Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

QURBANƏLİ ARYANTAŞ


QURBANƏLİ ARYANTAŞ

(1921 - 1946)

Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda mübarizələrdə şəhid olan qəhrəmanlardan biri də Qurbanəli Aryantaş olmuşdur.O, 1300 - cü ildə (1921) Təbriz şəhərində anadan olmuşdur.Gənc yaşlarından işləyib ailəsinə kömək etmiş, bütün maddi çətinliklərlə bərabər, təhsilə həvəskar olduğu üçün "Ədəb" məktəbində ibtidai təhsilini başa vurmuşdur.O, ucaboy, cəsarətli, yoldaşlarına səmimiyyətlə yanaşan bir gənc idi.Qurbanəlinin ailəsinin onun orta məktəbdə təhsilini davam etdirməyə qüdrəti olmadığına görə o, bir müddət atasına kömək məqsədilə işləməli olur.Öz inkişafı üçün yollar axtaran Qurbanəli maddi vəsait tələb etməyən guruhbanlıq məktəbinə daxil olur və oranı əla qiymətlə qurtardığına görə onu hərbi məktəbə, Tehrana göndərirlər.Qurbanəli Aryantaş 1319 - cu ildə (1940) Tehranda hərbi məktəbə daxil olur və oranı müvəffəqiyyətlə qurtarır.İşlədiyi müddət əsgər və zabitlər arasında böyük hörmət qazanır.

Qurbanəli Aryantaş az sonra Zabul şəhərinə göndərilir.O, Tehranda azadlıq hərəkatının yüksəlməsindən, azadlıq yolunun görkəmli mübarizi İskəndəridən aldığı müsbət təsiri də özü ilə birlikdə aparır.O, bir müddət Zabuldə qaldıqdan sonra ölkənin hər tərəfini bürümüş azadlıq hərəkatının təsiri ilə İranın irtica və imperializm əleyhinə mübarizələrində daha fəal iştirak edir.O, cənub zəhmətkeşlərinin dözülməz vəziyyətini gördükdə, xalqa olan zülmün şahidi olduqda daha cəsarətlə qoşun başçılarını ifşa etməyə çalışır.Ona görə də İran irtica ordusu tərəfindən 1324 - cü ildə (1945) tutulub Kerman həbsxanasına göndərilir.Bu zaman İranın hər tərəfindən Hizbe Tudə üzvləri, mütərəqqi fikirli zabitlər tutulub burada həbs edilmişdilər.

O, həbsdə olan müddətdə mətanətli və cəsarətli hərəkət edirdi.İran hakimiyyətinin və irtica qoşun başçılarının əleyhinə siyasi məhbuslar tərəfindən ifşaedici məktublar və məqalələr yazıldıqda , yaxud aclıq elan edildikdə başqa zabit yoldaşları ilə birlikdə o da bu mübarizədə iştirak edirdi.Qurbanəli müəyyən müsbət fikirlər irəli sürürdü.O, partiya üzvlərinin aclıq elan etdiyi zaman orada başqa yoldaşlar kimi özünün həmrəyliyini bildirərək qeyd edirdi ki,

" mənim həqiqi yoldaşlarım ölümə getsələr də mən onlardan ayrılmaz biriyəm." Qurbənəli Aryantaş Azərbaycan milli hərəkatına da olduqca səmimiyyətlə yanaşırdı.O, Azərbaycanda Milli Hökumət qurulduqda belə deyirdi:" Mən qəlbə və ruha olduqca sevinirəm ki, İranın müəyyən hissəsi imperialistlərin zülm və əsarətindən qurtardı.Biz var qüvvəmizlə bu hərəkata kömək etməliyik.Ta İranın başqa yerləri də imperialistlərin və onların nökərlərinin zülm və əsarətindən qurtarsın."

O, həbsdə olduğu zaman başqa zabit yoldaşları kimi Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəriyə gizli məktub vasitəsilə müraciət edib, milli hərəkata öz səmimiyyətini bildirmişdi.O, həbsdən çıxdıqdan sonra Azərbaycan Milli Qoşununda xidmət etmək üçün Cənubi Azərbaycana gəldi.Azərbaycan xalqı, Azərbaycan Demokrat Firqəsi onun və yoldaşlarının müraciətini səmimiyyətlə qəbul etdikdə o, olduqca şad oldu.

Azərbaycan Xalq Qoşunları Qurbanəli Aryantaşı baş leytenantlıq rütbəsi ilə öz sıralarına qəbul etdi.O, Azərbaycan Xalq Qoşunları sırasında olduğu vaxt Ərdəbil şəhərində xidmıt edirdi və az müddət içərisində fərmandehi olduğu üçüncü bölüyü əlaçı bölük dərəcəsinə çatdırmışdı.O, Azərbaycan Xalq Qoşunlarında xidmət etməyi iftixar edərək deyirdi:" İndi bilirik ki, bu qoşun vətənimizin istiqlalı üçün yaranan qoşundur."

Qurbanəli bir müddətdən sonra Təbriz şəhərinə çağırılıb orada bölük fərmandehi təyin olundu.Şahənşah ordusunun Azərbaycana xaincəsinə basqınında o da İran cəlladları tərəfindən tutulub, güllələndi.

Qurbanəli Aryantaş başqa zabit yoldaşları ilə birlikdə güllələnməyə aparıldıqda Azərbaycan himnini oxuya - oxuya və cəsarətlə ölümü qarşılamışdır.Şəhid Qurbanəli Aryantaş İran xalqlarının istiqlalı uğrunda, xarici imperialistlərin zülmündən qurtarmaq uğrunda möhkəm iradəli bir mübariz nümunəsidir. Azərbaycan xalqı şəhid olmuş mübariz oğlunu heç vaxt unutmayacaqdır.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment