Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Respublikasında yaşayan “İranlı Mühacirlər Cəmiyyəti”

Azərbaycan Respublikasında yaşayan “İranlı Mühacirlər Cəmiyyəti”

Məhsa Əmininin, Hədis Nəcəfinin və digər etriazçıların qətlini pisləyir.

 

2022-ci ilin sentyabrın 22-də Məhsa Əmini-nin dəhşətli öldürülməsi və bəzi etirazçıların ölüm xəbərini eşidən Bakıda yaşayan iranlı mühacirlər “İranlı Mühacirlər Cəmiyyəti”-nin ofisinin iclas zalınada toplaşdılar.

Bu toplantıda İran İslam Respublikası rejiminin təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin vəhşiliyi ilə bağlı xəbərlər iştirakçılar arasında müzakirə edildi. Sonra tədbir iştirakçılarından bəziləri çıxış etdilər.

Birinci çıxışçı dedi:

- İran İslam Respublikasının polis qüvvələri bu günlərdə ölkədə vəhşi vəziyyət yaradıblar. Kürdüstandan ailəsi ilə birlikdə Tehrana gələn 22 yaşlı günahsız mərhum xanım Məhsa Əminini əxlaq polisi tərəfindən saxlanılaraq, mərkəzlərinə aparılıb. Onu vəhşicəsinə döyüblər. 2 gündən sonra, bu qızın cənazəsini ailəsinə təhvil verəndə, yalandan deyiblər ki, bu qız insult keçirib. Həmçinin, bu qəddar qüvvələr bu cinayətə etiraz edən insanlara hücum edərək, etirazçıların bir qismini öldürüblər. Etirazlar Kürdüstan şəhərlərində başlayıb. Sonra Tehran, Şiraz və Təbriz də daxil olmaqla, digər böyük və kiçik şəhərlərdə gənc oğlan və qızlar da həmçinin etirazçılar sırasına qoşulublar. Bunların arasında azərbaycan türkü olan Hədis Nəcəfidə olub, o Kərəc şəhərində polislə baş verən toqquşmalar nəticəsində altı ölümcül güllə yarası alaraq qətlə yetirilmişdir.

 

Təbriz İran tarixində bir çox inqilabların və ictimai hərəkatların başladığı şəhərdir. Səttar xanın hərəkatları, məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvərinin muxtariyyət hərəkatı kimi. Bu etirazların davam etməsi və mübarizə meydanında daha çox insanın olması ilə soydaşlarımızın parlaq gələcəyinə inanmaq olar. İndi insanların çoxu öz siyasi tələblərini səsləndirir, ölkədə köklü siyasi dəyişiklikləri tələb edirlər. İran xalqının bu vəhşiliklərə reaksiyası, xüsusən də Azərbaycan əyalətlərinin sakinlərinin reaksiyası çox sarsıdıcı olacaq. İnsanlar artıq sadəcə danışmırlar, ayağa qalxıblar, meydanda, küçədə etiraz səslərini ucaldaraq, hərəkət edirlər. Görün, qızlar saçlarını necə kəsdirir, yaylıqlarını necə açıb od vururlar. Belə cəsarətli hərəkətlər indiyədək görülməmişdi. İndi qızlar və gənc qadınlar ayağa qalxıb, mübarizə meydanına gələn oğlan və kişilərin öndə gedənləridir. Bütün xəbər agentliklərinin xüsusi diqqəti bu etiraz aksiyalarında qızların və gənc qadınların liderlik etməsinə yönəlib.

 

Növbəti çıxışçı əvvəlki sözləri təsdiqləyərək dedi:

- Keçmiş illərdə İran İslam Respublikasının zalım və mürtəce rejiminə bağlı olanlar tərəfindən ölkəmizin qadınlarına qarşı oxşar və daha dəhşətli cinayətlər edilirdi. Amma biz indiyə qədər belə ümummilli və davamlı etirazların şahidi olmamışıq. Çünki o illərin iqtisadi və sosial çətinlikləri son illərin çətinlikləri qədər böyük deyildi. İndi işsizlik və inflyasiyanın səviyyəsi görünməmiş şəkildə artıb. Bu gün İranda milyonlarla insanlar ailələri üçün minimum insan kimi yaşamağı belə təmin edə bilmir. Bir çox qadın və analar uşaqlarını yedizdirmək üçün zibil qutularında yemək qalıqları axtarmalı olublar. Bir çox evsiz insanlar qəbiristanlıqlarda yatırlar. “ məzarda yatan”, “karobkada yatan”, “maşında yatan”, “dağlarda yükü çiynində daşıyan” və “yanacaq daşıyan” və bu kimi yeni ifadələr milyonlarla İran xalqının İslam Respublikasının diktaturası altındakı ağır həyat şəraitini əks etdirir. Bu kontekstdə və çox çətin iqtisadi və sosial şəraitdədir ki, Mehsa Əmininin və Hədis Nəcəfinin vəhşicəsinə öldürülməsi, əvvəlki cinayətlərlə müqayisədə, bu gün ki, böyük və geniş mıqyaslı etiraz reaksiyasını yaradıb.

 

Növbəti çıxışçı da əvvəlki çıxışları təsdiqləyərək dedi:

- Qeyd edək ki, İranın bütün müxtəlif xalqlarına, etnik və dinlərinə mənsub olan bütün İran sakinləri, o cümlədən farslar, türklər, kürdlər, bəluçlar, ərəblər, şiələr və sünnilər, hamısı İslam Respublikasının qəddar hökuməti tərəfindən sıxılır. Amma hiyləgər “Vilayəti Fəqih” rejimi müxtəlif etnik qruplar və dinlər arasında təfriqə salmağa çox çalışır. Xoşbəxtlikdən Təbrizdəki etirazçıların şüarları göstərdi ki, təbrizli gənc etirazçılar təqdirəlayiq ayıqlıqla bu cür sui-qəsdlərin qarşısını alırlar.

Daha bir neçə çıxışdan sonra iclas başa çatdı.

Bu toplantının təşkilatçıları Azərbaycan Respublikasında yaşayan “İranlı Mühacirlər Cəmiyyəti” adından həyatını itirən Məhsa Əmini, Hədis Nəcəfinin və etiraz hərəkatlarında digər həlak olanlarla bağlı onların ailələrinə və yaxın qohumlarına başsağlığı verir və onların vəhşicəsinə qətlə yetirilməsini pisləyir, həmçinin son günlərdə İranda iştirakçılar günü-gündən artan etiraz aksıyalarını dəstəkləyir və etirazçıların İran İslam Respublikasının diktator və mürtəce hökumətinə qarşı mütərəqqi və azadlıqsevər şüarlarını alqışlayır.

 

“İranlı Mühacirlər Cəmiyyəti”nin sədri,

Firudin İbrahimi

Go Back

Comment