarizə mütəşəkkilləşir, yeni mərhələyə daxil olur.Zülmə, ictimai ədalətsizliklərə ,istismara və faşizmə qarşı mübarizə aparan bütün mütərəqqi qüvvələr hizbin mübarizə bayrağı altında birləşirlər.Əhməd Cövdət də 1323 - cü ildə (1944) Hizbe Tudə İrana daxil olmaqla həyatının daha mənalı yeni dövrünə qədəm qoymuş olur.1324 - cü ildə (1945) Xorasanda azadixah insanların üsyanı baş verdikdən sonra azadlıq hərəkatının qoşuna şərait yaratmasından qorxuya düşən irtica sərləşkər (ordu başçısı) Həsən Ərfəh(İran ordusunun baş qərargah rəisi) vasitəsilə zabitləri və o cümlədən soltan Cövdəti də 1324 - cü il (1945) mordad ayının 29 - da(avqustun 12 - də) Tehranda həbs etdirir.

İstər Tehranda, istərsə də Kerman zindanında ikən Cövdət məhbusların vəziyyətini azadixah mətbuatda əks etdirməkdə, imperialist əməllərini ifşa etməkdə, zindaniləri aclıq elanı verməyə çağırmaqda, Kermanda '"İman" partiyasının təsisində mühüm rol oynamışdır.

Qəvamüssəltənə hökuməti sürgün edilmiş zabitlərini İranın cənubunda məhv etmək istəyirdi.Lakin zabitlərin mübarizəsi xain Qəvamüssəltənənin və başqa rəhbərlərin də fitnələrinə son qoydu.Nəhayıt, gərgin mübarizələrdən sonra Qəvam hökuməti sürgün zabitləri Tehrana aparmaq məcburiyyətində qaldl və beləliklə, onların bir hissəsi Azərbaycan Xalq Qişunlarında xidmət etmək arzularının həyata keçirilməsi üçün imkan yaranmış oldu.Cövdət də Azərbatcan Xalq Qoşunlarında xidmət etməyi hər şeydən üstün tutaraq, İran qoşununun ona verdiyi məqamını, dərəcəsini, geniş maddi imkanlarını rədd edib Azərbaycana gəldi.

Əhməd Cövdət qoçaq və döyüşkən bir zabit idi.O, eyni zamanda bacarıqlı firqə təşkilatçısı, hadisələrə düzgün, qiymət verməyi bacaran ictimai xadim idi.Bütün bunlarla birlikdə o, həddindən artıq təvazökar, yoldaşlarına qarşı mehriban və səmimi idi.

Əhməd Cövdət Marağa briqadasında Azərbaycan Xalq Qoşunlarının ona verdiyi mayorluq dərəcəsini alarkən belə demişdir: "Firqənin bir sadə sərbazıyam, bir tək arzum varsa, o da yalnız azadlıq yolunda mübarizə etməkdir, düşmənlərə qarşı vuruşmaqdır!"  Əlbəttə, bunlar Cövdətin təvazökar təbiətinin ona diqtə etdiyi sözlər idi.Lakin bu təbiətin arxasında dərya kimi coşan enerji, bilik və istedad, xalq işinə xidmət kimi ali məqsəd, partiya imanı və hərbi ləyaqət dayanmışdı. Əhməd Cövdət həmin hərbi ləyaqətinə və xalq hərəkatına sədaqətinə görə Marağa briqada firqə konfransı və briqada fərmandehliyi tərəfindən təşəkkürnamə almışdı.O, Marağa briqada firqə komitəsunin üzvü seçilmişdi.

İran ordusunun ən çox hücum etdiyi, əsgər və ağır silahlar mərkəzləşdirdiyi Holasu məntəqəsində Cövdətin hərbi fəaliyyəti göstərdi ki, o təkcə sadə sərbaz deyil, hərbi əməliyyata başçılıq edə bilən ləyaqətli fərmandehdir.

Cövdət 8 ay fədailərlə birlikdə Holasuda irtica qoşununun qarşısında sinəsini gərib durdu.Düşmənə ağır zərbələr vurdu. Düşmənlərdən əsir götürdü və onun maddi vəsait, silah və hərbi sursatını əlindən almağa müvəffəq oldu.Cövdətin səmimi xidməti, Holasuda göstərdiyi hərbi fəaliyyətləri Qlzılbaş Ordusunun Marağa briqadasının diqqətəlayiq əməliyyatı kimi qiymətlidir.Amerika imperialistlərinin əli ilə idarə olunan şahənşah qoşunu xaincəsinə Azərbaycana basqın etdiyi zaman Cövdət öz hissəsindən bir neçə dəfə artlq qüvvəsi olan irtica qoşunu ilə döş - döşə dayandı.Düşmənin ixtiyarında ağır və yüngül tankları, iki zirehli maşın, uzaq və yaxın vuran toplar, təyyarələri, 8 - 10 piyada taboru, 2 - 3 minə qədər süvari,külli miqdarda atlı dəstələri var idi.Vətənin azadlıq və istiqlalı uğrunda igidliklə vuruşan qəhrəman fədailərin və onların fərmandehlərinin hərbi istedadı , əzmi və qələbəyə olan inamı məhz burada özünü göstərdi.Cövdət əl - ayağını itirmədən, düşmən qüvvəsilə hesablaşmadan son dərəcə ali ruhiyyə və hərbi etirasla vuruşurdu. Azərbaycanın ən yaxşı oğulları içərisində özünə layiq şərəfli yer tutan Əhməd Cövdətin dəyərli xüsusiyyətləri düşmənin qarşısını almaqda böyük rol oynadı.Marağa briqadasının Holasu hissəsi 13 Azərdən 21 Azərə qədər 8 gün tamam ağır bir vəziyyətdə vuruşdu.Son iki günü isə vuruşa - vuruşa müntəzəm surətdə geri oturmağa başladı.

Nəhayət, Əhməd Cövdət də düşmənin xəyanəti nəticəsində tutulub yoldaşları ilə birlikdə güllələndi.O, ölən dəqiqəyə qədər zülmə, irticaya başını əymədi.Amansız güllə qabağında belə irtica mirqəzəblərini təhqir etdi.Azərbaycan xalqının, bütün İran xalqlarının azadlıq və səadəti uğrunda qəhrəmanlıqla vuruşan,şəhid olan Əhməd Cövdətin qatillərini xalq öz inqilabi əzmi ilə milli məhkəmə qarşısında cavab verməyə məcbur edəcəkdir.İran xalqlarının azadlığı yolunda döyüş qəhrəmanları kimi şəhid olmuş Əhməd Cövdətin adı ürəklərdən silinməyəcəkdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment