Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD CAVAD FÜRUĞİ ELYASİ

ŞƏHİD CAVAD FÜRUĞİ ELYASİ

(1920 - 1960)

Əyyub Kələntərinin mübarizə yoldaşlarından biri də Cavad Firuği Elyasi Heydər oğludur. Cavad 1299 - cu ildə (1920)Təbrizdə fəhlə ailəsində anadan olmuşdur. Firuği Elyasi boya - başa çatdıqdan sonra atasına kömək etmək məqsədilə əmək fəaliyyətinə başlamış, ilk vaxtlarda sadə fəhlə kimi işləmişdir.Sonralar isə bənnalıqla məşğul olmuşdur.İranda, o cümlədən Azərbaycanda fəhlələrin ağır vəziyyətdə yaşamalarını o da öz həyatında dərindən hiss etmişdir.Cavad fəhlələrin şiddətli surətdə istismar olunmasını, mövcud quruluşun ədalətsizliklərinə, haqsızlığına qarşı etiraz edən fəhlələrə divan tutulmasını gözü ilə görmüş və belə bir quruluşa qarşı onda dərin narazılıq hissi yaranmışdır.

Rza xan diktatorluğu yıxıldıqdan sonra ölkədə azadlıq hərəkatı genişləndiyi bir dövrdə gənc Cavad da hərəkata qoşulmuş, bu hərəkatın alovları içərisində bərkimiş və mətinləşmişdir.O, fəhlələrin müxtəlif nümayişlərində fəal surətdə iştirak etmişdir.

Təcrübəli azadixahlarla görüşməsi Cavadın dünyagörüşünü dərinləşdirmişdir.Ondakı narazılıq hisləri tədriclə mövcud rejimə qarşı dərin nifrət və qəzəbə çevrilmiş və o qəti surətdə başa düşmüşdür ki, zülm və özbaşınalıqdan xilas olmaq və azad surətdə yaşamaqdan ötrü birgə mübarizə lazımdır.O, Hizbe Tudə İranın , Azərbaycan Demokrat Firqəsinin ləyaqətli üzvü, 21 Azər nəhzətinin (hərəkatının) görkəmli iştirakçısı olmuşdur.

Başqa mübarizə yoldaşları ilə birlikdə Cavad da mübaruzə aparmaq, mövcud quruluşu dəyişdirib demokratik bir quruluş yaratmaq və demokratik hüquqlar uğrunda mübarizəni 28 mordad (19 avqust) hadisələrindən sonra da davam etdirmiş və gizli təşkilatların işində fəaliyyət göstərmişdir.

Nəhayət, Cavad da şahın əmniyyət məmurları tərəfindən tutulmuş, lakin zindanda ona verilən ağır işğgəncələr onun möhkəm iradəsini qıra bilməmişdir.1339 - cu ilin (1960) ordibeheşt ayının 14 - də (4 may) Cavad irtica və imperializm nökərlərinin əliylə Məhəmməd Rza şahın əmrilə Təbriz şəhərində güllələnmişdir.

Azərbaycan xalqı öz qəhrəman oğlunun xidmətlərini heç vaxt unutmayacaq,onun xatirəsi hörmət və məhəbbətlə yad ediləcəkdir.

 

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment