Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

CƏNAB İLHAM ƏLİYEVƏ

SƏSVERMƏ HÜQUQLU İRANLI MÜHACİRLƏR

APRELİN 11-DƏ YALNIZ SİZƏ SƏS VERƏCƏKLƏR

Möhtərəm Cənab Prezident,

Öncə Sizə və ailə üzvlərinizə xalqımızın yaşı qədər ulu, müqəddəs Bahar bayramı münasibəti ilə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin çoxsaylı üzvləri adından təbriklərimizi, ən xoş duyğularımızı yetirir, müstəqil Azərbaycan Respublikasının möhtəşəm inkişafı yolundakı yorulmaz, səmərəli faəliyyətinizdə yeni-yeni parlaq nailiyyətlər arzulayıram!

Əlbəttə yola saldığımız çərşənbələr, gur yanan tonqallar martın iyirmisi ilə yanaşı ilin digər günlərində, aylarında, fəsillərində yaşayacağımız xoş əhval-ruhiyyələrin müjdəçisidirlər. Bu, heç də gəlişi gözəl sözlər yox, uzaq və yaxın keçmişimizə istinadən səslənən real fikirlərdir. Zənnimizcə bunun üçün Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovet dönəminin, xalqın tələbi ilə yenidən müstəqil dövlətimizin sükanı arxasına keçdiyi illərin mənzərəsinə nəzər salmaq, Sizin - Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2003-cü ilin oktyabrından indiyədək şərəfli məramın davamına verdiyiniz müstəsna töhfələri yada salmaq kifayətdir.

Möhtəşəm uğurların həyat və fəaliyyətin bütün sahələrini - siyasəti, iqtisadiyyatı, quruculuq işlərini, elmi, təhsili, səhiyyəni, mədəniyyəti, idmanı və sairəni əhatə etməsi cəmiyyətdə narahatlıq üçün hər hansı əsasın olmadığını göstərməkdədir. Nailiyyətlərdən bu mühitin ayrılmaz hissəsi kimi bizlər də faydalanır, onlara töhfə verməkdən qürur duyuruq.

Möhtərəm Cənab Prezident,

Sadaladıqlarımız respublikaya rəhbərliyin, insanların taleyinin etibarlı əllərdə olduğunu sübuta yetirməkdədir. Milyonların inamını, etibarını qazanmaq isə asan iş deyil, narahat aylar, illər hesabına əldə olunur. Məhz bunlara istinadən tam əminik ki, aprelin 11-də keçiriləcək seçkilərdə günün sonunda Mərkəzi Seçki Komissiyasının belə bir rəsmi bildirişi səslənəcək: “İlham Heydər oğlu Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib”. Xoş xəbər bütün respublika sakinləri kimi bizlərə də hələ bitməyən bayram sevinclərinin davamını yaşadacaq.

Tam əminliklə deyə bilərəm ki, İranlı Mühacirlər Cəmiyyətinin səsvermə hüquqlu üzvləri aprelin 11-də yalnız Sizə səs verəcəklər. Əvvəlki üç seçkidə olduğu kimi yenə seçimimizə sadiq qalacağıq. Təşkilat ətrafında birləşənlər, ona rəğbət bəsləyənlər bilirlər ki, ölkədə hər sahədə vüsət alan islahatların davamı, Qarabağ probleminin həlli, ərazilərimizin işğaldan azad edilməsi kimi qlobal məsələlər Sizin ölkəyə yenidən rəhbərliyinizi zərurətə çevirib.

Nəzərə alsaq ki, aprelin 11-dəki prezident seçkilərində on minlərlə təmsilçimiz də iştirak edəcək, qəti mövqenin nədən qaynaqlandığına aydınlıq gətirilməsi lazım gəlir. Məlumat üçün bildiririk ki, ötən əsrin ikinci yarısında İrandan Azərbaycana dəfələrlə mühacirətlər olub. Kütləvilik baxımıdan isə 1946-cı ilin dekabrındakı mühacirət üstünlük təşkil edir. O zaman "21 Azər" Hərəkatının minlərlə iştirakçısı ailə üzvləri ilə birgə Yaxın Şərq ölkələri ilə yanaşı dili, adət-ənənələri bir Azərbaycana da pənah gətirdilər. Sonradan həyat bu seçimin daha dürüst olduğunu isbatladı. Digər ölkələrdən onlar gəldikləri dövlətə geri qaytarıldılar. Nəticədə cəzalara məruz qaldılar. Azərbaycanda isə doğmalar kimi qarşılandılar, hərtərəfli qayğı ilə əhatə olundular. 1947-ci ilin oktyabrında ölkənin 32 şəhər və bölgəsində kompakt halda yaşayan həmin insanların bir mərkəzdən idarə olunması məqsədilə İranlı Mühacirlər Cəmiyyəti təşkil olundu. Təşkilat 71 ildə nəinki varlığını qoruyub saxladı, özünün fəaliyyəti ilə bütün dövlətlərə nümunə olan mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdı. Yəni həyat sübut etdi ki, 72 il əvvəlin seçimi digərlərinə nisbətdə daha düzgün olub.

Bu qiyməti təsdiqləyəcək kifayət qədər misallar, faktlar var və onların bir neçəsini vurğulamaq yerinə düşərdi. Belə ki, 70 faizi yazıb-oxumağı bacarmayan mühacirlərin sıralarından 1980-ci ilə qədər 200 nəfər elmlər namizədi və doktoru yetişdi, 30 min nəfər ali və orta ixtisas təhsili məktəblərini bitirdi. 3 nəfər Sosialist Əməyi Qəhrəmanı adına, 10 min nəfər orden, medal və döş nişanlarına, fəxri fərmanlara layiq görüldü. 30 min nəfər evlə təmin olundu. Xalq yazıçısı, şairi, artisti, əməkdar müəllim, həkim, jurnalist, mühəndis adları onların ideal mühitdə yaşadıqlarına bələdçilik etdi.

Fərəh hissi ilə demək istərdim ki, dünya mühacirəti fonunda bunlar alternativi olmayan misallardır ki, böyük hissəsi Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmin payına düşür. Belə rəğbətin, məhəbbətin nəticəsi idi ki, Ümummilli Liderimizn yenidən hakimiyyətə qayıdışını biz iranlı mühacirlər xüsusi səbirsizliklə gözləyirdik. Nəticədə bu qayıdış rəhbərin hələ ötən əsrin 70-ci illərində dəfələrlə olduğu inzibati binamızın AXC-nin qoluzorluları tərəfindən tamamilə zəbtinin qarşısını aldı. İranlı Mühacirlər Cəmiyyətinin ləğvi kimi mənfur niyyətlər reallaşa bilmədi. Ulu Öndərimizn səyi və diqqəti sayəsində qanunvericiliyə edilən dəyişikliklər respublikada 5 ildən yuxarı yaşayan və vətəndaşlığı olmayan şəxslərə seçkilərdə iştirak hüququnu qazandırdı. Halbuki bunadək həmin kateqoriyadan olan şəxslər yalnız vətəndaşlıq götürdükdən sonra bu hüquqa malik olurdu.

Hazırda ölkədə elə bir sahə, pillə yoxdur ki, iranlı mühacirlər və övladları orada təmsil olunmasın. Potensiyamızdan geniş istifadə zənnimizcə özümüzü layiqincə doğrultmağımıza verilən qiymətdir. Möhtərəm Prezidentimiz, buna görə Sizə xüsusilə minnətdarıq.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli" layihəsi çərçivəsində İMC-nin Gəncə, Zaqatala, Şamaxı və Bakıda reallaşdırdığı "dəyirmi masa"larda sadaladıqlarımızdan ətraflı söhbət açılıb. Tədbirlərimiz Ulu Öndərin abidələrinin və Fəxri Xiyabandakı məzarının ziyarəti ilə başlandı, Heydər Əliyev Mərkəzlərində davam etdirildi. Təşkilatımızla bağlı faktları ictimailəşdirdik, “Mühacir” qəzetində və kütləvi informasiya vasitələrində bu barədə silsilə yazılar təqdim olundu. Azərbaycan dövlətinə, xalqına və şəxsən Sizə - Prezidentimizə minnətdarlığımızı yetirdik.

Möhtərəm Cənab Prezident,

Aprelin 11-nə sayımlı günlər qalır. Bu seçkidə milyonlarla yanaşı biz iranlı mühacirlər və ailə üzvlərimizin də qazananlar sırasında olacağımız şəksizdir. Qələbəniz isə qarşıdakı 7 ildə də ölkəmizdə əmin-amanlığın, hərtərəfli inkişafın, yeni islahatların, ən başlıcası ərazi bütövlüyümüzün təminatı sayılan Qarabağ zəfərinin qarantı olacaq. Xahiş edirik ki, bütün bunları çoxminli iranlı mühacirlərimizin və ailə üzvlərinin öncədən təbrikləri, səmimi mövqeləri kimi qəbul edəsiniz.


 

Səmimi hörmətlə,

Rəhim Hüseynzadə,

“İranlı Mühacirlər Cəmiyyəti”

İctimai Birliyinin sədri,

Azərbaycanın əməkdar jurnalisti

 

Go Back

Comment